AZ

Bonuççi möhtəşəm karyerasını vərəqlədi - “Alleqri ilə barda qarşılaşsaydıq, hal-əhval tutar, amma onu bir fincan qəhvəyə dəvət etməzdim”

Leonardo Bonuççi bir neçə gün əvvəl möhtəşəm karyerasını başa vurduğunu bəyan etdi.

“Football-plus.az” xəbər verir ki, “La Gazzetta dello Sport” bu münasibətlə İtaliya yığması ilə AÇ-2020-nin qalibi olan sabiq müdafiəçi ilə söhbətləşib. Bonuççi müsahibəsində daha çox futbolçu həyatının böyük hissəsini – 12 ilini (2010-17, 2018-23) keçirdiyi və 8 dəfə ölkə çempionu olduğu “Yuventus” ilə bağlı suallara cavab verib. Məşqçi olmaq qərarına gələn Leonardo xoş günlərin birində “qoca sinyora”nı Çempionlar Liqasında qələbəyə daşımağı arzulayır.

Bu günü...
Özümü tarazlıq vəziyyətində hiss edirəm. Oyun və həyat planında ölkə xaricində ikiqat təcrübə qazanmışam. İndi isə ailəmlə birgə olmağın həzzini dadıram. İyulda Koverçanodakı məşqçilik kurslarına getməyə başlayacağam.

...karyerasının ən yaxşı və pis anları...
Futbolçu həyatımın ən pis deyil, ən çətin anları deyərdim. Məsələn, ardıcıl iki dünya çempionatına çıxa bilmədiyimiz vaxtlar karyeramda ən ağrılı dövrləri olub. İkinci belə halı yaşayandan sonra Vialli kimi böyük adamla görüşümü özüm üçün şanslı an hesab edirəm. Canluka mənə “sən milli komandanın ən təcrübəli oyunçularından birisən, bu səbəbdən müsbət əhval-ruhiyyəni qoruyub saxlamalısan. Hər şeyin sona çatdığını düşünmə” demişdi. Ruhdan düşsəydim, yəqin ki, 2021-ci ildə keçirilən Avropa çempionatında böyük istəklə oynaya bilməzdim. Həmin turniri karyeramın ən xoş xatirələrindən biri kimi xatırlayacağam. Çempionlar Liqasının finalındakı məğlubiyyətləri və “Yuve”dən ayrılmağı da ən ağrılı anlar sırasına daxil edirəm. Mənə xoş gələn daha bir məsələ uğura aparan yolun uzun olmasıdı. Bundan yaxşı ola bilməzdi.

...BBC-nin sirri...
Antonio Konte baş məşqçi təyin ediləndən sonra mən, Andrea Barzalyi və Corco Kyellinidən ibarət sehirli müdafiə üçlüyünü – BBC-ni qurdu. Bizdən arxada isə dünyanın ən yaxşı qapıçısı olan Buffon dayanırdı. Bizi dostluqdan başqa qarşılıqlı etibar, bilik və istedad kimi amillər birləşdirirdi. Bir-birimizi tamamlayırdıq. Nəticədə “Yuve”nin, milli komandanın və futbolun tarixini yazdıq. Aramızda “Möhtəşəm dördlük” adını verdiyimiz ümumi ünsiyyət şəbəkəsini qurmuşuq. Orda daim ünsiyyətdə olur, zarafatlaşır və birgə yaşadığımız xoş xatirələri yada salırıq. Corco ilə birlidə istirahətə yollanırıq. Bu dostluğumuz əbədi olacaq.

...“Yuventus”u tərk etməsi...
Bu, mənə indiyədək ağrı verən sifətimdəki çapıqdı. Hər şeyin fərqli şəkildə sona çatmasını istərdim. Amma kim bilir, bəlkə son hələ yetişməyib? İlkin qəzəbimdən sonra yaxşıca düşündüm. Rəhbərliklə məsələni müzakirə etdik. Nəticədə məhkəmədə klubun əleyhinə iddia qaldırmaq fikrindən daşındım. Bu, doğru qərar idi. Ona görə ki, “Yuventus” mənim üçün həmişə - öz otağımda qardaşımla futbol oynamağa başladığım andan etibarən hər şey demək olub. Bu kluba ehtirasım həmişə dəyişməz olaraq qalıb.

...təkrarlamaq istəmədiyi hərəkəti...
“Yuventus” – “Palermo” matçının gedişində Alleqri ilə mübahisəmizin bir daha təkrarlanmasını istəməzdim: həmin anda məşqçinin iradına instinktiv reaksiya vermişdim. Başqa davranış nümayiş etdirə də bilərdim. Bunun əvəzinə etdiyim seçim mənim həmin ana qədər yaşadıqlarımın təzahürü idi. Amma həmin hadisədən sonrakı həyatımda etdiyim hərəkət və davranışlarım məni bir oyunçu və adam kimi yaxşı mənada dəyişdi. O dövrdə özümü yaxşı apardığımı bir daha anladım. Mənə daha çox təsir edən isə komanda yoldaşlarımdan aldığım mesajlar oldu.
Onu da deyim ki, həyatımboyu yaxşı antiqəhrəman kimi tanınmışam. Heç vaxt maska altında yaşamamışam. Həmişə özüm olmuşam və səhv etdiyim məqamların acısını sonradan mütləq çəkmişəm.

...Alleqri ilə əlaqəsi...
Sonuncu söhbətimiz 2023-cü ilin mayında Udinedə olub. Bilirsiz, hər kəs özünü lazım bildiyi və doğru hesab etdiyi kimi aparır. Bütün fikir ayrılıqlarına baxmayaraq, birgə yaşadıqlarımızı göz önünə gətirərkən problemi başqa cür də yoluna qoymağın mümkün olduğunu deyərdim. Hətta kimlərsə məni komandada görmək istəməsə belə, münasibətlərə daha düşünülmüş şəkildə son qoymaq olardı. Belə deyim, Alleqri ilə barda qarşılaşsaydıq, hal-əhval tutar, amma onu bir fincan qəhvəyə dəvət etməzdim.

...Ronaldo ilə ÇL-in qalibi ola bilməməsi...
Kriştianonun komandamıza gəlişinin bizə Çempionlar Liqasında (ÇL) qələbə bəxş edəcəyini düşünənlər çox idi. Amma bu, baş vermədi. Problem ondadı ki, futbol dəqiq elm sahəsi deyil. Ronaldo bizə mentallıq planında çox şey verdi. Belə deyim, onunla birlikdə matçlara həmişə 1:0 öndə başlayırdıq. İstənilən güclü futbolçu kimi Kriştiano da özü üçün əlverişli mühitə ehtiyac duyurdu.

...Ronaldo ilə Messinin fərqi...
Yəqin ki, Messiyə qarşı oynamaq mənim üçün daha çətin olub. Ona görə ki, argentinalı daha sirli oyunçu idi. Kriştiano isə mükəmməl maşına bənzəyirdi, amma onun növbəti hərəkətini müəyyən etmək olurdu.

...Buffon...
Sözsüz, Buffon qapıçılar arasında Ronaldo idi. Təəssüf ki, ona Çempionlar kubokunu bəxş edə bilmədik. Ciciyə onunla uzun illər birgə oynadığıma görə minnətdaram.

...yeni Bonuççi...
İki oğlum var. Yəqin ki, onlardan biri yeni Bonuççi olacaq... Kalafyori böyük müdafiəçi ola bilər, amma Bonuççi yox. Böyük klubda təzyiq daha böyük olur. Müasir futbolda mənim malik olduğum xarakteristikalar daha faydalıdı. Ona görə ki, müdafiəçilər təkbətək mübarizələrdə o qədər də yaxşı oynamırlar. İndi təşkilatlanmaya, oyunu “oxumağa” və boş zonaların doldurulmasına daha çox diqqət yetirilir. Buoncorno ciddi vərdişlərə malikdi, ağıllı oyun sərgiləyir və oyun üçün vacib sayılan xarakteristikanın sahibidi.

...Son mövsümün “Yuventus”u...
“Yuventus”da oynayırsansa, komandanın yalnız Çempionlar Liqasına vəsiqə qazanmasına sevinə bilməzsən. Hazırkı heyət yekun turnir cədvəlində daha yüksək yerləri tutan komandalarla, həmçinin mövsümü əla göstəricilərlə çempion kimi başa vuran “İnter” ilə rəqabət apara bilərdi. Məncə, komandada çətin anlarda, sadəcə, konsentrasiya çatmadı.

...Tyaqo Motta...
Komandanı yeni mövsümdən Tyaqo Motta çalışdıracaq? O, fərdi keyfiyyətləri ilə seçilən səmimi futbol adamıdı. Tyaqo Motta bu baxımdan çox xoşuma gəlir. Onda “Yuve”ni müasir futbola uyğunlaşdırmaq və komanda ilə böyük uğurlar qazanmaq üçün lazım olan keyfiyyətlər var. Vaxtilə “skuadra adzurra”dakı çıxışını çox bəyənirdim. 2012-ci ildə keçirilən Avropa çempionatında komandamıza çox faydalı olmuşdu. Bir gün bizə “belə ruhda davam etsək, finalda İspaniyaya rəqib olacağıq” dediyini yaxşı xatırlayıram. Tyaqo dəqiq ideyaları olan mütəxəssisdi.

...məşqçi Bonuççi...
Taktika haqda düşünməyi xoşlayıram. Fikrimcə, Konte yalnız “Yuve”ni deyil, həm də futbolu dəyişə bilib. Müasir futbolda hərəkətə daha çox diqqət yetirilir. Roberto Mançini bunun sayəsində ölkəmiz üçün qitə çempionluğunu qazandı. Alleqri, Lippi və Ançelotti ilə rəqabət aparmaq təcrübəsi böyük üstünlük deməkdi. Mən məşqçiliyə başlayandan sonra ən doğru vəhdəti tapmağa çalışacağam.

...“Yuventus”u çalışdırmaq...
Ən böyük arzum “Yuventus”un məşqçisi kimi Çempionlar Liqasının qalibi olmaqdı. Ona görə ki, oyunçu kimi bu uğuru qazana bilməmişəm. Kyellini klubun direktoru təyin olunsaydı, onunla əməkdaşlığımız ikili - peşəkar və dostluq xarakterli olardı... Amma əvvəlcə hər birimiz öz yolu ilə hərəkət etməlidi.

...və İtaliya yığması haqda
Spalletti doğru sistem tətbiq etsə və çətin olacağı gözlənilən startı uğurla başa vursa, komandanı sona qədər apara bilər. Qitə çempionatında Skamakkadan əla çıxış gözləyirəm. O, son mövsümdə özü üçün yeni səviyyəyə yüksəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
football-plus.az

1Mənbələr