AZ

“Məhəmməd Füzuli” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub

2024-cü ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 ili tamam olur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, “Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. Hərtərəfli biliyə malik mütəfəkkir kimi onun həyata, insana dərin məhəbbət aşılayan və daim gözəllik duyğusu ilə, ülvi ideallarla yaşamağa çağıran çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir. Məhəmməd Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmişdir. Onun parlaq dühasının təcəssümü olan və bu gün də sevilə-sevilə oxunan əsərləri yarandığı ilk vaxtlardan geniş coğrafiyada yayılmış və müəllifinə böyük şöhrət qazandırmışdır”.

Məhəmməd Füzulinin adı Azərbaycan tarixinə görkəmli şair, mütəfəkkir, tərcüməçi, Azərbaycan ədəbi dilinin yaradıcılarından biri kimi əbədi həkk olub. O, Nəsimidən sonra ana dilimizdə Azərbaycan şeirinin ən gözəl nümunələrini yaradıb.

Füzuli Bağdadın yaxınlığındakı Kərbəlada dünyaya gəlib və ömrü boyu vətən həsrəti ilə alışıb yanıb.

Füzuli əsərlərini üç dildə - Azərbaycan, ərəb və fars dillərində qələmə alıb. “Bəngü-badə”, “Söhbətül-əsmar”, “Həfti-cam”, “Leyli və Məcnun” və s. kimi iri həcmli əsərləri, çoxlu qəzəlləri söz sənətinin ölməz abidələridir. O, doğma ədəbiyyatımızı vətəndən çox-çox uzaqlarda şöhrətləndirdi. Əsərləri hələ o zamanlar İstanbul, Təbriz, Daşkənd və s. kimi böyük şəhərlərdə dəfələrlə çap edilirdi.

Şərq poeziyasında Füzuli lirik şair, qəlb şairi, məhəbbət şairi kimi tanınır.

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən Məhəmməd Füzulininanadan olmasının 530 illiyi ilə  əlaqədar “Məhəmməd Füzuli” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub. Elektron məlumat bazasında “Rəsmi sənədlər”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Füzulinin müdrik kəlamları”, “Heydər Əliyev və Məhəmməd Füzuli”, “Görkəmli şəxslər Məhəmməd Füzuli haqqında”, “Əsərləri”, “Haqqında”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Əsərlərinə çəkilmiş miniatürlər” və s.özündə əks etdirən materiallar nümayiş olunur.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/M.Fuzuli/index.html  linkindən istifadə edə bilərlər.






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
525.az

1Mənbələr