AZ

Mərkəzi Gömrük Hospitalında “Patomorfoloqların cari rüblük toplantısı” keçirilib

Mərkəzi Gömrük Hospitalında Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə “Patomorfoloqların cari rüblük toplantısı” keçirilib.
 
Hospitaldan Aztibb.az-a bildirilib ki, tədbirdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalın rəisi, baş həkim Bəxtiyar Musayev, Mərkəzi Gömrük Hospitalının Patomorfoloji Diaqnostika şöbəsinin rəisi Zərifə Yusifli və digər dövlət və özəl tibb müəssisələrinin patomorfoloqları iştirak ediblər.
 
Salamlama nitqi ilə çıxış edən İsmayıl Əfəndiyev Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin müxtəlif tibbi ictimai birliklərlə uğurlu əməkdaşlıqlar yaradaraq müxtəlif davamlı tibbi təhsil tədbirləri həyata keçirdiyini qeyd edib. O, keçirilən toplantının patomorfoloqlar arasında təcrübə mübadiləsi üçün əhəmiyyətli platforma olacağına inandığını qeyd edərək, onları aktiv müzakirələrdə iştiraka dəvət edib.
 
Bəxtiyar Musayev də çıxış edərək Mərkəzi Gömrük Hospitalında Patomorfoloji Diaqnostika şöbəsinin həm maddi texniki baza, həm də kadr potensialı cəhətdən günü gündən təkmilləşdirildiyini qeyd edib. O, müvafiq olaraq şöbənin imkanlarının genişləndirilməsi istiqamətində müxtəlif fəaliyyətlərin icra edildiyi barədə məlumat verib və toplantı iştirakçılarına uğurlar arzu edib.
 
Tədbirdə Mərkəzi Gömrük Hospitalının Patomorfoloji Diaqnostika şöbəsinin rəisi Zərifə Yusifli “Neyropatologiyada rastlaşdığımız diaqnostik çətinliklər” mövzusunda konseptual məruzə ilə çıxış edib.
 
Daha sonra Mərkəzi Gömrük Hospitalının Patomorfoloji Diaqnostika şöbəsinin rəisi Zərifə Yusiflinin, Bakı Patologiya Mərkəzinin Laboratoriya müdiri Camal Musayevin və Milli Onkologiya Mərkəzinin Patoloji diaqnostika şöbəsinin müdiri Bahadur Abbasovun moderatorluğu ilə nadir klinik hallara dair təqdimatlar dinlənilib. Milli Onkologiya Mərkəzinin patomorfoloqları Nigar Məmmədova və Məsmalı Mustafayev, Ellab laboratoriyasının patomorfoloqu Vəli Nəsirov, Referans Klinik laboratoriyasının patomorfoloqu Gizem Issın, LİV Bonadea Hospitalın patomorfoloqu Əkbər Hacıyev və Müdafiə Nazirliyi PAM patomorfoloqu Minacəddin Şirinov tərəfindən edilən təqdimatlardan sonra auditoriya tərəfindən səsləndirilən suallar cavablandırılıb.
 
Tədbirin sonunda ATA Diaqnostik şirkətinin müdiri, Leica şirkətinin Azərbaycan üzrə rəsmi distribyutoru Ersin Erdoğan “Patolojidə digitallaşma” mövzusunda çıxış edib və müasir texnoloji yeniliklərdən və patoloji diaqnostikanın gələcəyindən danışıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
aztibb.az

1Mənbələr