AZ

Əvvəllər müəllimlər formal surətdə əvvəl ixtisasartırma kursuna göndərilirdi". Hikmət Əlizadə

"Sertifikatlaşdırma dünyanın bütün ölkələrində həyata keçirilir. Bizim ölkədə də keçən əsrdə sertifikatlaşdırma prosesi attestasiya formasında həyata keçirilib, o zamanlar müəllimlər formal surətdə əvvəl ixtisasartırma kursuna göndərilirdi". TehsilForumu.Az xəbər verir ki , bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, pedaqogika üzrə elmlər doktoru, Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadə deyib. O bildirib ki, həmin dövrdə bir neçə ay müxtəlif fənlər üzrə mühazirə dinlədikdən sonra müəllimlərin biliyi “məqbul” ilə qiymətləndirilirdi, bununla da müəllimlər attestasiyadan keçmiş sayılaraq fəaliyyətlərini davam etdirirdilər.  "Müasir dövrümüzdə bu proses daha optimal şəkildə təşkil edilib. Sertifikatlaşdırma müəllimin peşəkarlıq səviyyəsinin və peşə yararlığının müəyyən edilməsi məqsədilə iki mərhələdə (test və müsahibə) həyata keçirilir. Sertifikatlaşdırmaya hazırlaşan müəllimlər müxtəlif ədəbiyyatlarla tanış olurlar. Bu gün internet resursları müəllimin özünütəhsil imkanlarını artırıb. Müxtəlif fənn müəllimlərinin bir-biri ilə fikir mübadiləsi aparması da sertifikatlaşdırma prosesinə hazırlıq mərhələsində mühüm əhəmiyyət kəsb edir. Beləliklə, sertifikatlaşdırma adi prosedur qaydası deyil. Bu, müəllimlərin öz pedaqoji bilik və bacarıqlarının təkmilləşdirilməsi, daha səriştəli müəllimlərin məktəblərdə işləməsi, təhsil müəssisələrində təlim-tərbiyə işlərinin daha keyfiyyətli təşkil edilməsi deməkdir". 3-cü ildir ki, sertifikatlaşdırma prosesinin həyata keçirildiyini deyən İctimai Şuranın sədri bu illər ərzində müəllimlərin öz işinə münasibətində müsbət dəyişikliklərin müşahidə olunduğunu qeyd edib. Hikmət Əlizadənin sözlərinə görə, müəllimlər indi daha keyfiyyətli dərs deyirlər: "Fikrimcə, müsbət dəyişiklikləri nəzərə alaraq, qısa müddət ərzində bütün fənlər üzrə sertifikatlaşdırmanı həyata keçirmək məqsədəuyğun olardı. Bu, təbii ki, məktəblərdə daha keyfiyyətli tədrisin aparılmasına imkan verəcək. Sertifikatlaşdırma prosesinin test və müsahibə yolu ilə təşkili ölkəmizdə ilk təcrübədir. Buna görə də müəllimlərin bir qismində bu proses haqqında adekvat olmayan fikirlər formalaşıb. Amma sertifikatlaşdırmanın keçirilmə mexanizminə diqqət etdikdə məlum olur ki, bu proses humanizm prinsipləri üstün tutulmaqla həyata keçirilir. Bu proseslə maraqlanan hər bir şəxs bilir ki, sertifikatlaşdırmadan keçməyən müəllimlərə ikinci şans verilir. Mən inanıram ki, ikinci şansdan istifadə edən müəllimlər sertifikatlaşdırmadan uğurla keçəcəklər. Bu müddət ərzində hazırlaşa bilməyib yenidən uğursuzluğa düçar olan müəllimin sinfə girməyə sizcə, mənəvi haqqı ola bilərmi?"  Hikmət Əlizadə deyir ki, sertifikatlaşdırmanın digər bir müsbət cəhəti müəllimlərin əməkhaqqılarına olunan əlavələrdir. "Belə ki, topladığı baldan asılı olaraq təhsilverənlərin maaşları 10 və 35 faiz artır. Onlar məktəbin nüfuzlu müəllimləri sırasında yüksək reytinq əldə edirlər. Valideyn və şagirdlərin bu müəllimlərə etibarı artır. Ən əsası isə, elm və təhsil naziri Emin Əmrullayevin qeyd etdiyi kimi, gələcəkdə məktəb direktoru və müavin seçimində, o cümlədən qeyri-maddi rəğbətləndirmə prosesində sertifikatlaşdırmada yüksək nəticə göstərən müəllimlərə üstünlük veriləcək. Bu isə o deməkdir ki, sertifikatlaşdırmadan uğurla keçmək müəllimlərin iş karyerasında mühüm rol oynayacaq".  Hikmət Əlizadənin fikrincə, müəllimlərin sertifikatlaşdırılması prosesində uğur əldə etməsi üçün müəyyən elmi-metodiki işlərin həyata keçirilməsi məqsədəuyğun olardı. Bu onların ixtisasının artırılması ilə bağlı olan məsələdir. İl ərzində müxtəlif pedaqoq, psixoloq və metodist alimlərin onlayn dərslərini təşkil etmək olar ki, bu da müəllimlərin bilik və bacarıqlarının təkmilləşməsində mühüm rol oynaya bilər:  "Azərbaycan müəllimi həmişə öz yüksək nəticələri ilə fərqlənib. Hələ SSRİ dönəmində çoxlu sayda pedaqoqlarımız ölkənin tanınmış simalarına çevrilmişdilər. Düşünürəm ki, sertifikatlaşdırma müəllimlərin öz fəaliyyətlərinə yenidən nəzər salmaları və daha yüksək uğurlara imza atmaları üçün yeni bir şansdır. Hesab edirəm ki, Azərbaycan müəllimləri bu şansdan layiqincə yararlanacaq və biz bir neçə ildən sonra onların günün tələblərinə uyğun dərsləri haqqında fəxrlə danışacağıq. Bu yolda müəllimlərə uğurlar arzu edirəm".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
tehsilforumu.az

1Mənbələr