AZ

Misir – Azərbaycan əməkdaşlığı yeni mərhələdə

Misir Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən həmin ilin aprel ayından Misirin Bakıda, 1994-cü ilin yanvarından isə Azərbaycanın Qahirədə səfirliklərinin fəaliyyətə başlaması iki ölkə arasında əməkdaşlığın təməlini qoymuşdur. Bu, həm də Azərbaycanın Afrika qitəsindəki ilk səfirliyi idi. 1994-cü ilin sentyabrında Ulu Öndər Heydər Əliyevin Qahirəyə ilk səfəri Misir-Azərbaycan arasında diplomatik münasibətlərdə yeni mərhələnin başlanğıcını qoymuş, Prezident İlham Əliyevin beynəlxalq aləmdəki uğurlu xarici siyasəti isə ölkələrimiz arasında əlaqələrin genişlənməsinə və əməkdaşlığın inkişafına yeni təkan vermişdir,
Bu gün ərəb dövlətləri ilə əlaqələr Azərbaycanın genişmiqyaslı beynəlxalq siyasətində prioritet istiqamətlərdən birini təşkil edir. Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyən, beynəlxalq təşkilatlarda Azərbaycanın ədalətli mövqeyini daim müdafiə edən Misirlə bütün beynəlxalq məsələlərdə, demək olar ki, fikirlərimiz və mövqelərimiz bir-birini tamamlayır.
Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışır, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edilir, habelə İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstərilir. Misirin dəstəyi ilə Azərbaycanın dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etməsi də bu istiqamətdəki uğurlu addımlardan hesab olunur.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin iştirakı ilə Qahirədə imzalanan gənclər və idman, elektrik və bərpaolunan enerji, informasiya və kommunikasiya texnologiyaları sahələrində, habelə təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumları, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Misir Ərəb Respublikasının Sərmayə və Azad Zonalar üzrə Baş Qurumu (GAFI) arasında 2024-2025-ci illər üzrə Birgə Fəaliyyət Planı”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu” və sair sənədlər ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi bazanı daha da möhkəmləndirir.
Prezident İlham Əliyevin Misisr səfəri ölkəmizin COP 29-a sədrlik etməsi ərəfəsində COP 27-yə uğurlu ev sahibliyi etmiş Misirlə təcrübə mübadiləsi istiqamətində atılan çox faydalı bir addımdır. Bununla yanaşı, görüşlər əsanasında Şərq-Qərb və Şimal-Cənub Nəqliyyat dəhlizləri vasitəsilə nəqliyyat-logistika sahədində əməkdaşlıq üçün gözəl imkanların açıldığı qeyd olunmuş və yeni nəqliyyat dəhlizlərinin yaradılması ilə əlaqədar aparılan fikir mübadiləsi aparılmışdır.
Qahirədə keçirilmiş görüşlər sırasında Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə keçirilən görüş Azərbaycanın İslam dünyası ilə münasibətləri kontekstində xüsusi əhəmiyyət daşıyır. İslam aləmində, ümumiyyətlə, dünyada ilk universitet hesab olunan əl-Əzhər Universiteti müsəlman aləminin elm və düşüncə mərkəzləri sırasında ciddi ağırlığa, hətta lider mövqeyə malikdir. Bu elmi-dini mərkəzin nüfuzu Şərqdə Misir dövlətinin nüfuzuna bərabər hesab olunur. Bu mənada , Prezident İlham Əliyevin əl-Əzhər Universitetini və onun rektorunu ziyarət etməsi, verilən dostluq, əməkdaşlıq mesajları mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan – Misir münasibətləri çağdaş dönəmdə yeni inkişaf yoluna qədəm qoyub. Azərbaycan Prezidenti İlham Əliyevin Misirə bu rəsmi səfəri hər iki xalqın milli mənafeyinə xidmət edir və ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi və bu istiqamətdə yeni nailiyyətlərin qazanılmasını şərtləndirir.
Cavansir Feyziyev
Milli Məclisin deputatı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
10
moderator.az

10Mənbələr