AZ

Gözəlləşən və modernləşən Küləklər şəhəri – qədim Bakımız TƏHLIL

Azərbaycanın iqtisadi və sosial həyatında baş verən dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayiət olunduğundan ölkəmizin hər bir yerində abadlıq, quruculuq işləri geniş vüsət alıb. Dinamik inkişaf, infrastrukturun yeniləşdirilməsi, geniş vüsət almış tikinti, quruculuq və abadlıq işləri regionlarla yanaşı, paytaxt Bakıda da uğurla davam etdirilib. Son illərdə Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinin həcmi daha da artıb. Paytaxtımızın görkəmi dəyişir, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması istiqamətində ardıcıl işlər görülüb. Bakıda 2024-2040-cı illəri əhatə edən Baş plan qəbul edilib. Bu plana uyğun olaraq avtobus yolları, velosiped zolaqları, yaşıllıq sahələrinin salınması kimi mühüm əhəmiyyət daşıyan böyük layihələr həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində sağlam mühit prinsiplərinə əməl olunur. "Bakı inkişaf edir, böyüyür və son vaxtlar Bakının memarlıq məsələlərinə xüsusi diqqət göstərilir. Vaxt var idi ki, Bakıda inşa edilən eybəcər, yöndəmsiz binalar göbələk kimi üzə çıxırdı. Heç bir memarlıq normalarına uyğun gəlməyən, heç bir memarlıq əmsallarına cavab verməyən bu yöndəmsiz binalar Bakının bəzi yerlərinin simasını əfsuslar olsun ki, mənfiyə doğru dəyişmişdir. Ancaq son vaxtlar bu məsələyə ciddi nəzarət var. Dövlət tərəfindən bütün bu məsələlər tənzimlənir və icazəsiz, qanunsuz tikililərin sayı xeyli azalıbdır", - deyə Prezident İlham Əliyev çıxışlarının birində bildirmişdir.

BAKI PARKLAR ŞƏHƏRİDİR

İldən-ilə simasını dəyişən, gözəlləşən və modernləşən Bakımız. Gözəl park və xiyabanlar, geniş prospektlər, möhtəşəm binalar, meydanlar və körpülər onun bənzərsiz gözəlliyinə yeni çalarlar gətirmiş, fərqli naxışlar salmışdır. Son 20 ildə Bakı şəhərində 400-ə yaxın park yaradılıb və təmir edilib. Bakı parklar şəhərinə çevrilib. Qədimlik və müasirliyin heyrətamiz harmoniyası şəhərimizi dünyanın ən gözəl şəhərlərindən biri olaraq tanıdıb. Azərbaycanın paytaxt şəhəri Bakı müasirliyi ilə göhnəliyin, qədimliyin vəhdətində tikililəri ilə göz oxşayır. Tarix boyu bu şəhər öz əzəməti, füsünkarlığı ilə diqqəti cəlb edib. Böyük elmi-mədəni və sənaye mərkəzi olan Bakı qədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biri hesab olunur. Sinəsində məskən salan abidələri bu şəhərin sirli memarlıq nümunələrinin abidəsidir. Möhtəşəm Şirvanşahlar Sarayı kimi abidələr şəhərin memarlıq abidəsinə gözəl rəng əlavə edib. Qədim qala divarları, uca qüllələr Bakının əzəmitini özündə ehtiva edir. Bakının ən möhtəşəm və sirli abidələrindən biri Milli Dənizkənarı Parkın qənşərində yerləşən məşhur Qız qalasıdır.

Bakının ümumi görünüşünü daha da müasirləşdirən şəhərdəki ən hündür bina olan "Alov qüllələri" kompleksi, Azərbaycan muğamının dünyada geniş təbliği məqsədi ilə yaradılan, Avropa standartları ilə inşa edilən Beynəlxalq Muğam Mərkəzi, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği və s. istiqamətində sistemli fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, eləcə də Xalça muzeyi, Bakı Su İdmanı Mərkəzi və eləcə də digər tikililər Bakının simasına müasirlik gətirib.

"AZƏRBAYCANDA YÜZ İLLƏRDƏN BƏRİ QARA ŞƏHƏR ADLANAN ŞƏHƏR AĞARACAQDIR"

Paytaxtın "Qara şəhər" adlandırılan hissəsi indi "Ağ şəhər" kimi tanınır. Həmin ərazidə də müasir tələblərə uyğun gözəl binalar inşa olunur. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı" çərçivəsində həyata keçirilən Bakı Ağ Şəhər layihəsi dünyanın qabaqcıl və müasir şəhərsalma layihələri səviyyəsindədir. "Azərbaycanda yüz illərdən bəri Qara Şəhər adlanan şəhər ağaracaqdır, təmizlənəcəkdir, orada gül-çiçək əkiləcəkdir və o, Azərbaycanın gözəl bir guşəsinə çevriləcəkdir", - deyən Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliklə söylədiyi bu fikirlər artıq reallığa çevrilib. Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında bir sıra tikililər, avtomobil yolları və digər infrastruktur işləri tamamlanıb. Mərkəzi Park Kvartalı təhvil verilmiş Paris evlərindən əlavə, 36, 20 və 8 mərtəbəli yaşayış binaları, 6-cı Park küçəsi boyunca ikimərtəbəli qeyri-yaşayış binaları, ticarət və ictimai iaşə obyektləri, orta məktəb, ofis və dövlət inzibati binaları, bir sıra park və yaşıllıq zonalarından ibarətdir. Qarabağ Atları küçəsinin mərkəzində səkkizmərtəbəli, müasir fasadlı yaşayış binalarının əhatəsində Qarabağ Atları Meydanı yerləşir. Meydanın mərkəzində Qarabağ atlarının heykəl kompleksi quraşdırılıb. Qarabağ atları heykəl kompleksi Azərbaycanın Qarabağ torpaqlarının 30 illik işğaldan azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsindəki Zəfərinə həsr edilib.

"MƏQSƏDİMİZƏ ÇATMIŞIQ, ŞƏHƏR İÇİNDƏ ARTIQ ŞƏHƏR VAR"

Geniş vüsət alan abadlıq-quruculuq və yenidənqurma işləri paytaxtımıza yeni bir ahəng gətirib. Xüsusilə, böyük parkların, xiyabanların salınması və köhnə tikililərin sökülərək, yenilərinin inşası şəhərimizə yeni çalarlar əlavə edib. Şəhərin simasına xüsusi gözəllik verən yaşıllıqlar Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılmasına də təsirsiz ötməyib. Ekoloji fəlakət mənbəyi olan Balaxanıda, Bibiheybət neft mədənlərində, Böyükşorda aparılan işlər nəticəsini verib. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində Bakıda havanın keyfiyyətinin böyük dərəcədə yaxşılaşdığını diqqətə çəkərək, havanı çirkləndirən bir çox mənbələrin ləğv edildiyini bildirib: "Onlardan biri Bibiheybət zonası idi, hansı ki, o, ekoloji fəlakət mənzərəsi idi. İndi orada park salınıb, idman qurğuları, xiyabanlar yaradılıb, bulvar o zonaya qədər uzadılıb. İkincisi, havanı və ekologiyanı böyük dərəcədə çirkləndirən "Qara şəhər" idi. indi onun yerində "Ağ şəhər" yerləşir. Bu da, böyük şəhərsalma layihəsidir. …Əlbəttə, Balaxanı zibilxanası havanı, demək olar ki, zəhərləyirdi. Çünki orada yanan məişət tullantılarının söndürülməsi mümkün deyildi. Hazırda orada böyük zibilyandırma zavodu və çeşidləmə poliqonu fəaliyyət göstərir. Bu ərazi ekoloji təmiz zonaya çevrilib".

Qeyd edək ki, hazırkı Ağ Şəhərin ərazisi 150 ildən çox idi ki, Qara şəhər kimi tanınırdı. Buraya Qara şəhər adının verilməsi də təsadüfi deyildi. Ərazi neft sənayesi tullantılarından çirklənmişdi. Burada çox sayda bataqlıq, gölməçə və neft tullantıları var idi. Bir sözlə, Qara şəhər əsl ekoloji fəlakət zonasına çevrilmişdi. Bütün bu amilləri nəzərə alan Prezident İlham Əliyevin təşəbbüsü ilə Qara şəhərin yerində hazırda dünyanın ən müasir ekoloji layihəsi olan Ağ Şəhərin salınmasına başlanıldı. Bu layihənin reallaşdırılması ilə Qara Şəhərin sənaye siması keçmişdə qalaraq yerini Bakı Ağ Şəhər adlı harmoniya və rahatlıq məkanına verərək, öz təkrarolunmaz cizgiləri ilə regionda lider olan Bakı şəhərinin yeni müasir mərkəzinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Məqsədimizə çatmışıq, şəhər içində artıq şəhər var".

Xatırladaq ki, nadirliyi ilə seçilən Bakı Ağ Şəhər layihəsinin təməli Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən 2011-ci il dekabrın 24-də qoyulub. Bakının ekoloji cəhətdən ən çox çirklənmiş bu yerində aparılmış irimiqyaslı tədbirlər nəticəsində həm şəhərsalma, həm memarlıq, həm sakinlərin rahat yaşayışı, həm də ekoloji baxımdan sözün əsl mənasında möcüzəvi layihə reallaşdırılıb.

BAKIDA BREND ŞƏBƏKƏLƏRƏ AİD BEŞULDUZLU HOTELLƏR

Bugünki müasir Bakının ruhu zəngindir. Burada olan müasir üslublu muzeylər, teatrlar, konsert zalları, Dənizkənarı Milli Park, eyni zamanda milli və xarici mətbəxi ilə seçilən kafelər, restoranlar şəhərə rəng əlavə edib. Son illərdə Bakıda brend şəbəkələrə aid bir neçə beşulduzlu hotelin açılması paytaxtımızın simasına daha bir çalar bəxş edib. İqtisadi inkişaf nəticəsində turizm sektoruna da xüsusi dövlət qayğısı, o cümlədən sahibkarlıq fəaliyyətinə əlverişli mühitin yaradılması dünyanın tanınmış otel şirkətlərinin də ölkəmizə axınını gücləndirmiş oldu. Əgər bu gün "Four Seasons", "Fairmont", "Mariott", "Hilton", "Kempinski", "Jumeirah", "Sheraton", "Hyatt" kimi dünyanın səkkiz aparıcı otel brendi Bakıdadırsa, artıq bu ölkəmizin inkişafının bir göstəricisidir. Belə brendlərə yalnız dünyanın ən inkişaf etmiş şəhərlərində təsadüf edilir. Bakıda beşulduzlu otellərin sayı durmadan artır. Beşulduzlu otellərdə rahat və gözəl yerləşmə, yüksək xidmət və cazibəli interyer diqqəti cəlb edir. Təbii ki, belə hotellərin inşası Azərbaycana gələn turistlərin marağının artmasına əhəmiyyətli dərəcədə səbəbdir. Bu gün əminliklə deyə bilərik ki, aparıcı sənaye sahəsinə çevrilən turizm ölkəmizdə rəqabətə davamlıdır.

Qədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biri hesab olunan Bakının rəmzinə çevrilən və ona yeni sima və rəng verən müasir tikililər də, məhz iqtisadi göstəricilərin məntiqidir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
sesqazeti.az

1Mənbələr