AZ

Növbəti proses haradan başlayacaq?

Yazını böyüt
Yazını kiçilt

Qazaxın 4 kəndinin bir güllə atılmadan geri qaytarılması və 13 kilometrlik ərazidə dövlət sərhəd nişan xətlərinin qoyulması uzun illər münaqişədə olan iki ölkə arasında delimitasiya prosesinin başlanğıcı və sülh müqaviləsinə doğru növbəti addımların atılmasına hazırlanan əsas zəmin kimi qeyd olunur. Bu gün artıq delimitasiya ilə bağlı bir sıra ehtimallar üzərində dayanılıb. Dörd kəndin geri alınmasından sonra Ermənistanda baş qaldıran revanşist qüvvələrin keşişin rəhbərliyi ilə keçirdiyi etiraz aksiyalarının prosesin ləngiməsinə yönəldiyi narahatlıq doğurmaqla yanaşı, bir sıra mühüm məsələləri ortaya qoyur.

Maraqlıdır: növbəti delimitasiya prosesi harada aparıla bilər və bu proses də Ermənistanda daxili etirazlarla müşahidə olunacaqmı? Sərhədlərin müyyənləşməsində hansı xəritələr əsas götürüləcək?

Milli Məclisin deputatı Arzu Nağıyev bildirir ki, Qazax rayonu ərazisində olan 4 kəndin erməni işğalından azad edilməsi və daha sonra aparılan delimitasiya və demarkasiya işi təqdirəlayiqdir: “Həmin ərazilərdə sərhəd qoşunları öz yerini tutub. Ermənistanda baş qaldıran revanşist qüvvələr bu prosesin qarşısını almaq üçün kilsə məmurunu ortaya salıblar. O şəxsin keçmiş Qarabağ klanının nümayəndələri olan Köçəryan, Sarkisyanın təsiri altında aksiyalar keçirməyə çalışdığı da bəllidir. Paşinyan həmin qüvvələrin hakimiyyət üçün ciddi təhlükə yaratdığını anlayır”.

A.Nağıyev bildirir ki, bir sıra mənbələrdə bu problemin yaranmasında Rusiya xidmət orqanlarının rol oynadığı qeyd edilsə də, Paşinyanla Putin görüşündən sonra kimlərin bu vəziyyətdən istifadə etdiyi ortaya çıxıb: “Bu prosesdə növbədə Zəngəzur dəhlizi, bütün sərhəd boyu delimitasiya məsələlərinin həlli var. Bütün sərhədlərdə sərhəd qoşunları oradakı hərbi qurumları əvəz etməlidir. 

Sərhədlərin hansı xəritələrə müəyyən edilməsinə gəlincə, deputat delimitasiyada 1991-ci ildə qəbul olunan Almatı deklorasiyasından istifadə olunduğunu qeyd edib.  SSRİ dağıldıqdan sonra yaranmış yeni dövlətin sərhədləri haradan keçibsə, sərhədlər o ərazilərdən götürülür. Bir sıra digər detalları -anklav, eksklavlarla bağlı məsələləri komissiya özü həll etməyə qadirdir. Əsas məqsəd odur ki, sülhün bərqərar olunması üçün çox ciddi delimitasiya, demarkasiya prosesi həyata keçirilməlidir”.

Milli Məclisin deputatı Mahir Abbaszadə bildirir ki, delimitasiya, demarkasiya prosesinin həyata keçirilməsi, bağlanacaq sülh müqaviləsi, bütövlükdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, Cənubi Qafqazda daimi qalıcı sülhün bərpa olunmasında mühüm rol oynayacaq. Bu proses sürətlə davam etdirilməlidir: “Son vaxtlar bu istiqamətdə hər iki ölkənin baş nazirlərinin müavinləri səviyyəsində işçi komissiya fəaliyyət göstərir. Açıq etiraf etmək lazımdır ki, bu komissiya, artıq müsbət nəticələr əldə etməkdədir.

Qazax rayonu ərazilərindən qoparılan Azərbaycanın qədim torpaqlarının - 4 kəndin ermənilər tərəfindən geri qaytarılması və bu ərazilərdə delimitasiya və demarkasiya işinin aparılması müsbət haldır və proses davam etdirilməlidir”.

Deputat hesab edir ki, sərhədlərin müəyyənləşdirilməsi prosesi Azərbaycanla Ermənistan arasında bağlanılacaq uzunmüddətli və qalıcı sülhü şərtləndirən əsas əlamətlərdən biridir:

“Proselərinin  sürətlə həyata keçirilməsi, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı son vaxtlar ciddi irəliləyişlərin olduğunu görürük. Təbii ki, bütün bu irəliləyişlər Azərbaycanla Ermənistan arasında  hədəflənən sülh sazişinin imzalanmasının əsas vasitəsi kimi çıxış etməkdədir. 1992-ci ildə pozulmuş və 44 günlük müharibədən sonra bərpa edilmiş sərhədlərin dəqiqləşdirilməsinə çox ehtiyac var. Yəqin ki, proseslər bu istiqamətdə davam etdiriləcək. Sərhədlərin dəqiqləşdirilməsi böyük sülh sazişinə aparan ciddi yollardan biridir. Ermənistanda “sülhdən başqa digər yolunun olmadığı” fikirləri zaman gələcək hakim olacaq. Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri onun ümumi sərhədlərinin təxminən 75 faizini təşkil edir. Bu səbəbdən hesab edirəm ki, etirazlar yüksəlsə də bu proses davam edəcək”.

M.Abbaszadə bildirir ki, sərhədlərin neçənci illərin xəritələrinə görə müəyyənləşməsi ciddi müzakirə predmetidir. Onun sözlərinə görə, bəzi mülahizələrə görə, sərhədlər 1976-cı ilin xəritələrinə görə hesablanmalı, digər mülahizələrdə isə 1991-ci il və Almatı bəyannaməsinin şərtlərini irəli sürənlər də var.  Deputat hesab edir ki, bütün hallarda beynəlxalq hüquqa və həmin torpaqların əsl sahiblərinin kim olduğu və sərhədlərinin haradan başladığını göstərən tarixi faktlar əsas götürülərək delimitasiya prosesi sürətlənməlidir. 

Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirir ki, delimitasiya prosesi uzun müddətə aparılan və mövqeləri dəfələrlə dəqiqləşdirilən bir prosesdir. Onun sözlərinə görə, bəzən bu proses ölkələr arasında 10 illiklərlə davam edir. Deputat bildirir ki, tərəflərin 30 il müharibə şəraitində olub, qısa zamanda sərhədin müəyyən bir hissəsində razılığa gəlməsi hər iki ölkə üçün uğur hesab edilə bilər: “Delimitasiya ölkələrin dünya birliyi tərəfindən tanınan sərhədləri əsasında aparılır. Bəzən delimitasiya xətti nəzəri şəkildə hansısa bir dərədən, dağ massivindən keçdiyi üçün artıq bu yerlərdə sərhədlərin dəqiqləşdirilməsi komissiyalarının apardığı işlər nəticəsində həllini tapa bilir”.

Delimitasiyanın Ermənistanda hansı proseslərə səbəb olması məsələsinə gəlincə, deputat bunun Azərbaycan üçün əhəmiyyətli olmadığını deyir: “Azərbaycan Ermənistanın rəsmi hakimiyyət orqanları ilə danışıqlar aparır və həmin danışıqlar əsasında ümumi razılığa gəlinir. Aydın məsələdir ki, hər iki tərəf özünün maraqlarını qorumağa çalışır. Ölkəmizin maraqları tarixi Azərbaycan torpaqlarına və respublikamızın beynəlxalq hüquqla tanınan sərhəd hüquqlarının  qorunmasına əsaslanır. Ermənistan isə tarixi Azərbaycan torpaqlarında yaranıb, hər iki respublika SSRİ Birliyinə daxil edildikdən sonra bu birliyin rəsmi orqanları vaxtaşırı Azərbaycanın razılığı olmadan bəzən bütöv bölgələri, bəzən isə kəndlərin bir hissəsini qeyri-qanunu şəkildə Ermənistana veriblər.  Bu gün Ermənistan həmin əraziləri özününkü hesab etsə də, fakt faktlığında qalır”.

A.Mirzəzadə delimitasiyanın hansı xəritələr əsasında aparılmasının Azərbaycan hakimiyyət orqanları tərəfindən ciddi şəkildə araşdırıldığını, bu xəritənin hansı ilə aid oluğunu yaxşı bildiklərini deyir: “Əlimizdə tarixi sənədlər, xəritələr və Azərbaycanın ərazi bütövlüyüyün əleyhinə yönəldilmiş SSRİ mərkəzi hakimiyyət orqanlarının qeyri-qanuni qərarları var. Əlbəttə ki, bütün bunların hamısı müzakirə edilməlidir. Və 4 kəndin qaytarılması ilə bağlı aparılan müzakirələr göstərir ki, Azərbaycan düzgün yoldadır və digər 4 kəndimizi də mütləq işğaldan azad edəcəyik. Digər ərazilər üzrə razılığa gəlinmə isə komissiyaların uzunmüddətli fəaliyyəti nəticəsində mümkün olacaq. Bu gün paralel surətdə sülh müqaviləsi və delimitasiya üzərində işlər gedir. Azərbaycan hər iki məsələyə konstruktiv yanaşır. Azərbaycan Ermənistanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır və bunun üçün müvafiq addımlar atır”.

Politoloq Natiq Miri bildirir ki, hazırda Qazaxdan sonra sərhədlərin hansı hissəsində delimitasiya, demarkasiya prosesinin başladılması ilə bağlı konkret informasiya mövcud deyil. Onun fikrincə, bu, qapalı şəkildə, iki dövlətin komissiyası tərkibində müzakirə olunan məsələdir: “Bununla bağlı kim nə iddia edirsə etsin, qətiyyən ona güvənmək olmaz. Bu, qapalı informasiyadır və  hələlik, yalnız 4 kəndin qaytarılması ilə bağlı proses gedərkən bunu bəhanə edən qüvvələrin Ermənistanda Nikol Paşinyan hökumətinin devirməsi üçün növbəti bir etiraz dalğası başlatmasını görürük”.

Politoloq burada çox ciddi geosiyasi maraqların olduğunu deyib. Onun fikrincə, bu, sadəcə, Ermənistanın daxili məsələsi deyil:

“Hiss olunur ki, bu, idarəolunan bir prosesdir. Ona görə də növbəti delimitasiyanın hansı ərazilərdə olacağı ilə bağlı konkret informasiya yoxdur. Ancaq vacib məsələ ondan ibarətdir ki, Azərbaycan-Ermənistan sərhəddində normal coğrafi mövqeyə malik ərazilərdə qarşılıqlı olaraq  mübahisə predmeti olan ərazilər mövcud deyil. Bu ərazilərdə sürətlə irəliləmək olar. Bu irəliləyiş sərhədlərin delimitasiya prosesinə töhfə verməklə bərabər, qarşılıqlı etimadı gücləndirəcək. Bu, həm də uzun müddətli atəşkəsi təmin edir”.

Politoloq qeyd edir ki, 4 kəndin qaytarılmasından sonra Azərbaycan–Ermənistan sərhəddində bir güllə atılmayıb. Onun sözlərinə görə, bu onu göstərir ki,  sərhədlərin müəyyənləşməsi həm də təhlükəsizliyə töhfə verəcək legitim bir prosesdir. 

“Bu, beynəlxalq sərhəddir. Yəni dünənə qədər mövcud olan təmas xətti, artıq sərhəd nişan xətlərinə qarşılıqlı qorunma sisteminə çevrilib və bu sülhə yol açan məsələdir. Ona görə də hesab edirəm, düyün nöqtələri, hələlik anklavda olan ərazilərin qaytarılması məsələsi sonraya saxlanıla bilər. Ermənistanın daxili vəziyyətini də nəzərə almaq lazımdır.  Ona görə də qısa müddətdə çərçivə sazişini imzalamaq üçün sülhün yolunu açmaq lazımdır ki, bu da sərhədlərdə düyün nöqtələrini sonraya saxlamaq və razılaşdırıla biləcək mövqelərdə sürətli irəliləyişi təmin etməklə cərəyan edə bilər. Bu həm sülhə töhfə verər, həm də nəqliyyat, kommunikasiya sistemlərinin açılmasına şərait yaradardı”.

N.Miri delimitasiyanın hansı xəritələrlə müəyyənləşməsinə fərqli prizmadan yanaşıb. O bildirib ki, 1976-cı ilin xəritəsi məhz Qazaxın kəndinin qaytarılması  çərçivəsində istifadəyə yararlıdır:

“1000 kilometrə qədər sərhədin hamısının məhz 1976-cı ilin xəritələri ilə müəyyən olunacağı şərti razılaşma yoxdur. Ermənistanın xarici işlər naziri Mirzoyanın son bir açıqlaması var ki, Qazaxıstanda xarici işlər nazirlərinin son görüşündə sülh sənədində Almatı bəyannaməsi prinsipinin birmənalı qeyd olunmasına Azərbaycan razılıq verməyib. Ermənistanın belə bir iddiası var idi ki, hətta çərçivə sazişində belə Ermənistanın 29 min 743 km ərazisi rəqəmlərlə və paralel olaraq konkret hansı hüquqi sənəd çərçivəsində sərhədlərin müəyyənləşməsi birmənalı olaraq təsbit edilsin. Azərbaycan buna razılıq verməyib və haqlıdır.  Ölkəmizin Ermənistana ciddi şəkildə ərazi iddiaları ola bilər. Əgər sovet, bolşevik hakimiyyəti dönəmindən söhbət gedirsə, bu dönəm bir sistem daxilində baş verib. Yəni 1920-ci ildən başlayan bu işğal 1991-ci ildə SSRİ dağılana qədər bütöv bir quruluşdur.  71 il 7 ay çərçivəsində Azərbaycan torpaqlarının Ermənistana peşkəş edildiyi barədə yanlış qərarlar var. Bu, sovet dönəmində mümkün olub. Əgər sovet dönəmi bütöv bir sistemdirsə, onda nəyə görə həmin dönəmin xəritələri əsas olaraq götürülməlidir. Əgər xəritələrdən, keçmiş hüquqi sənədlərdən söhbət gedirsə, sərhədlərin 1970-ci illər xəritəsi çərçivəsində götürülməsi üçün əsas yoxdur”.

N.Miri bildirir ki, Azərbaycanın hansı əraziləri sovet Rusiyası dönəmində işğal olunubsa, həmin torpaqlar çərçivəsində iddia qaldıra bilər: “Hələlik Azərbaycan belə bir iddianı ortaya qoymur. Bu, Azərbaycanın danışıqlarda mövqeyini gücləndirən məqamdır. Bunu hər kəs anlamalıdır. Yox, əgər yeni iddialar,  bəhanələr ortalığa qoyulacaqsa,  Azərbaycanın mövqelərini gücləndirəcək amillər yaranacaq. Yəni artıq Qərbi Azərbaycan, Zəngəzur, Dərələyəz, digər ərazilər iddiası qaldırılacaq. Bu, Domokl qılıncı kimi hər zaman Ermənistanın üzərində olmalıdır. Ona görə də  düşünürəm, 1976-cı il xəritəsi bütün ərazilərə görə keçərli deyil”.

N.Miri hesab edir ki, bu xəritə ilə normal coğrafi mövqeyə malik ərazilərdə hər hansı problem olmadığı üçün ayrıcı xətti sürətli şəkildə müəyyən etmək olar. Total olaraq bunun bütün ərazilərə tətbiqi doğru deyil. Qarşı tərəf etimad ediləcək tərəf deyil, idarə olunur. Bu xüsusda qlobal güclərin maraqları nəzərə alınmaldır. Ona görə də Azərbaycan bəri başdan hər şeyə hazır olduğunu göstərən mövqe ortaya qoya bilməz”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
hafta.az

1Mənbələr