AZ

"Selektiv abortlarla mübarizə” kampaniyası çərçivəsində tədbir təşkil olunub

Bakı, 10 iyun, AZƏRTAC

İyunun 10-da “Selektiv abortlarla mübarizə” kampaniyası çərçivəsində tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və “Üçüncü bahar” Yaşlılara Dəstək İctimai Birliyinin birgə əməkdaşlığı nəticəsində təşkil olunan tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, QHT üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdən əvvəl kampaniya çərçivəsində sosial maarifləndirmə məqsədilə quruluş verilən "Güclü zəriflər” adlı teatr tamaşası nümayiş olunub. Tamaşanın mövzusu cinsi ayrı-seçkilik, selektiv abortlarla mübarizə, qız uşaqlarının hüquqlarının pozulması, erkən nikah və qohum evliliklərinə qarşı çağırışı özündə ehtiva edib. Tamaşanın ssenari müəllifi İlqar Fəhmi, rejissoru Nicat Kazımovdur.

Tamaşanın nümayişindən sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova bildirib ki, ölkəmizdə erkən nikah və dəyərlərimiz çərçivəsində digər mənfi stereotiplərə qarşı fəal mübarizə aparılır.

Azərbaycanda ailə institutunun, xalqımıza məxsus zəngin dəyərlərin qorunub saxlanılmasından danışan B.Muradova deyib: "Dövlət komitəsi ailə dəyərlərinin qorunub saxlanılması, erkən nikahlara qarşı mübarizə istiqamətində müxtəlif layihələr həyata keçirilir. “Selektiv abortlarla mübarizə” kampaniyası çərçivəsində “Güclü zəriflər” adlı sosial maarifləndirmə layihəsi də bunlardan biridir”.

Komitə sədri bildirib ki, dövlət komitəsi layihələrini davam etdirəcək.

“Üçüncü bahar” Yaşlılara Dəstək İctimai Birliyinin İdarə Heyətinin sədri Nərmin Qəniyeva maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd edib. Bildirib ki, bugünkü tədbirin əsas məqsədi cəmiyyətdə mənfi hallarla mübarizəni gücləndirmək və müəyyən stereotipləri aradan qaldırmaqdır.

N.Qəniyeva vurğulayıb ki, cinsindən, yaşından asılı olmayaraq, cəmiyyətin bütün üzvlərinin azad, sərbəst və sağlam yaşamaq hüququ var.

Tədbirin sonunda "Güclü zəriflər” teatr tamaşasının yaradıcı heyətinə və aktyorlarına Fəxri fərmanlar təqdim olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
azertag.az

1Mənbələr