AZ

“Dedik ki, səninlə qanun dilində danışarıq” - Tahir Əkbərin xanımı

““Tik tok”da “Plagiat TV” səhifəsi var. Orada Tahir Əkbərin “Əzizim” mahnısını yerləşdiriblər. Mahnını notbanot oğurlayıb Türkiyədə öz adlarına keçiriblər. Hansı ki, Tahir Əkbər onu 1989-cu ildə notları ilə birgə Nisə Qasımovanın ifasında Qızıl Fonddan keçirib. Türkiyədə isə məhşur kanon ifaçısı Halil Karaduman 1997-ci ildə öz adı ilə qeydiyyatdan keçirib”.

Bunu Bakupost.az -a açıqlamasında Əməkdar artist, bəstəkar Tahir Əkbərin xanımı Aybəniz Əkbər deyib.

A.Əkbər “Amin” mahnısının oğurlandığını da bildirib:

“Bu mahnı haqda “Plagiat TV”-də şərhləri oxuyurduq. Hər kəs yazırdı ki, “Əzizim” Tahir Əkbərin notlarıdır. Müşfiq adlı bir nəfər isə bildirib ki, “Tahir Əkbər onsuz da oğru idi, “Amin” mahnısını da farslardan oğurlayıb, əslində mahnını mən bəstələmişəm”. Ancaq “Amin” əsəri Azərbaycan musiqisinə yeni janr kimi daxil edilib. Bunu musiqişunaslar təhlil edib və təsdiqləyiblər. Brilliant Dadaşovanın ifasında Avropada dünya "Qızıl diskə" salınıb.

“Amin” mahnısı 2008-ci ildə Avropanın 20 ölkəsində Azərbaycanı təmsil edib. Bu insan isə Tahir Əkbəri oğurluqda ittiham edərək mahnını farsların adına çıxmaq istəyir. “Amin” əsərinin notları dövlətdə və bizdə qorunur. Mahnının sözləri isə Xalq şairi Bəxtiyar Vahabzadənindir.

Biz özünü müğənni kimi təqdim edən Müşfiq adlı həmin adamın telefon nömrəsinə zəng vurduq. Dedik ki, səninlə qanun dilində danışarıq. Mahnının notları bizdədir, sən də farsın musiqisini gətir. Bunu deyəndən sonra onunla əlaqə kəsildi. Amma elə şeylər var ki, toxunmaq olmaz. Onlardan biri də “Amin” əsəridir, sırf Azərbaycan ladlarıdır. Farslar bu musiqinin bir notunu düşünə bilməzlər”.

Vasif Əlihüseyn
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
bakupost.az

1Mənbələr