AZ

Bir çox abituriyentin arzusu Qarabağ Universitetində oxumaqdır

 

Qarabağ Universiteti təhsil alacaq tələbələr üçün bir çox güzəştlər tətbiq edir. Artıq bir çox abituriyent təhsil almaq üçün məhz Qarabağa üz tutacağını bildirir.

 

Qarabağ Universitetində təhsil almaq istəyənlərdən biri də Səma Sadıqzadədir.

 

Onun hədəfi hüquq fakültəsində oxumaqdır.

 

AzEdu.az Qarabağ Universitetinin gələcək tələbəsi olacaq Səma ilə müsahibəsini təqdim edir.

 

- Səma, abituriyentlərin bir çoxu ali təhsilini paytaxtda davam etdirməyi düşünür. Bəs, səndə Qarabağ Universitetində təhsil almaq istəyi necə yarandı?

 

- Qarabağda oxumaq ideyasını atam təklif etdi, mən də düşündüm ki, niyə də olmasın. Bir qədər araşdırdıqdan sonra gördüm ki, həqiqətən də çoxlu güzəştləri olan universitetdir. Bu məsələdə atam çox böyük dəstəkçimdir.  Ümumiyyətlə mən Qarabağ Universitetinin prestijli təhsil müəssisəsi olacağını düşünürəm, çünki həm yeni fəaliyyətə başlayacaq, həm də işğaldan azad olunan torpağımızda yerləşir. Bu səbəblərə görə Bakıdakı prestijli universitetlərdən heç də geri qalmayacaq, əksinə daha da üstün olacağına inanıram. Arzum orada hüquq ixtisasında təhsil alıb, gələcəkdə faydalı, ədalətli hüquqşünas olmağı istəyirəm. Məncə, Qarabağda oxumaq mənim və bir çox abituriyentin arzusudur.

 

- Hüquqşünaslıq prestijli ixtisas olduğundan hər zaman keçid balı digərlərindən fərqlənir. Siz də artıq XI sinfi bitirirsiniz. İmtahanlardan nə qədər bal toplamısınız?

                           

- Buraxılış imtahanından 246,5 bal toplamışam. Blok imtahanının etalon cavablarına əsasən isə təxmini ümumi balımın 500-dən çox olacağını düşünürəm. Bizim rayonda buraxılış imtahanından 200-dən yüksək bal toplayan abitueriyentlərlə görüş keçirirlər. Bu görüşlərdə də universtietlər barədə məlumatlar verirlər. Qarabağ Universiteti barədə bilmədiyim bütün faktları da məhz orada öyrənirəm. Tələbələr üçün çox yaxşı imkanlar, güzəştlər tətbiq edilib. Notbuk, dövlət sifarişli təhsil, təqaüd, yataqxana və s.

 

- Ətrafınızda Qarabağ Universitetində təhsil almaq istəyən şəxslər var?

 

- Bəli, var. Lakin universitet uzaq olduğuna görə bəzi valideynlər var ki, narahat olurlar.

 

- Ali təhsil  aldıqdan sonra Azərbaycanda, yoxsa xaricdə işləməyi düşünürsünüz?

 

- Öz vətənimə xidmət etmək istəyirəm. Xaricə sadəcə tətil məqsədilə gedərəm. Hətta ola bilər ki, təhsil aldıqdan sonra Qarabağda qalaraq, işləyim.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
azedu.az

1Mənbələr