AZ

Həkimlər Azərbaycana dollar qazandıracaq?

Dövlət Turizm Agentliyi (DTA )Azərbaycanın sağlamlıq turizm strategiyasının hazırlanmasına başlayıb.

Strategiyanın hazırlanması çərçivəsində müvafiq sahənin inkişaf etdiyi ölkələrdə (Türkiyə, Malayziya, Çexiya, Tayland və s.) sağlamlıq turizminin inkişafı üçün dövlətin həyata keçirdiyi siyasətlər və tətbiq etdiyi strateji yanaşmalar təhlil ediləcək və Azərbaycana uyğun gələn spesifik hallar seçiləcək. Bundan başqa, strategiyada spesifik olaraq tibbi turizm sahəsində uğurlu beynəlxalq təcrübə öyrəniləcək. 

Eləcə də, 2021-ci ildə hazırlanmış sağlamlıq turizminə dair təhlil sənədinin yenilənməsi məqədilə işğaldan azad edilmiş ərazilərin (xüsusi ilə Kəlbəcər və Şuşa şəhərləri) sağlamlıq turizmi resurslarının diaqnostikası aparılacaq, eyni zamanda, sözügedən təhlil sənədinin təkmilləşdirilməsi məqsədilə ölkə üzrə resursların diaqnostikası aparılacaq. 

Təhlil prosesi çərçivəsində Azərbaycan sağlamlıq turizmi məhsullarının ixracı üçün əsas mənbə bazarlar araşdırılacaq, müvafiq məhsulların rəqabətqabiliyyətliliyi ölçüləcək, mövcud vəziyyətin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanaraq Strategiyanın Tədbirlər Planında əks olunacaq. Qeyd edək ki, bu gün turizmin inkişaf etdiyi ölkələrdə sağlamlıq turizmi mühüm yer tutur və bu sahədən yüksək gəlir əldə edirlər. Ölkəmizdə bu istiqamətdə müəyyən işlər görülsə də, hələ Azərbaycan tibbi turizmin inkişaf etdiyi ölkə kimi tanınmır. Yeni strategiya və bu istiqamətdə tədbirlər sağlamlıq turizminin inkişafına təkan verəcəkmi? 

Turizm üzrə ekspert Ceyhun Aşurov “Cebhe.info”-ya bildirib ki, sağlamlıq turizmi dünya ədəbiyyatında iki qola ayrılır:

"Birincisi tibbi turizm, ikincisi “welness” turizmidir və bu da sağlamlığın bərpasını özündə ehtiva edir. Tibbi turizm zamanı tibbi müdaxilə, müalicə, saç əkimi, ürək və digər əməliyyatlar reallaşır ki, xəstə insanların sağlamlığını bərpa etmək, həyati risklərin olmaması, yaxud da istənilən tibbi müdaxilənin  olmasını nəzərdə tutur. Ancaq “welness” turizmi zamanı insanların tam xəstə deyil, sağlamlığının bərpası, möhkəmlənməsi əsas götürülür. 

Məsələn, Naftalan, Duzdağ, Qalaltı kimi sağlamlıq mərkəzlərini göstərmək olar. Azərbaycanın “welness” turizmi ilə bağlı kifayət qədər ənənələri var. Bir sıra kurort zonaları var ki, vaxtilə gələnlər olub, müxtəlif profilaktik müalicələr alıblar. Ancaq tibbi turizm sahəsi yeni inkişaf etməkdədir. Bununla bağlı dünyada qabaqcıl, öz sözünü demiş ölkələr var. Bu ölkələrə misal olaraq qonşu Türkiyə, Amerika, İsrail, Almaniya, Mesksika bu sahədə ixtisaslaşıblar.  Tibbi turizmin bir üstünlüyüdə ondan ibarətdir ki, tibbi turizm zamanı bir turistin dünyada səyahət edərkən xərclədiyi vəsaitdən dəfələlərlə çox vəsait sərf edir. Ona görə də bu daha gəlirli sahə hesab olunur. Hətta Türkiyənin sağlamlıq turizmi strategiyasında da daha çox gəlir gətirən və xidmət keyfiyyəti olan turizm növünə üstünlük verilməyə başlanıb ki, bunlardan biri də tibbi turizmdir. Son illər 1 milyondan artıq turist məhz Türkiyəyə tibbi turizm məqsədilə gəlir ki, bu da milyard dollarlarla ölçülür”.  

Azərbaycanda buna potensial varmı? 

Ekspert deyir ki, Azərbaycanda buna potensial var:

“Çünki artıq ayrı-ayrı həkimlər və bəzi klinikalar bu istiqamətdə çalışırlar, özlərini reklam edirlər. Hətta biz hava limanında da görürük ki, hansısa həkim öz rəsmlərilə sosial şəbəkələrdə reklamını aparır. Bəzi klinikalar xarici ölkələrdən bu istiqamətdə turistlər cəlb etmək istəyirlər. Azərbaycanda təxminən iki beynəlxalq standartlı xəstəxana var.

Bunlar da xaricdən turistlərin gəlməsi üçün bir çox sualları aradan qaldırır. Ancaq görüləsi hələ çox işlər var. Azərbaycan təbii ki, bu sahədə öndə olan ölkələrdən deyil. Ancaq potensial var. Çünki tibbi xidmətlə bağlı bizdə də artıq kifayət qədər Türkiyədə, Almaniyada təhsil alan uzmanlaşmış tibbi personalımız var. Onlar öz sahələrində ixtisaslaşıblar. Bəzi sahələr üzrə artıq sistemli olmasa da, turistlər ölkəmizə gəlirlər. Bu, daha sistemli olarsa, yeni yaradılmış Tibbi Turizm Strategiyasında bunlar nəzərə alınacaq və ölkəmizi tanıtmaq üçün işlər görüləcək ki, bu da ölkəyə əlavə valyuta axını gətirmiş olacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
1
cebheinfo.az

2Mənbələr