AZ

Uğurcan Çakır “Trabzonspor”u hansı kluba dəyişəcək?

Bu yay “Trabzonspor”dan ayrılacağı gözlənilən Uğurcan Çakırla bağlı şayiələr bitmək bilmir. Əslində təcrübəli qapıçı karyerasını Avropada davam etdirmək arzusundadı.

Ötən mövsümün ikinci dövrəsində onunla “Sevilya”, “Seltik”, eləcə də bəzi İngiltərə klublarının maraqlandığı deyilirdi. Amma ən real addımı Səudiyyə Ərəbistan təmsilçisi atmağa hazırlaşır. Söhbət “Əl-İttifaq”dan gedir. Bu klub Türkiyə yığmasının üzvünə illik 4 milyon avro ödəməyə hazırdı. 28 yaşlı qapıçı daha öncə qeyd etmişdi ki, “Trabzonspor”u yalnız Avropa klubuna görə tərk edə bilər. Amma Türkiyə mətbuatı iddia edir ki, “ƏI-İttifaq”ın təklifindən sonra Çakır fikrini dəyişə bilər. Ərəblərin “Trabzonspor”un özünə hansı məbləği təklif edəcəyi isə bəlli deyil. Rəhbərlik 2027-ci ilə qədər müqaviləsi olan Uğurcanın satışından təxminən 8-10 milyon avro gəlir əldə etməyi planlaşdırır. Çox güman, bu satış AÇ-dən sonra baş tutacaq. Çünki Uğurcanın turnirdə yığmanın əsas qapıçısı statusunda olacağı və öz performansı ilə dəyərini bir qədər də artıracağı istisna edilmir. Ona görə də rəhbərlik tələsmək istəmir.

Ötən mövsüm icarə əsasında “Trabzonspor”da top qovmuş və Uğurcanın komanda yoldaşı olmuş Berat Özdəmirin də müqavilə ilə “Əl-İttifaq”a məxsus olduğunu xatırladaq. 28 yaşlı Uğurcan “Trabzonspor”un öz yetirməsidi və 2014-cü ildən əsas komandadadı. Geridə qoyduğumuz mövsüm o, 42 rəsmi oyuna çıxdı və bu qarşılaşmalarda ümumilikdə 52 top buraxdısa, 13 oyunda qapısını toxunulmaz saxladı. Türkiyə yığmasında indiyə qədər 27 oyunda forma geyib. “Fanatik”in iddiasına görə, qaradənizlilər Uğurcanla vidalaşacaqları təqdridə ya “Çaykur Rizəspor”dan Gökhan Akkanı, ya “Renn”dən Doğan Ələmdar, ya da “Kayserispor”dan Bilal Bayaziti transfer edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
football-plus.az

1Mənbələr