AZ

Bakıdan vacib gediş: Ermənistan geri çəkildi – Kritik gəlişmə

"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Azərbaycanın sülhlə bağlı şərtləri ölkə başçısı tərəfindən bir daha gündəmə gətirildi. Sizcə, qarşı tərəfin bu şərtlərə adekvat yanaşması sülh prosesinin gündəliyinə necə təsir edəcək?

- Hazırda iki ölkə arasında danışıqlarda bir neçə istiqamətlər var. Delimitasiya və demarkasiya ilə bağlı dialoq davam etməkdədir. Sülh müqaviləsi və yaxud münasibətlərin normallaşdırılmasına dair mətn üzərində iş gedir. Bu məsələlərin tam olaraq şəffaf şəkildə həll edilməsi və gələcəkdə bu danışıqlara geri qayıdılmaması üçün vacib olan şərtlər təmin edilməlidir. Bu da Ermənistanın normativ hüquqi aktları ilə bağlıdır. Faktiki olaraq Ermənistan konstitusiyasında Qarabağla bağlı absurd iddialar yer alıb.

- Sizcə, Ermənistan konstitusiyasının preambulası necə dəyişməlidir? Bunun üçün dəyişikliyin və yaxud yeni konstitusiyanın qəbulu mümkündürmü?

- Bu məsələ üzərində Ermənistan hökuməti düşünməlidir. Çox guman ki, yeni konstitusiyanın qəbulu mümkün olacaq. Çünki bu konstitusiyanın preambulası ilə bağlı olan məsələdir. Azərbaycan hakimiyyətinin gözləntisi ondan ibarətdir ki, bu məsələ tezliklə həll edilsin. Ötən həftə Ermənistanın xarici işlər naziri Aratat Mirzoyan bəyanat verdi ki, “Azərbaycanın bu tələbi guya Ermənistanın daxili işlərinə qarışmaqdır. İddia edib ki, Ermənistan konstitusiyasının dəyişdirilib-dəyişdirilməməsi və normativ-hüquqi aktların qəbulu onların daxili işidir.

- Bu ölkənin əsas qanunlarında digər qonşusuna qarşı açıq ərazi iddiaları yer alıbsa, bu necə “daxili məsələ” ola bilər?

- Mirzoyan unutmasın ki, bu heç də Ermənistanın “daxili işi” deyil. Söhbət Azərbaycan ərazilərinə olan iddialardan gedir. Ermənilərin normativ-hüquqi aktları Azərbaycan torpaqlarına istinad edirsə, bu birbaşa olaraq məhz ölkəmizin əsas məsələsidir. Hazırda Azərbaycanın mövqeyi güclüdür. Beynəlxalq situasiya da Azərbaycanın yanındadır. Belə olan təqdirdə, Bakı əlində olan riçıqlardan və mexanizmlərdən istifadə edərək Ermənistana lazım olan qərarları qəbul etməsi israrını davam etdirməlidir.

- Burada Bakının narahat olduğu əsas məqamlar nədən ibarətdir?

- Gələcəkdə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının olmaması üçün bütün əməli addımlar atılmalıdır. 50-100 il sonra erməni kilsəsi, diasporası, kənar qüvələr ermənilərin yenidən Azərbaycana qarşı baş qaldırmalarına kömək edə bilər. Ona görə də, bu ölkənin qanunvericilik bazası çox əmin olmalıdır. Nikol Paşinyan özü 2020-ci il 10 noyabrda üçtərəfli razılaşmaya imza atsa da, Zəngəzir dəhlizinin açılması və digər məsələləri istədiyi kimi şərh edirdi. Paşinyandan sonra hakimiyyətə gələcək şəxsin davranışlarının bu halda necə olacağı sual altındadır. Məhz bu kontekstdə Azərbaycan hakimiyyəti bütün bu məsələləri düşünərək addımlar atır.

- ATƏT-in Minsk Qrupunun mövcudluğunun saxlanılması ilə bağlı Azərbaycan tərəfinin mövqeyi birmənalıdır. Həmsədrliyin qalması ilə Ermənistan nəyə nail olmaq istəyir?

- Minsk Qrupu hazırda mövcud deyil. Bu qurumun adı belə çəkilmir. Qərb ölkələrinin açıqlamalarında belə bu quruma istinad yoxdur. Minsk qrupunun olmaması hər kəs tərəfindən qəbul edilib. O institusional baxımından mövcuddur. Azərbaycan isə bu qurumuu proseslərdən kənarlaşdıra bilib. Təşkilat proseslərdən kənarlaşmasa ölkəmizə qarşı təzyiqlər ola bilərdi, Çünki ikili standartlar davam edir. 30 il ərzində həmsədrlərin əsas mexanizmi yaxşı və ya pis oyunu oynayaraq, sonda öz bildiklərini həyata keçirməl olub. Məqsəd status-kvonu saxlamaq idi. 2020-ci il 44 günlük müharibədən sonra da Minsk Qrupunun üzvləri Qarabağın dağlıq hissəsində erməni separatçılarının bölgədən çıxarılmaması üçün, onlara ərazi daxilində müəyyən “hüquqlar” verilməsi naminə əllərindən gələni edirdilər. Amma sonrakı proseslər fonunda Azərbaycan öz haqlı mövqeyini ortaya qoyaraq suverenliyini tam təmin etdi. Amma nə qədər ki, sülh müqaviləsi bağlanmayıb Minsk qrupunun qalması sonrakı dövr üçün arzuolunmaz məsələlərin ortaya çıxması ilə nəticələnə bilər. Ona görə də, Ermənistan tərəfi də Azərbaycanla birlikdə Minsk qrupunun ləğv edilməsi ilə bağlı çağırış etməlidir.


Müəllif: Tapdıq Qurbanlı
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
1
teleqraf.com

1Mənbələr