AZ

Qadınlara qarşı təqib artıb: QHT sədri SOS dedi

"Son zamanlar qadınlara qarşı təqib halları ilə bağlı müraciətlər artır. Təqib edən şəxslər keçmiş ər və ya tanışlardır".

 "Cebhe.info" xəbər verir ki, bu sözləri “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. O bildirib ki, təqib edən şəxslər davamlı olaraq, fiziki və psixoloji metodlara əl atır:

"Bununla da qadınların gündəlik yaşamlarına, karyerasına, qohumluq münasibətlərinə, övladlarına təsir göstərir. O cümlədən, ictimai nüfuzuna ciddi zərbə vurur. Bəzi hallarda iş yerlərini itirməsi ilə nəticələnir. Qadınların imtinası təqib edən şəxslərin daha iyrənc yollara əl atması ilə müşahidə edilir, bu isə qadınları intihar vəziyyətinə gətirir, onların fəaliyyət sferasına, psixoloji durumuna, inkişafına əngəl törədir. Təəssüf ki, zorakılığın bu forması beynəlxalq aləmdə tanınsa da, bizim “Məişət zorakılığı ilə mübarizə haqqında” Qanunda əks edilməyib”. 

M.Zeynalova bildirib ki, məhz bu səbəbdən təqiblə üzləşən qadınların şikayətləri baxılmamış qalır:

“İstinad, qanunvericilikdə belə bir müddəanın olmaması, yaxud xəsarətin olmaması ilə əsaslandırılır". 

O, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi olaraq bir sıra aidiyyəti qurum və şəxslərə müraciət edib:

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman, Azərbaycan Respublikası Milli Məclisi, Hicran Hüseynova, Pərvin Kərimzadə, Zahid Oruc, Soltan Məmmədov, Naqif Həmzəyev və digər problemə biganə qalmayan qurum və millət vəkillərinə müraciət edirik ki, problemi gündəlikdə saxlasınlar". 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
cebheinfo.az

1Mənbələr