AZ

Qalmaqallı serial final etdi

Yayımlandığı gündən müzakirələrə səbəb olan "Alatava" serialı final edib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə aktyor Taleh Yüzbəyov sosial şəbəkə hesabında məlumat yayıb.

O, 2 aydan az bir vaxta 500 səhifəyə yaxın ssenari yazdıqlarını vurğulayıb:

"Çox çətin və maraqlı yol keçdik. Bu layihə Əlixanın beynində çoxdan var idi, amma hər dəfə üstündən keçirdi. Sonra etmək qərarına gəldi, keçdi "şturvalın" arxasına bir-bir mindik bu gəmiyə. Emin gəldi ssenarist kimi, Əlixan və mən də qoşulduq ona, çox qısa vaxtda gecə-gündüz yazdıq. Redaktəyə vaxtımız da qalmadı. 2 aydan da az vaxta 500 səhifəyə yaxın ssenari yazdıq. Elə səhnə var idi, çəkiliş meydançasında yazıldı. 

Yavaş-yavaş heyət yığıldı. Kadrda olmayan çox adam əziyyət çəkdi. Rejissor komandası, operatorlar, montajçı, işıqçılar, rəssamlar, geyim rəssamları, qrim ustası, rekvizitor, prodüserlər, səs rejissorları, texniki heyət, bərbər, çayçılar, sürücülər və bir çox adam yayın cırhacırında, gecədən səhərə, bəzən 18 saat çalışdı. Səhvlərimizlə, düzlərimizlə bu işi yekunlaşdırdıq. 

Əlixanı təbrik eləyirəm! 60 günə yaxın çəkilişdə həm rejissor, həm prodüser, həm də aktyor kimi başını itirmədiyinə, bu işi yarımçıq qoymadığına, son yayım gününə qədər montajdan çıxmadığına və belə möhtəşəm final səhnəsinə görə. 

Daha yaxşısını eləmək olardı? Əlbəttə! Həmişə daha yaxşısını eləmək olar. Səhvlərimiz var idi? Kifayət qədər! Amma bu bizim üçün yeni bir təcrübə idi. Buna qədər serial kimi ağır yükün altına girməmişdik. Bundan sonra ideya, güc və pul tapıb, daha da yaxşı işlər görməyə çalışacağıq. 

Tamaşaçılara isə lap çox təşəkkür edirəm. Sizin yazdığınız hər komment, atdığınız hər layk bizim özümüzə inamımızı daha da artırdı. Bəyənməyənlərə də minnətdarıq. Keyfiyyətli tənqidlərdən nəticələr çıxardıq, keyfiyyətsiz tənqidlərə güldük və daha da qaza gəldik. 

Ən əsası artıq "Alatava" adlı bir serial var. Nə vaxtsa həmvətənlərimiz baxıb, deyəcəklər ki, vaxtıykən Azərbaycanda belə insanlar yaşayıb və belə bir serial çəkiblər. Emin kişinin dediyi kimi: "Vaxt gələcək bir-bir öləcəyik. Buradakıların hamısı öləcək. Amma insan xatirələrdə yaşayırsa, demək ölməyib..." Növbəti işlərdə görüşənədək!"

Qeyd edək ki, aprelin 7-də İctimai Televiziyada (İTV) yayımlanmağa başlayan layihədə baş rolları Əlixan Rəcəbov, Taleh Yüzbəyov, Azər Aydəmir, Vüqar Əhmədzadə və Rumiyə Ağayeva oynayıblar. "Alatava" ümumilikdə 10 seriyadan ibarət olub. Ekran işinin müzakirələrə səbəb olmasına isə serialda işlənən ifadələr olmuşdu. Belə ki, Xalq artistləri Rasim Balayev və Əli Nur ekran işini tənqid edərək bəyənmədiklərini demişdilər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
milli.az

1Mənbələr