AZ

Gündoğan: “Bəlkə də fərqli görünürük, amma biz də almanıq”

AÇ-2024-də Almaniya yığmasının kapitanı olacağı açıqlanan İlkay Gündoğan Almaniyanın “Şpigel” nəşrinə səmimi açıqlamalar verib.

“Football-plus.az” xəbər verir ki, əslən Balıkəsirdən olan və 2011-ci ildən bəri bundestimin şərəfini qoruyan 33 yaşlı təcrübəli yarımmüdafiəçi bunları deyib:
“Uşaq yaşlarımdan Almaniyanın şərəfini qorumaq arzusu ilə böyümüşəm. İndi isə öz evimizdəki AÇ-də komandanın liderlərindən biri olacam. Bu, məni qürurlandırır. Kapitan sarğısının mənə həvalə edilməsinin türkəsilli olmağımla heç bir əlaqəsi yoxdu. Bunlar fərqli mövzulardı. Bu, komanda yoldaşlarımın və məşqçilər korpusunun məni necə qəbul etməsi ilə əlaqəli məsələdi. Komanda bir futbolçunu açıq, dürüst və yaxşı biri kimi qəbul edirsə, ona kapitan sarğısı verilir. Bu, əslən hardan olmağımla yox, insan olaraq nəyi təmsil etməyimlə bağlıdı. Almaniyanın yeni reallığını əks etdirdiyim üçün ölkədə müxtəlif vəzifələrdə mənim kimi insanlara ehtiyac var. Bəlkə də fərqli görünürük, amma biz də almanıq. Başqalarının idealı ola biləcəyimin fərqindəyəm. Amma düzünü desəm, bu məsələni çox da qabartmaq istəmirəm. Bundestimlə bağlı ilk xatirələrim AÇ-1996-ya gedib çıxır. O turnirin finalında Oliver Birhoffun vurduğu “qızıl qol”u gözəl xatırlayıram. Cəmi 5 yaşım var idi. Həmin vaxt məndə həm Türkiyə, həm də Almaniya yığmasının forması var idi. Böyük turnirlərdə həmişə bu iki komandanı dəstəkləyirdim. Amma məndə ən böyük iz buraxan turnir evimizdə keçirilən DÇ-2006 oldu. Uşaq vaxtı yaşadığım ərazidə türk, ərəb və asiyalı dostlarım var idi. Onlarla hər gün futbol oynayırdım. Mənim böyüdüyüm Almaniya məhz belə idi. Ailəmizdə anamdan başqa hamı “Qalatasaray” azarkeşi idi. Anam “Fənərbaxça”nı dəstəkləyirdi. Ona görə də evdə tez-tez çətin anlar yaşayırdı. Yorğan-döşəyim belə “Qalatasaray”ın rənglərində idi. Uşaq vaxtı ideallarım Həmin və Xəlil Altımtop qardaşları idi. Çünki onlar da eynilə mənim kimi həm Helzenkirhendə doğulmuşdular, həm də türkəsilli idilər. Bundesliqada özlərini yaxşı tərəfdən göstərməyi bacarmışdılar. Bir ara düşünürdüm ki, məni tənqid edən insanların dərdi, sadəcə, türkəsilli olmağım idi. Onların məni yığma komandada görmək istəmədiyini düşünürdüm. Amma sonra anladım ki, tənqidlər heç də həmişə mənşəyimdən irəli gəlmir. Bəzi matçlarda həqiqətən də zəif performans sərgilədiyimin fərqinə vardım”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
football-plus.az

1Mənbələr