AZ

Rüstəm Hüseynov və Mehdi Əllinin yeni leksiyası böyük maraqla qarşılanıb

Bakı, 10 iyun, AZƏRTAC

Azərbaycan Milli İncəsənət Muzeyində AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun elmi işçiləri Rüstəm Hüseynov və Mehdi Əli “Azərbaycan məzarüstü abidələrinin bədii xüsusiyyətləri. Ənənə və müasirlik” mövzusunda leksiya oxuyublar.

AZƏRTAC xəbər verir ki, leksiya AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Azərbaycanda dəfn ənənələri sahəsində apardığı son antropoloji tədqiqatlarına həsr olunub. Tədbir ölkəmizin tarixinin və mədəniyyətinin az məlum olan təfərrüatlarının öyrənilməsinə marağın stimullaşdırılması məqsədi ilə keçirilib.

Leksiya əsnasında auditoriyaya Azərbaycanda məzarüstü abidələrin bədii tərtibatı və epiqrafiyasının xüsusiyyətləri təqdim edilib, klassik ənənənin yaranma prosesi, sonradan onun dağıdılması və deqradasiyası prosesi açıqlanıb. Qəbirüstü abidələrin tərtibatında İslamdan əvvəlki elementlər və bütpərəstlik simvolları ətraflı göstərilib, onların sonrakı dövrlərdə genezisi izlənilib.

Azərbaycan ərazisindəki epiqrafik abidələr, onların xüsusiyyətləri, yerləşdiyi məkanlar, mövcud vəziyyəti, hüquqi statusu və sonrakı dövrlərin bədii üslubuna təsirinə xüsusi diqqət yetirilib.

Böyük həcmi olan leksiya materialı Azərbaycanın nadir abidələrinə həsr edilib ki, bu da mədəni ənənələrin genezisini izlənməyə və mədəni kodların dəyişmə vaxtını dəqiqliklə müəyyən etməyə imkan verir.

Məzarüstü abidələrdə olan epiqraflar və İslam dövrünün məzar daşlarında bütpərəstlik simvollarının olması, üslubların qarışdırılması faktları və eyni zamanda müxtəlif növlərin mövcudluğu tamaşaçıların xüsusi marağına səbəb olub. Leksiya auditoriyanın böyük marağına səbəb olub, dinləyicilər məlum olan faktlarla bağlı bir sıra suallar veriblər. Onların diqqətini daha çox Azərbaycanda epiqrafik işarələrin mənasının deşifrə edilməsi problemləri cəlb edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
1
azertag.az

2Mənbələr