AZ

Biz birlikdə güclüyük

Türk dövlətləri öz potensialına görə dünyanın aparıcı dövlətləridir

Türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər. Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələr prioritet istiqamət kimi müəyyən olunub. Builki prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışında dövlətimizin başçısı bildirib ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Əslində, bu, ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir.

Prezident İlham Əliyev TÜRKPA nümayəndə heyətini qəbul edərkən mühüm məsələlərə toxundu, regional təhlükəsizlik aspektləri ilə bağlı fikirlərini bölüşdü. Eyni zamanda, Ermənistanda revanşizm iddialarının hələ də saxlanılması şübhəsiz ki, regional təhlükəsizlik üçün təhdid yaratmaqdadır. Onlar bu iddialardan tamamilə imtina etməlidirlər. Bu ideyalara sadiqlik nəinki müxalifətdə, hakimiyyətə can atan qüvvələrdə, eləcə də iqtidarda var. Çünki revanşizm yolu ilə Azərbaycan ərazilərinin yenidən işğal olunması iddiaları sülhə və təhlükəsizliyə böyük maneə törətməkdədir.

Eyni zamanda ATƏT-in Minsk qrupu formatında keçirilən danışıqlar tamamilə səmərəsiz oldu və Ermənistan bu yararsız qurumun buraxılması ilə bağlı açıq fikir ifadə etməlidirlər. Azərbaycan dəfələrlə bu mövzuda öz mövqeyini ortaya qoyub. Çünki Vətən müharibəsindən sonra yeni geosiyasi reallıqlar yaranıb və ATƏT-in Minsk qrupu tarixin arxivində qalıb. İki dövlət özü birbaşa dialoq yolu ilə danışıqlar keçirir. Bu danışıqların da praktiki nəticələri mövcuddur.

Digər tərəfdən Azərbaycan nə qədər ki, sülh müqaviləsi imzalanmayıb, təhlükəsizlik tədbirlərini davam etdirməlidir. Hətta sülh müqaviləsi olsa belə, təhlükəsizliyə böyük diqqət ayrılmalıdır, məhz bununla bağlı olaraq dövlətin çox mühüm strategiyası vardır. Türk modelində ordunun təkmilləşdirilməsi, müasirləşdirilməsi və yeni silahlarla komplektləşdirilməsi ən ümdə vəzifə hesab olunur.

Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər ediblər. Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentləri Ağdama və Füzuliyə səfərdə olublar. Yəni bu, işğal edilmiş torpaqların bərpası üçün, əlbəttə, böyük məna daşıyır. Azərbaycan bir daha qardaş dəstəyini hiss edir. Azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlayıb. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməli isə bu yaxınlarda Qırğızıstanın dəstəyi ilə Ağdam rayonunda qoyulub. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. Yəni bütün bunlar bir daha birliyimizi göstərir.

Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi və son illər keçirilən çox mühüm tədbirlərin genişləndirilməsi göstərir ki, Türk dünyası gündən-günə möhkəmlənir. Türk Dövlətləri Təşkilatı dünya miqyasında öz sözünü deməyə qadir olan bir mərkəzə çevrilir. Prezident İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən bir daha bu təşkilatın böyük gələcəyə malik olacağını diqqət mərkəzinə çəkib və bildirib ki, türk dövlətləri öz potensialına görə dünyanın ən aparıcı dövlətləridir.

Onların birliyi həm milli təhlükəsizliyin təmin olunması, həm də bir çox vacib problemlərin aradan qaldırılması üçün əhəmiyyətlidir. Prezidentimiz qeyd edib ki, Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Həqiqətən də belədir. Çünki bu gün türk dövlətlərinin birləşməsi həm iqtisadi, həm mədəni, həm də milli təhlükəsizlik, müdafiə qabiliyyətinin yüksəldilməsində başlıca əhəmiyyətə malikdir. Bu, türk dövlətlərinin milli maraqlarına cavab verir və onların gələcək xoşbəxtliyinə hesablanıb.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
1
ikisahil.az

2Mənbələr