AZ

Azərbaycan millisinin üzvü: Çəkilən zəhmətin bəhrəsini gördük

Bakı, 10 iyun, AZƏRTAC

“Azərbaycanın həm kişi, həm də qadın komandası Avropa Kubokunun final mərhələsinə vəsiqə qazandı. Bu, ölkə basketbolu adına sevindirici haldır".

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın kişi basketbolçulardan ibarət 3x3 millisinin üzvü Zaur Paşayev Kosovonun paytaxtı Priştina şəhərində keçirilən Avropa Kubokunun final mərhələsinə vəsiqə qazanmaları barədə danışarkən deyib.

Təcrübəli oyunçu çəkilən zəhmətin bəhrəsini gördüklərini bildirib: “Əvvəlcə Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayevə təşəkkür edirəm. Son illər ölkə basketbolunda dirçəliş var. Bildiyiniz kimi, kişi basketbolçulardan ibarət U-20 komandasına ikinci məşqçi olaraq təyin olunmuşam. Etimada görə minnətdaram. Mənə olan güvəni doğrultmağa çalışacağam".

O, Kiprlə turnirdəki iki matçın çətin keçdiyini söyləyib: "Gərgin iki oyun oldu. Lakin sonda qələbə qazanmaq tam başqa hisslərdir".

Daha əvvəl Azərbaycan millisindəki karyerasını bu ilin noyabrında bitirəcəyini açıqlayan Z.Paşayev klubdakı çıxışını isə davam etdirəcəyini vurğulayıb: "Hazırda "Cəlilabad" komandasının oyunçusuyam. Gələn ilin sonunadək klub karyeramı davam etdirmək istəyirəm".

Azərbaycan millisi qrup mərhələsində Ermənistan, Kosovo, Kipr və Albaniya seçmələrini məğlub edib. Yarımfinalda İrlandiyanı mübarizədən kənarlaşdıran yığma finalda Kiprə qalib gələrək Avropa Kubokunun əsas mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, Avropa Kuboku 22-25 avqustda Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
1
azertag.az

2Mənbələr