AZ

Gürcüstanın Aİ missiyası risk altında - TƏHLİL

2024-cü il mayın əvvəlində Gürcüstan parlamenti tərəfindən qəbul edilən “Xarici agent qanunu” ölkənin daxili və xarici siyasətində bir sıra etirazlar doğurub. Sözügedən qanun, maddi vəsaitlərinin 20%-dən çoxunu xarici ölkələrdən alan media qurumları, hüquqi şəxslər və qeyri-hökumət təşkilatlarını Gürcüstan dövlətində “xarici güclərin maraqlarını güdən təşkilatlar” kimi qeydiyyatdan keçib, hər il maliyyə hesabatlarını bəyan etmələrini tələb edir.
Bəzi Aİ ölkələri Gürcüstana qarşı sanksiyalar, o cümlədən vizasız gediş-gəlişin dayandırılması üçün təzyiqlər edir və bildirirlər ki, Gürcü Arzusu Partiyası bu qanunu Rusiyanın təsiri altında qəbul edib. Beləliklə Estoniya, Hollandiya, Çexiya və İsveç kimi Aİ dövlətləri gələn həftə Aİ Xarici İşlər Nazirləri toplantısında Gürcüstana qarşı sanksiya tədbirləri qəbul etmək istəyən ölkələr arasındadır. Financial Times-ın məlumatına görə, müzakirə olunacaq mövzulara Gürcüstan vətəndaşlarının Aİ-yə vizasız gediş-gəlişinin ləğvi və Aİ-nin vəsaitlərinin dondurulması da daxildir.
Qeyd edək ki, Gürcüstan vətəndaşları yeddi ildən artıqdır ki, Aİ-yə vizasız gedə bilirlər. 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan bir neçə həftə sonra isə Gürcüstan Aİ-yə üzvlük üçün müraciət etdi və həmin il namizəd statusu aldı. Bununla belə, xarici agent qanununun qəbuluna qədər, üzvlüklə bağlı danışıqlar aktual deyildi. Aİ rəsmiləri bu qanunun qüvvəyə minəcəyi təqdirdə Gürcüstanın üzvlük prosesində böyük geriləmə olacağını və ölkənin “Rusiya orbitinə” doğru hərəkət edəcəyini proqnozlaşdırırdı. İstisna hal kimi Macarıstanın Gürcüstan hökumətini dəstəklədiyini nəzərə alsaq, 27 ölkə tərəfindən yekdilliklə qəbul edilməli olan Aİ sanksiyalarının tətbiqi ilə bağlı sual işarəsi yaranır. Belə ki, Budapeşt də bənzər qanun qəbul edərək və müxalif siyasətçilər, media və qeyri-hökumət təşkilatları tərəfindən qəbul edilən xarici vəsaitləri yoxlamaq üçün xüsusi institut yaradıb.

Eyni zamanda Gürcüstana göstərilən təzyiq ABŞ tərəfindən də gecikməyib. Birləşmiş Ştatların dövlət katibi Antoni Blinken bildirib ki, Gürcüstanda həftələrdir kütləvi etirazlara səbəb olan “Rus qanunu” kimi qiymətləndirilən qanunun qəbulundan sonra Vaşinqton Tbilisi ilə münasibətlərə yenidən baxacaq. Nəhayət, Blinken bildirib ki, ABŞ “ümid edir ki, Gürcüstan hakimiyyəti bu qanuna yenidən baxaraq ölkənin demokratik və Avro-Atlantik məqsədlərinə uyğun addımlar atacaq”. Blinkenin çıxışından sonra ABŞ Dövlət Departamenti rəsmi internet saytında viza məhdudiyyətlərinə və ikitərəfli əməkdaşlığa yenidən baxılacağı barədə qərar da dərc edilib.

Bütün bu təzyiqlərə baxmayaraq iqtidar Gürcü Arzusu Partiyası qanunun xarici təsirlərdən qorunmaq üçün zəruri olduğunu təkid edir və eyni zamanda Qərbin maliyyələşdirdiyi QHT-ləri mövcud hökumətə qarşı çevriliş etmək cəhdində ittiham edir. Hakim partiya öz bəyanatında bu səylərin “şantaj” olduğunu bildirib və Aİ-ni Ukrayna və Moldovada olduğu kimi Gürcüstanla da üzvlük danışıqlarına başlamağa çağırıb.

Nəticə etibarı ilə Gürcüstan kimi kritik geosiyasi mövqeyə malik olan ölkə xarici siyasətdə incə balans siyasəti aparmağı bacarmalıdır. 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra Rusiya ilə Qərbin təsir dairələri arasında münaqişə mərkəzlərindən biri olan Cənubi Qafqaz ölkəsi indi öz təbirincə desək, “suverenlik” prinsipinin pozulması ilə üz-üzədir. Belə ki, Gürcü Arzusu Partiyası Qərbin də oxşar qanunlar qəbul etdiyini və bu qanunun “şəffaflıq prinsipi” çərçivəsində tətbiq olunacağını desə də onları “totalitar” olmaqda ittiham edirlər.

Zərdüşt Quluzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
sia.az

1Mənbələr