AZ

Yevlax-Zaqatala-Gürcüstan yolunun 78 kilometrlik təmirsiz hissəsi - Şəkidən REPORTAJ

Ölkə əhəmiyyətli yollardan biri sayılan Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun Şəki-Qax və Qax-Zaqatala hissəsi uzun illərdir təmir edilmədiyindən, yararsız vəziyyətə düşüb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, bu vaxta qədər əsaslı təmir olunmayan Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun indiki durumu Şəki, Qax və Zaqatala sakinləri, o cümlədən, bu yoldan istifadə edən digər sürücülər üçün çətinliklər yaradır.
Ötən əsrin ortalarında inşa edilən yolun istismar müddəti bitdiyindən, yolda çalalar əmələ gəlib, yolun yatağı yararsız vəziyyətə düşüb. Yolun nahamarlığına görə bəzən hərəkət istiqamətini dəyişmək məcburiyyətində qalan sürücülər bu zaman qəza riskləri ilə də üzləşirlər. Digər tərəfdən, yolun üzərində olan körpülər də istismar dövrünü çoxdan başa vurub. Sürücülər şikayətlənirlər ki, aidiyyətı qurumlar yolun təmir olunacağını vəd etsələr də, hələ ki dəyişən heç nə yoxdur.
Hər gün bu yolla hərəkət edən sürücü Tərlan Kərimov deyir ki, yolun nahamarlığı avtomobilləri yararsız vəziyyətə salır:
"Yolun Zaqataladan Şəki postuna qədər olan hissəsi bərbad gündədir. Qəza vəziyyəti yaranır, maşınlar sıradan çıxır, təmir işlərini çatdırmaq olmur. Yolun 70-80 kilometrində vəziyyət belədir. Kəndimizdən çıxıb Qaxa, Şəkiyə böyük çətinliklə gedirik".
Stajlı sürücü Samir Xudiyev də haqqında danışılan yolun vəziyyətindən narazıdır:
"İşimlə əlaqədar hər gün bu yoldan istifadə etməli oluram. Maşının müxtəlif detalları tez-tez sıradan çıxır, ehtiyat hissələrinı tez-tez dəyişmək isə böyük xərc tələb edir. Yolun, əsasən, Şəkidən Zaqatalaya qədər olan hissəsi pis vəziyyətdədir. İyirmi ildir bu çətinliklə üz-üzəyik. Əsas istəyimiz bu yolun tezliklə təmir olunmasıdır".
Bəhs olunan yolun əsaslı təmiri ilə bağlı "Report"un yerli bürosuna açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, həmin yolun yenidən qurulması nəzərdə tutulub:
"Bilirsiniz ki, ölkə və yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması regionların sosial iqtisadi-inkişaf proqramı çərçivəsində öz həllini tapır. Bu proqram çərçivəsində də Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsi, o cümlədən də Xaldan-Şəki hissəsinin yenidən qurulması müxtəlif illər ərzində icra olunub.
2018-ci ildə magistralın Zaqatala-Balakən-Mazımçay hissəsi əsaslı şəkildə yenidən qurulub. 2021-ci ildə isə Xaldan-Şəki hissəsinin yenidən qurulması Agentlik tərəfindən həyata keçirilərək yekunlaşdırılıb. Yolun Şəki-Balakən hissəsinin yenidən qurulması da nəzərdə tutulub. Bununla bağlı hazırlanan layihə aidiyyəti üzrə təqdim olunub və dövlət proqramına salınıb. Sözügedən hissənin də əsaslı şəkildə yenidən qurulması yaxın gələcəkdə tərəfimizdən təmin olunacaq".
Məlumat üçün bildirək ki, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun ümumi uzunluğu 164 kilometrdir. Yolun 46 km-lik Xaldan-Şəki və 40 km-lik Zaqatala-Balakən-Mazımçay hissəsi yenidən qurulsa da, qalan hissələri uzun illərdir, təmir olunmayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
50
oxu.az

10Mənbələr