AZ

Azərbaycan millisinin üzvü: Yüksək səviyyədə basketbol oynadığımızı bir daha sübut etdik

Azərbaycan

Bakı, 10 iyun, AZƏRTAC

“Nəticəyə görə komanda yoldaşlarımla fəxr edirəm”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin üzvü Dina Ulyanova Avropa Kubokunun əsas mərhələsinə vəsiqə qazanmaları barədə danışarkən deyib.

35 yaşlı oyunçu turnirdə iki gərgin görüş keçirdiklərini bildirib: “Malta və Lüksemburq ciddi rəqiblərdir. Bu cür yarışlardakı nəticə Azərbaycan basketbolu üçün çox önəmlidir. Yüksək səviyyədə basketbol oynadığımızı bir daha sübut etdik. Qarşıda vacib oyunlar var. Avropa Kubokunun əsas mərhələsində və “Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak etmək əla olacaq. Hər iki turnirdə ölkəmizi layiqincə təmsil edəcəyimizə inanırıq”.

Dünya Qadın Seriyasının Qəbələ mərhələsində zədə almış basketbolçu, buna baxmayaraq, yaxşı mübarizə apardığını vurğulayıb: “Həmin yarışda ayağım burxuldu. Aleksandra Mollenhauer də zədə səbəbindən oynaya bilmədi. Bizim üçün asan deyildi. Lakin milli komanda üçün oynamaq hər zaman qürurvericidir. Avropa Kubokunda ilk hədəf qrup mərhələsini adlamaqdır. Bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, Avropa Kuboku 22-25 avqustda Avstriyanın paytaxtı Vyanada keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
azertag.az

1Mənbələr