AZ

Türk birliyi gündən-günə güclənir ŞƏRH

Azərbaycan türk dünyasının sıx birləşməsinə, gücləndirilməsinə, türk dövlətləri ilə əlaqələrin yüksək səviyyədə qurulmasına öz töhfəsini əsirgəmir. Adı Azərbaycan tarixinə xilaskar Müzəffər Ali Baş Komandan kimi yazılan cənab İlham Əliyevin türkdilli ölkələrə ardıcıl səfərləri, eyni zamanda həmin ölkələrin liderlərinin Azərbaycana səfərləri türk dövlətləri ilə yüksək əlaqələrin bariz göstəricisidir.

İyunun 6-da Türk dünyası daha bir əlamətdar gününü yaşadı. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul etdi və TÜRKPA-nın plenar iclası reallaşdı. Milli ortaq dəyərlərimizlə, mədəniyyətimizlə, dilimizin, dinimizin eyniliyi ilə sıx bağlı olduğumuz Türk dövlətlərinin birlik və həmrəylik ideyalarına sadiqliyinin dünyaya nümayiş etdirən TÜRKPA-nın plenar iclası Türk dünyası birliyinin növbəti təzahürü oldu.

Tarixi toplantıda dövlət başçısı İlham Əliyev Türk dövlətləri arasında getdikcə artan və yeni inkişaf mərhələsinə qədəm qoyan Türk Dövlətləri Təşkilatının dünyada söz sahibi olan güc mərkəzinə çevrilməsinə diqqəti çəkib: “TÜRKPA-nın bugünkü toplantısı böyük əhəmiyyət daşıyır. Əminəm ki, müzakirə ediləcək məsələlər bizim birliyimizi daha da gücləndirəcək. Eyni zamanda, hər dəfə qardaş ölkələrdən yüksəkvəzifəli şəxslər ölkəmizə gələndə, bu, bizi sevindirir. Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması – bunlar, böyük bir güc potensialıdır. Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək, əminəm ki, bu olacaq, biz bunu görürük. Hər bir toplantı, hər bir Zirvə görüşü bizim məqsədlərimizə doğru atılan növbəti addım olur.”

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazanılan böyük zəfər təkcə xalqımızın deyil, ümumilikdə türkdilli xalqların parlaq qələbəsi idi. TÜRKPA-nın nümayəndə heyətini qəbul etdiyi zaman məhz bu məqamı xüsusi vurğulayan ölkə Prezidenti cənab İlham Əliyev bildirib ki, Zirvə görüşünün Şuşada keçirilməsi təbii ki, böyük rəmzi məna daşıyır. Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər etmişlər. Türkiyə Prezidenti, Özbəkistan Prezidenti, Qazaxıstan Prezidenti, Qırğızıstan Prezidenti Ağdama və Füzuliyə səfər etmişdir. Yəni bu, işğal edilmiş torpaqların bərpası üçün, əlbəttə, böyük məna daşıyır. Biz bir daha qardaş dəstəyini hiss edirik, bütün Azərbaycan xalqı bunu hiss edir. Onu da bildirməliyəm ki, azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlamışdır. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməlini isə bu yaxınlarda Qırğızıstan Prezidenti ilə bərabər Ağdam rayonunda qoyduq. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. Yəni bütün bunlar bir daha birliyimizi göstərir. Bu fürsətdən istifadə edərək mən qardaş ölkələrə bir daha təşəkkürümü bildirmək istəyirəm.

Milli ortaq dəyərlərimizlə, mədəniyyətimizlə, dilimizin, dinimizin eyniliyi ilə sıx bağlı olmağımız türk birliyinin daha da güclənməsinə təkan verir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə Görüşü zamanı Türk Dünyasının Ali Ordeninə layiq görülən Qalib Liderimizin qeyd etdiyi kimi: Türk dünyasının ucu-bucağı yoxdur, böyük coğrafiyanı əhatə edir. Artan əhali, gənc əhali, təbii sərvətlər, nəqliyyat yolları, aramızdakı birlik. Bu birlik təbiidir, bu birliyin təməlində ortaq köklər var. Ona görə bu birlik bütün başqa birliklərdən daha qüvvətli, daha güclüdür. Yəni bizim birləşməyimiz etnik, mədəni köklər üzərindədir və biz təbii ki, praktiki addımlarla bu birliyi gücləndirməliyik.

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
sesqazeti.az

1Mənbələr