AZ

COP29-da Paris Sazişi çərçivəsində maliyyələşdirmənin təkrar nəzərdən keçiriləcəyi gözlənilir - BMT nümayəndəsi

COP29-da Paris Sazişi çərçivəsində maliyyələşdirmənin təkrar nəzərdən keçiriləcəyi gözlənilir.

Trend xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin Ofisinin rəhbəri Kanako Mabuçi Bakıda "Dayanıqlı inkişaf: problemlər və həllər" mövzusunda keçirilən tədbirdə deyib.

"Hələ 2015-ci ildə, Paris Sazişi imzalananda, iqlim layihələrinin ildə 100 milyard ABŞ dolları dəyərində maliyyələşdirilməsi nəzərdə tutulurdu. İndi COP29-da Paris Sazişini imzalamış üzv dövlətlər yeni maliyyə hədəfi təyin etmək niyyətindədir. Bu məbləğin ildə 100 milyard dolları keçəcəyi gözlənilir", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, dəqiq məbləğ məlum deyil, lakin ehtiyac trilyonlarla dollar dəyərində ölçülür.

"Bir sıra ölkələr, xüsusən inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün iqlim dəyişikliyi ekzistensial böhrandır. Bunlar müzakirə edilməli olan məsələlərdən bəziləridir. Bu səbəbdən Azərbaycan COP29-a ev sahibliyi edən tərəf olsa da, bu təkcə Azərbaycanın deyil, Paris Sazişini imzalamış bütün tərəflərin, bütün dövlətlərin məsuliyyətidir. Onlar danışıqlar aparmalı və iddialı razılığa gəlməlidir. Bu, təkcə maliyyə deyil, o, COP29-dan gözlənilən bütün digər nəticələrlə əlaqəlidir", - deyə o əlavə edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.


BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
ekologiya.az

1Mənbələr