AZ

Azərbaycanda sağlamlıq turizmi inkişaf edir — Turistlər Kəlbəcərə axın edəcək

Azərbaycanın sağlamlıq turizmi strategiyası hazırlanacaq. Dövlət Turizm Agentliyi strategiyanın hazırlanması çərçivəsində müvafiq sahənin inkişaf etdiyi ölkələrdə (Türkiyə, Malayziya, Çexiya, Tayland və s.) sağlamlıq turizminin inkişafı üçün dövlətin həyata keçirdiyi siyasətlər və tətbiq etdiyi strateji yanaşmalar təhlil ediləcək və Azərbaycana uyğun gələn spesifik hallar seçiləcək. 

Bundan başqa, strategiyada spesifik olaraq tibbi turizm sahəsində uğurlu beynəlxalq təcrübə öyrəniləcək. Eləcə də, 2021-ci ildə hazırlanmış sağlamlıq turizminə dair təhlil sənədinin yenilənməsi məqədilə işğaldan azad edilmiş ərazilərin (xüsusi ilə Kəlbəcər və Şuşa şəhərləri) sağlamlıq turizmi resurslarının diaqnostikası aparılacaq, eyni zamanda, sözügedən təhlil sənədinin təkmilləşdirilməsi məqsədilə ölkə üzrə resursların diaqnostikası aparılacaq.

Təhlil prosesi çərçivəsində Azərbaycan sağlamlıq turizmi məhsullarının ixracı üçün əsas mənbə bazarlar araşdırılacaq, müvafiq məhsulların rəqabətqabiliyyətliliyi ölçüləcək, mövcud vəziyyətin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanaraq Strategiyanın Tədbirlər Planında əks olunacaq.

Turizm eksperti Cabir Dövlətzadə Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün potensial var:


“Naftalanı buna misal çəkə bilərik. Naftalana postsovet ölkələrindən və Avropa ölkələrindən turistlər gəlirlər, burada həm istirahət edirlər, həm də sağlamlıqlarının qeydinə qalırlar. Dünyada sağlamlıq turizmi inkişaf edir, Azərbaycanın da bu sahədə potensialı var. Ölkəmizdə isti su mənbələri mövcuddur. Lənkəran, Masallı zonasında isti sular var, xüsusən də Kəlbəcərin isti suyu məşhurdur. Kəlbəcərdə isti su sağlamlıq mərkəzi fəaliyyətə başlayandan və hava limanları açılandan sonra əcnəbi turistlər daha çox bu bölgəyə səfər edəcəklər. Kəlbəcər təbiəti və mineral ehtiyatları ilə seçilir. Bu potensial onun Azərbaycanda sağlamlıq turizmi sahəsində ən ümdə nöqtəyə çatmasına imkan verəcək. Yeni açılacaq hava limanlarında dünya şəhərləri ilə birbaşa reyslərin başladılması da Qarabağın turizminin inkişafına təkan verəcək. Bu da ümumilikdə ölkənin həm turizm, həm də iqtisadiyyatına böyük töhfə olacaq”.

Törə Zeynallı
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
demokrat.az

1Mənbələr