AZ

On üç min yoluxma - aktual

Yazını böyüt
Yazını kiçilt

2023-cü il ərzində 13,2 min nəfərdə qızılcaya yoluxma halı qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsi Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb. Qurumun açıqlamasına görə, ötən il 94,1 min uşağa 1-ci doza, 117.9 min uşağa isə 2-ci doza QPM (qızılcaya, məxmərəyə, epidemik parotite qarşı) peyvəndi vurulub.

Qeyd edək ki, dünyada qızılcaya yoluxma hallarının sayı sürətlə artmağa davam edir. Bu il qeydə alınmış yoluxma hallarının sayının 2023-cü il ərzində qeydə alınmış yoluxma halların ümumi sayını tezliklə keçəcəyi gözlənilir. Bu xəbərdarlıq ÜST və UNICEF tərəfindən səsləndirilib.

Ən son məlumatlara görə, 2024-cü ilin ilk 3 ayı ərzində ÜST-nin təkcə Avropa zonasındakı 53 ölkədən 45-də 56634 qızılcaya yoluxma halı və 4 ölüm halı rəsmi şəkildə qeydə alınıb. 2023-cü il ərzində isə 41 ölkədə 61070 yoluxma və 13 ölüm halı qeydə alınıb.
Qurum, həmçinin bəyan edib ki, dünya miqyasında qızılcaya yoluxma halları 2023-cü ildə 2022-ci ilə nisbətən iki dəfə artıb. ÜST-ün məlumatları göstərir ki, 2023-cü ildə 321582, 2024-cü ildə isə 94 000-dən çox yoluxma qeydə alınıb. Məlumata görə, ən yüksək yoluxma göstəriciləri Azərbaycan, Qırğızıstan və Yəməndə olub.

ÜST nümayəndəsi dr.Hans Henri P. Klüq qeyd edib ki, heç kəs qarşısı asanlıqla alına bilən bu ağır xəstəliyin fəsadları ilə üzləşməməlidir: “Buraxılmış peyvəndlərin təmin edilməsi yolu ilə yoluxma hallarını dayandırmaq üçün səylərini gücləndirmiş hər bir ölkəni alqışlayıram.  Bütün ölkələri, hətta peyvəndlə əhatə səviyyəsi yüksək olan ölkələri belə, həssas qrupları peyvənd etmək, immunlaşdırma boşluqlarını aradan qaldırmaq və bununla virusun hər hansı icmada möhkəmlənməsinin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıram”.

UNICEF nümayəndəsi Reqina De Dominiçis bildirib ki, qızılcaya yoluxma hallarının artımı peyvəndlə əhatə səviyyəsinin kəskin azalmasının aydın göstəricisidir: “Qızılcaya yoluxma hallarının sürətlə artması fonunda, bütün uşaqları bu təhlükəli, lakin qarşısı alına bilən xəstəlikdən qorumaq üçün dövlət tərəfindən səhiyyə sistemlərinin gücləndirilməsinə və təsirli ictimai səhiyyə tədbirlərinin görülməsinə yönələn təxirəsalınmaz addımlar atılmalıdır”.

Tibb elmləri doktoru, professor Adil Qeybullanın fikrincə, ötən il qızılcanın bütün dünyada və ölkəmizdə yayılması müxtəlif səbəblərlə bağlı olub: “Qızılca, göy öskürək, difteriya və digər infeksiyalara qarşı uşaqlar milli peyvənd təqvimi ilə peyvənd olunurlar. Bunlardan bir ara valideynlər yayındılar. Bu, bütün dünyada müşahidə olundu. Xüsusilə, koronavirus pandemiyası gəldi və bu prosesə ciddi təsir etdi. Hazırda qızılca yenidən meydana çıxıb və özünü tamamilə başqa cür aparır. Yəni daha fəal şəkildə yeni performans göstərir. Bu, bir tərəfdən vaksin olunmamağa, bir tərəfdən koronavirus pandemiyası zamanı orqanizmdə baş verən təlatümlərlə, digər tərəfdən virusun özünün dəyişdiyinə bağlıdır. Bunlar hamısı bu prosesdə ciddi rol oynayır. Alimlər bu gün qızılcanın dünyada yenidən yayılması, geniş coğrafiyanı əhatə etməsini müşahidə edir, araşdırma aparırlar”.

Həkim bildirib ki, bu xəstəliyə ciddi yanaşmaq lazımdır: “Bu xəstəlik bəzən ağırlaşma, bəzən ölüm halları ilə müşahidə edilib. Ona görə də xəstəliyə ciddi yanaşmaq lazımdır. Hazırda qızılcanın vaksini milli peyvənd təqvimində var. Bunu etdirmək lazımdır. Valideynlər bu məsələdən dərs çıxarmalıdırlar. Təəssüflər olsun ki, çox vaxt dərs çıxarmırlar. İnfeksion xəstəliklərdən qorunmaq üçün ÜST-ün tövsiyə etdiyi milli peyvənd təqvimi ilə profilaktik məqsədlə vurulacaq vaksinləri uşaqlara vaxtlı vaxtında vurdurmaq lazımdır. Valideynlər qətiyyən antivaksin tədbirlərinə uymasınlar. Bu, uşaqların sağlam gələcəyi üçün çox vacibdir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
hafta.az

1Mənbələr