AZ

Məhkəmə “Abzas Media”nın işi üzrə iki jurnalistin həbs müddətini uzadıb

İyunun 10-da Xətai Rayon Məhkəməsi araşdırmaçı jurnalist Hafiz Babalının həbs müddətinin daha 1 ay - iyulun 13-dək uzadılması ilə bağlı istintaqın təqdimatını təmin edib. Bu barədə Turan-a onun vəkili Rəsul Cəfərov bildirib.

İclas zamanı müdafiə tərəfi Babalının həbsinin əsassız olduğunu qeyd edib və həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi barədə vəsatət qaldırıb.

Jurnalist qaçaqmalçılıq ittihamlarını bir daha rədd edib, öz işini jurnalistika ilə əlaqələndirib və məhkəmənin diqqətini sağlamlıq problemlərinə yönəldib.

Babalı görmə qabiliyyətinə əsasən üçüncü qrup əlildir. Bundan əlavə, ayağında qan damarlarının varikozu var.

Lakin hakim İlahə Abbasova jurnalistin həbs müddətini uzadıb. Müdafiə tərəfi apellyasiya şikayəti verəcək.

Bu gün Xətai məhkəməsi bu iş üzrə  digər müttəhim,  jurnalist Elnarə Qasımovanın ilkin həbs müddətini daha 2 ay - avqustun 13- dək uzadıb, onun vəkili Günay İsmayılova bildirib.

Müdafiə tərəfi jurnalistin həbsdə saxlanması üçün maddi və prosessual əsasların olmaması səbəbindən bu qərarla razılaşmır və qərardan şikayət vermək niyyətindədir.

Elnarə Qasımova ittihamı rədd edir və onu jurnalist fəaliyyətilə əlaqələndirir.

Qeyd edək ki, prokurorluğun qərarı ilə "Abzas Media işi" üzrə istintaq sentyabrın 20-nə qədər uzadılıb.

* 2023-cü ilin noyabrından 2024-cü ilin yanvarına qədər “Abzas Media”nın ilə əlaqədar altı jurnalist və media işçisi "qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq" ittihamı ilə həbs edilib.

Bu ilin aprelində meclis.info saytının rəhbəri İmran əliyev və Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli bu iş üzrə həbs ediliblər. Sonradan onların işləri ayrıca icraata götürülüb.

İyunun 1-də iqtisadçı Fərid Mehralızadə “Abzas Media” işi üzrə həbs edilib.

Həbs olunanlar özlərini günahkar saymırlar. Hüquq müdafiəçiləri onları siyasi məhbuslar kimi tanıyıblar. Beynəlxalq təşkilatlar həbs olunanların azad edilməsinə çağırıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
turan.az

1Mənbələr