AZ

Türk tayfaları tərəfindən yurd edilən Qaraçöp mahalı

Tbilisi, 11 iyun, AZƏRTAC

Gürcüstanda azərbaycanlıların daha çox yaşadıqları ərazilərdən biri də Qaraçöpdür. Qaraçöp mahalı Kaxeti bölgəsinin Saqareco Bələdiyyəsinə daxil olan bir ərazidir. Qaraçöpün əsrlər əvvəl türk boyları tərəfindən yurd edildiyi söylənilir. Milli dəyərlər, adət-ənənələrimiz bu torpaqlarda bu gün də yaşadılır.

AZƏRTAC xəbər verir ki, Qaraçöp mahalı səkkiz kəndi Yor-Muğanlı, Düzəyrəm, Ləmbəli, Keşəli, Tüllər, Qazlar, Qarabağlı, Muğanlı, Baldo kəndlərini özündə birləşdirir.

Burada yaşayan əhalinin əsas məşğuliyyət sahələri maldarlıq, qoyunçuluq və ticarətdir. Statistik məlumata əsasən, ölkə üçün xarakterik olan əhalinin azalma tendensiyası Qaraçöp mahalında elə də çox qeydə alınmamışdır. Lakin bu kəndlərdə də problemlər var. Problemlərdən biri də məktəblərlə bağlıdır. Hazırda Qaraçöp mahalında Azərbaycan dilində dörd tam orta məktəb fəaliyyət göstərir və bu məktəblərdə 4 minədək şagird təhsil alır.

Gənclərin asudə vaxtlarının səmərəli keçirmələrinə, təhsilə maraqlarının artırılmasına və inteqrasiyasına köməklik göstərmək məqsədilə Keşəli kəndində yerli müəllimlərin təşəbbüsü ilə “Parlaq gələcək kitab evi” yaradılıb. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində artıq kitab evi həm də Tədris Mərkəzi kimi fəaliyyət göstərir. Mərkəzdə hazırda pulsuz kurslara start verilib.

Mərkəzin direktoru Rafael Süleymanov AZƏRTAC-a müsahibəsində deyib ki, gənclər burada tamamilə təmənnasız kurslarda iştirak etmə imkanı əldə edirlər. Gənclər həftədə üç dəfə olmaqla dörd ay bu kurslarda əlavə təhsil ala, dil öyrənə bilərlər.

Mərkəzdə Azərbaycan dili, gürcü dili, şahmat və saz dərsləri keçirilir. Yaxın vaxtlarda xalçaçılıq sənətinin sirlərini də öyrətmək üçün xüsusi dərnək təşkil olunacaq.

Mərkəzin gürcü dili müəllimi Tea Qurqenidze isə müsahibəsində bildirib ki, Azərbaycan icması üçün regionlar üzrə tədris metodikasının olması vacibdir. Hazırda uşaqların gürcü dilini öyrənməsi üçün mərkəzdə hər bir şərait var.

“Mərkəz bizim uşaqlar üçün bir işıq yoludur. Məktəb şagirdləri bu mərkəzin kitabxanasından çox fəal bəhrələnir, ancaq uşaq ədəbiyyatının az olması ibtidai sinif şagirdlərinin cəlb olunmasına bir qədər təsir göstərir. Bizim Azərbaycan dilində bu kitabların əldə olunmasına böyük ehtiyacımız var”, - deyə ibtidai sinif müəllimi, mərkəzin kitabxanaçısı Durna Mərdanova vurğulayıb.

Jurnalist İsimxan Məmmədov isə bildirib ki, Qaraçöp mahalının ictimai-siyasi xadimləri, yazıçıları və görkəmli şəxsiyyətləri barədə “Qaraçöp. Ensiklopedik toplu” adlı kitab hazırlanıb. Kitab Qaraçöp mahalını tədqiq edən araşdırmaçılar üçün əsl bilik və məlumat mənbəyidir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
1
azertag.az

2Mənbələr