AZ

Ermənistanın boyunduruq seçimi

Rusiyanı Fransa, Avropa İttifaqı ilə əvəzləyən rəsmi İrəvanın növbəti ağası kim olacaq?

Ermənistanda son günlərdə baş verənlər «Hər gün bir budağa qonan quşun yuvası olmaz» zərb məsəlinə tam uyğundur. Kanada əsilli erməni Baqrat Qalstanyanın rəhbərlik etdiyi «Vətən naminə Tavuş» hərəkatının Tavuşdan başlanan və İrəvanda genişlənən aksiyaları, kilsə ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında davam edən qarşıdurmalar, xarici ölkələrdən müdaxilələr rəsmi İrəvanın yüksək çinli məmurlarını, səlahiyyətli dairələrini çətin vəziyyətə salıb. İşğalçı ölkədə baş verənlər «Əri döyən arvadı it də qapdı üstəlik» məsəlini xatırladır.

Bəllidir ki, illərdən bəri Rusiyanın forpostu olduğu üçün daxili və xarici siyasətini rəsmi Kremlin «farağat» komandasına uyğun dəyişən Ermənistanın «siyasət kompası» hazırda anti-Rusiya istiqamətinə yönəlib. 2023-cü il fevral ayının 20-dən Avropa İttifaqının (Aİ) Monitorinq Missiyasının 2 il müddətinə Ermənistanda yerləşməsi bu umu- küsünü daha da qəlizləşdirib. İlkin mərhələdə 100 nəfərdən ibarət olan missiya üzvlərinin sonradan 209 nəfərə çatdırılması, diplomatik statusa bərabərləşdirilməsi, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı etirazların səslənməsi, ölkə daxilindəki siyasi, iqtisadi böhranlar, vətəndaş itaətsizliyi… Yəni, bir dövlətin intihar vəziyyətində olduğunu təsdiqləyən bu cür qəliz hadisələr burulğanında konturlarını itirən rəsmi İrəvan labirintdə çabalayır. Faktiki olaraq Rusiya Cənubi Qafqazda bütün məsələlərin region ölkələrinin kollektiv səyləri əsasında, müstəsna olaraq onların maraqlarına uyğun və kənar müdaxilə olmadan həll edilməsinin tərəfdarıdır. Aİ-nin Monitorinq Missiyasının regionda sabitliyin pozulması naminə formalaşdırılması isə qərəzli müdaxilələrin yalnız bir ssenarisidir. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovanın «Biz dəfələrlə Avropa İttifaqı qoyunlarının Ermənistan ərazisində hərbiləşdirilmiş mövcudluğunun qarşıdurma xarakterini şərh etmişik. Düzünü desəm, heç bir yerdə sübut axtarmağa ehtiyac yoxdur - onlar göz qabağındadır. Bu missiyanın anti-Rusiya, anti-Azərbaycan və anti-İran məqsədləri getdikcə daha aydın görünür. Və daha çox, NATO ölkələri ona qoşulmağa başlayanda hər şey aydın oldu, mənə, hamıya belə görünür» sözlərinin əlavə şərhə ehtiyacı yoxdur.

Ermənistanın bu cür üzüdönüklüyündən narazı olan Rusiya ara-sıra etirazlarını bildirsə də, rəsmi qaydada təsiretmə imkanlarını işə salmayıb. Hayastanda baş verənlərin ABŞ-ın maraqlarına uyğun olması isə İrəvan rəsmiləri arasında ikitirəlik yaradıb.

2018-ci ildə hakimiyyətə meydan hərəkatından, ruporun gücü ilə gəldiyi üçün İrəvanın mərkəzi meydanlarında eyni təcrübəni təkrar edən keşiş Baqratın aksiyalardakı çığır-bağırının pərdəarxası məqsədini aydın başa düşən Nikol üçün şəxsi maraqları hər şeydən üstündür. Təcrübəsinə arxayın olan Paşinyan Ermənistanda dövlət çevrilişlərinə imkan verməyəcək. Rusiyadan sonra Tıq-tıq xanım kimi Fransa Prezidenti Emmanuel Makrona «Əlini mənə bəstərəcik!» deyən Ermənistanın baş nazirinin bundan sonra bu dəstəkdən necə faydalanacağı müəmmalıdır. Çünki bu günlərdə Avropa Parlamentinə keçirilən seçkilərin nəticələri Makronun keyfinə soğan doğrayıb. Avropa Parlamentinə seçkilərdə 31,50 faizlə üstünlük qazanan ifrat sağçı «Milli Ralli Partiyası»na böyük fərqlə uduzan Makon siyasi rəzilliklə qarşılaşıb. Avropa Parlamentinə seçkilərdə Makronun məğlubiyyəti başçılıq etdiyi «İntibah» partiyasının cəmi 14.7 faiz səs toplaması ilə birbaşa bağlıdır. Bu göstərici Fransa xalqının Makron bonapartizminə, heç bir əsası olmadan özünü hamıdan yüksəkdə görməsimə və sanki qlobal problemlərdə həlledici statusa malik olmaq görüntüsü yaratmasına münasibəti, Fransa xarici siyasətinin iflasıdır. Siyasi rəzilliyini ört-basdır etmək üçün yollar axtaran Makron Milli Assambleyanın (Fransa parlamentinin aşağı palatası) buraxılması və növbədənkənar seçkilərin keçirilməsi barədə qərar qəbul edib. Bu utancını, xalq arasında itirdiyi nüfuzunu Fransa Milli Assambleyasını buraxmaqla və ölkə ərazisində növbədənkənar ümumi seçkilər keçirmək qərarını qəbul etməklə bildirən Fransa Prezidentinin uğursuzluğu o deməkdir ki, ölkədə demokratiyanı anarxiya ilə əvəzləyən, etiraz aksiyalarının qarşısını polis zorakılığı ilə alan Makron hakimiyyətinin tənəzzülü qapıdadır. Çox guman ki, Fransada 30 iyun və 7 iyul tarixlərində keçiriləcək növbədənkənar seçkilərin nəticələri də Makron üçün uğurlu olmayacaq. Çünki həmin seçkilərdə etimad qazanacaq parlamentarilərin Makronun siyasətinə münasibətləri bəlli deyil. Ermənistana dəstəklə bağlı Senatın qərarları ilə bağlı münasibət bildirmək də tezdir. Bu baxımdan Makronun Ermənistana dəstək məsələsiən Fransada keçiriləcək seçkilərin nəticələrindən asılıdır. Makronçuların Avropa Parlamentində istənilən sayda olmaması da rəsmi Parisin, eyni zamanda, Fransa Prezidentinin qitə dövlətləri arasında tükənən nüfuzunun üzüaşağı yuvarlanan faizidir. Maraqlıdır, Fransadan da əli üzülən Ermənistanın növbəti ağası, dayağı, dəstəkçisi kim olacaq?

Belə bir məqamda keşiş Baqratın getdikcə sayı azalan tərəfdarlarının meydanlarda səsləndirdikləri tələblər də diqqətdən yayınmamalıdır. Hökumətin istefasını gündəmə gətirmək üçün parlamentin müxalifətçi deputatları ilə görüş keçirilməsi, parlamentdən növbədənkənar sessiyanın keçirilməsi barədə qərarın qəbulu, xalqın tələbi əsasında parlamentin növbədənkənar iclasında hazırkı hökumətin istefasını və yeni hökumətin formalaşdırılması ilə bağlı şərtlərinin qəbul olunub olunmayacağı da maraqlı suallar doğurur. Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya prosesinin ilk mərhələsi olan Qazaxın işğal altında olmuş 7 kəndindən 4-nün qaytarılmasından sonra daha da azğınlaşan revanşistlər yaranan vəziyyətdən maksimum istifadəyə çalışırlar.

Ermənistanın sabiq prezidentləri Serjik Sarkisyan - Robert Koçaryan cütlüyünün kreslo uğrunda mübarizələri üçün kilsəyə, keşiş Baqrata arxalanmaları da hələ ki, bir nəticə vermir. Xatırladaq ki, Ermənistanda sülh danışıqları ilə bağlı cüzi işıq ucu görünən kimi süni yolla bir müəmma yaratmaq Ermənistanda sınanmış təcrübədir. 2018-ci ildə küçə yürüşləri ilə insanları arxasınca aparmağı bacaran, sələfi Serjik Sarkisyanı devirən, revanşistlərin təbirincə deyilsə «torpaq satan» Nikola müxalifət güc gələ bilmir. Xankəndidən könüllü köçən ermənilərin emosialı vaxtlarında belə Nikola qarşı «impicment» tələbi belə yatırıldı. Hazırda qərəzli qüvvələr ermənilərin son ümid kimi, «kilsə» variantından istifadə edərək «Baqratyan ssenarisini» hazırlayıblar. Amma unudurlar ki, təcrübənin təkrarlanması üçün zaman və vaxt da hökmünü verməlidir. 2018-ci ildə sadə erməni xalqı korrupsiyalaşmış «Qarabağ klanı»nın rüşvətxorluğuna qarşı ayağa qalxmışdı. O dövrdə Rusiyanın kadrı olan Serjik verdiyi vədləri yerinə yetirmədiyi kimi, seçki saxtakarlığı, iqtisadiyyatın böhran səviyyəsinə düşməsi, əhalinin dilənçi vəziyyətində yaşaması, üstəlik Qərbin Paşinyanı «məxməri inqilab»a hazırlaması Ermənistanda başqa siyasi atmosfer formalaşdırmışdı. Amma hazırkı variantı qəbul etməyən erməni xalqı keşişin baş nazir olması ehtimalını qəbul etmir. Faktiki olaraq «Qarabağ klanı»nın girovuna çevrilən erməni xalqı artıq qan, ölüm xəbərlərini duymaq istəmir. Bu səbəbdən də Baqratın aksiyalarına qoşulanların sayı azalmaqdadır. Amma ermənilərin xəstə təfəkkürlü, başqaları tərəfindən idarə edilən revanşistləri anlamırlar ki, Cənubi Qafqazda sabitlik yaradacaq yeganə qüvvə bölgə dövlətlərinin kəsişən maraqlarıdır.

Xuraman İsmayılqızı, «İki sahil»

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
ikisahil.az

1Mənbələr