AZ

Fransa və ABŞ Qafqazın işlərinə daha bir müdaxilə qərarı verdi...

Image

Rəşad Bayramov: “Tandemin regionda stabillik istəkləri ilə bağlı bəyanatları səmimi notlar üzərində köklənməyib”

ABŞ və Fransa prezidentlərinin Parisdə danışıqların yekunu üzrə birgə bəyanatında deyilir ki, bu ölkələr Cənubi Qafqazda ədalətli və davamlı sülhün bərqərar olmasına tərəfdardırlar. 

Onlar regionun bütün xalqlarının rifahı naminə Cənubi Qafqazda gələcək regional inteqrasiyanı dəstəkləyirlər:

“ABŞ və Fransa Gürcüstan xalqını Avro-Atlantik istəklərində dəstəkləməyə sadiq olduqlarını bir daha təsdiqləyirlər. Prezidentlər hakim “Gürcü arzusu” Partiyasını ictimaiyyətin istəklərinə hörmətlə yanaşmağa və Avro-Atlantik yola qayıtmağa çağırırlar.

ABŞ və Fransa Cənubi Qafqazda beynəlxalq hüquqa və suverenlik, sərhədlər və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında ədalətli və davamlı sülhün bərqərar olmasını dəstəkləyir. Onlar regionun bütün xalqlarının rifahı naminə Cənubi Qafqazda gələcək regional inteqrasiyanı dəstəkləyirlər”.

Doğrudanmı bu tandem bizim regionda sabitlikdə maraqlıdır? Axı, Fransanın addımları tam  başqa cür görünür.

Siyasi şərhçi Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ABŞ və Fransanın rəsmi dairələri, artıq tarixin arxivinə verilmiş Minsk Qrupunun həmsədrləri kimi, son 30 ildə tutduqları pozucu mövqelərinə hələ də sadiqdirlər: “Rəsmi Bakı baş verənləri xüsusi həssaslıqla izləyir və onların Qafqazda geopolitik şərtləri dəyişmək şansları qətiyyən mövcud deyil.

Buna baxmayaraq Cənubi Qafqaz regionunda hərbi-siyasi situasiyanın gərginləşdirilməsinə yönəlik cəhdlər davam edir. Bu məsələdə əsasən iki dövlət – ABŞ və Fransa “fəallıq” göstərir. Və bu iki nüfuzlu dövlət son vaxtlar artıq Cənubi Qafqazda hərbi qarşıdurmanın dərinləşdirilməsinin əsas təşəbbüskarı rolunda çıxış edir. II Qarabağ savaşı cəmisi 44 gün ərzində Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdıqdan sonra Ermənistanla yanaşı, ermənilərin beynəlxalq himayədarları – ABŞ və Fransa da məğlub duruma düşmüş oldular. Azərbaycan ordusunun parlaq hərbi qələbəsi Minsk Qrupunu tarixin arxivinə göndərdi. Və bununla da, ABŞ-Fransa cütlüyünün Cənubi Qafqazda baş verənlərə yeganə müdaxilə mexanizmi sıradan çıxdı. ABŞ və Fransanın geopolitik mövqeləri demək olar  Türkiyənin nəzarəti altına keçmiş oldu. 

Ukraynada “savaş bataqlığı”na salınan Rusiya bu duruma o qədər də ciddi müqavimət göstərmir. Kremli Rusiyanın regionda mövqelərini qoruması da tamamilə qane edir. 

ABŞ və Fransa Rusiyanı regiondan sıxışdırıb çıxartmağa, onun əvəzinə bölgəyə yerləşməyə can atır. Və bütün bunları da Ermənistan üzərindən reallaşdırmağa çalışır.

Hazırda ABŞ və Fransanın əsas “fəaliyyəti” Ermənistanın Rusiyadan uzaqlaşdırılmasına yönəlib. 

Digər tərəfdən, ABŞ və Fransa Cənubi Qafqazı tamamilə təsir altına ala bilmək üçün bu regionda hərbi əməliyyatların bərpa edilməsinə də ciddi cəhdlər göstərib.

Onu da qeyd edək ki, bir neçə gün öncə ABŞ və Fransanın Ermənistandakı səfirlikləri də olduqca müəmmalı davranışlar sərgiləyir.

Maraqlıdır ki, Ermənistandan ABŞ və Fransaya siyasi səfərlərin sayı da artıb. Bu baxımdan da, tandemin regionda stabillik istəkləri ilə bağlı bəyanatları səmimi notlar üzərində köklənməyib”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
baki-xeber.com

1Mənbələr