AZ

Azərbaycanda sosiologiya elmi nə üçün zəifdir?

"Yeni media resurslarında ölkəmizdə sosiologiyanın yaxşı inkişaf etmədiyi, kifayət sayda sosioloqların olmadığı, bu səbəbdən ictimai problemlərin sosioloji təhlillərinə ehtiyac olduğu halda, bu ehtiyaca cavab verən sosioloji tədqiqatların, məqalələrin, elmi işlərin, sahə üzrə elmi dərəcələrin yetərli sayda olmadığı fikirləri ilə tez-tez qarşılaşırıq. Fikrimcə, haqlı olan bu iradların bir sıra obyektiv səbəbləri vardır". "Olaylar" xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun dekan müavini, Sosiologiya üzrə fəlsəfə doktoru, Dosent. Asəf Qənbərov deyib:
"İlk növbədə, qeyd edilməlidir ki, sosiologiya gənc elm sayılır. Sosiologiya və onun ayrı-ayrı istiqamətləri (məs. ailənin sos., siyasi sos., dinin sos. və s.) 19-cu əsrdə meydana çıxmış, nəzəriyyələri və metodologiyası haqqında hələ də müzakirələrin getdiyi gənc sosial elmdir. Bu elmin müsəlman toplumlara gəlib-çıxması isə 20-ci əsrin ortalarıdır. Ölkəmizdəki universitetlərə müstəqillikdən sonra ayrı fənn kimi daxil olmuşdur. Günümüzdə Azərbaycanda sadəcə 4 universitetdə sosiologiya ixtisası üzrə bakalavr təhsili verilir. BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin yaradılma tarixi 1991-ci ildir. Fakültənin tərkibində Sosiologiya və Sosial iş kafedraları fəaliyyət göstərir. Qısacası, sosiologiyanın az inkişaf etməsi, bu sahəyə tələbatın aşağı olması və bu sahənin ölkəmizdə çox yeni olması ilə bağlıdır.
Azərbaycanda sosiologiya fəlsəfədən hələ tam ayrılmayıb. Bir az ironik ifadə sayıla bilər, amma müşahidələrimə görə, sosiologiyanın nəzəri məsələləri sayılan bir çox problemlər ölkəmizdə Fəlsəfə sahəsinə daxil olan Sosial fəlsəfə adı altında araşdırılır. Belə olan halda, tədqiqatçı "Fəlsəfə üzrə fəlsəfə doktoru" ünvanını alır. Bu da, nə üçün Sosiologiya üzrə elmi dərəcələrin sayca çox aşağı səviyyədə olmasının səbəbini qismən izah edir. Buna görə də düşünürəm ki, ölkəmizdə daha köklü ənənəsi olan Fəlsəfə hələ ki, sosiologiyanın bir çox problemlərini sərbəst buraxmayıb. Qeyd üçün demək istəyirəm ki, sosiologiya 19-cu əsrdə məhz fəlsəfədən ayrılaraq müstəqil elm olmuşdur, amma ölkəmizdə, fikrimcə, sosiologiya fəlsəfədən hələ tam ayrılmayıb.
A.Qəmbərov sosiologiyanın empirik sahəsində aparılan araşdırmaların vəziyyətinə də toxunub: "Məlum olduğu kimi, sosiologiya sadəcə kitabxanada oturub, yazılı mənbələri oxumaqla ərsəyə gələn bir elm deyildir; sosiologiya sahə araşdırmaları deyilən: ictimai rəyin öyrənilməsi, sosioloji sorğu metodu və s. empirik tədqiqatlara önəm verən elm sahəsidir. Sosiologiya fəlsəfədən fərqli olaraq, müşahidə, anket, statistikaya əsaslanan; hipotezlərin sınaqdan keçirildiyi, nəzəriyyə əsaslı analizlərin aparıldığı sosial elmdir. Empirik araşdırmaların aparılması tədqiqatçıdan böyük əmək, maliyyə vəsaiti, eyni zamanda azadfikirli mühit və s. resursları tələb edir. Müstəqil tədqiqatçılar və elmi işlə məşğul olan namizədlər bu sahədə böyük problemlərlə qarşılaşa bilirlər. Buna görə də əksər tədqiqatçılar problemsiz və kitabxanadan kənara çıxmadan yaza bildikləri elmi işlərə üstünlük verirlər. 
Ümumilikdə, sosiologiyaya tələbat azdır, çünki çox az tanınır, əhəmiyyəti düzgün qiymətləndirilmir, nəhayət çox əmək və maliyyə vəsaiti tələb edən sahədir. Əlbəttə, başqa problemlər də vardır, burada gördüyüm əsas problemləri qeyd etmək istədim. Amma müsbət dəyişikliklər də var, yeri gəlmişkən onlara da toxunmağa çalışaram. Bu yazıda, sosioloji fikrin kəmiyyəti haqqında düşüncələrimi bölüşmək istədim. Növbəti yazıda Azərbaycanda sosioloji fikrin keyfiyyəti haqqında düşüncələrimi yazmağa çalışaram".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
olaylar.az

1Mənbələr