AZ

CAR yoxsulluğa son qoymaq üçün tarixi addıma hazırlaşır

Yazını böyüt
Yazını kiçilt

Cənubi Afrika Respublikası (CAR) yoxsulluğu azaltmaq üçün pandemiya fondlarından istifadə edərək universal əsas gəlirin həyata keçirilməsini müzakirə edir.

Hafta.az-ın “The Guardian”a istinadən yazdığına görə, Afrika Milli Konqresi (AMK) 30 illik hakimiyyətdən sonra mayın 29-da keçirilən ümumi seçkilərdə ilk dəfə parlamentdəki çoxluğunu itirib.

ANC və ana müxalifətdəki Demokratik Alyans (DA) arasında koalisiya danışıqları davam etdikcə, demək olar ki, bütün partiyalar yoxsul ailələrə gəlir dəstəyini artırmağa razılaşır.

Seçkilərdən bir həftə əvvəl dərc olunan bəyanatında ANC pandemiya fondundan universal əsas gəlir üçün istifadə üzrə işlərin hökumət qurulduqdan sonra iki il ərzində tamamlanacağını vəd edib. Bu çərçivədə, 18-59 yaş arasında olan hər kəsə iş axtarmaq şərti olmadan müntəzəm qrant verilməsi hədəflənir.

“The Guardian”ın xəbərində bunun tamamlanacağı təqdirdə CAR-ın universal gəliri həyata keçirən ilk ölkə olacağına diqqət çəkilib. Pandemiya dövründə yaradılmış Sosial Yardım Fondu (SRD) hazırda fərdi yoxsulluq həddindən aşağı olan şəxslər üçün aylıq müavinətlərin yaradılması üçün istifadə olunur.

2021-ci ildə hazırlanan yoxsulluq həddinin müəyyən edilməsi üçün istifadə olunan parametrlərin yenilənməsi və SRD fondunun daha geniş seqmentləri əhatə edəcək şəkildə çevrilməsi hədəflənir.

Yohannesburqda yerləşən İqtisadi Ədalət İnstitutundan Kelle Houson universal əsas gəlirin əhəmiyyətinə diqqət çəkərək, "Ən yoxsul ailələrə pul verdiyiniz zaman bu, bütün ölkə iqtisadiyyatını stimullaşdırır" deyib.

Houson həmçinin qeyd edib ki, mövcud SRD fondlarından səmərəli istifadə olunmayıb. Tədqiqatçı qrantların rəqəmsal tətbiqlər vasitəsilə alındığını, lakin ölkədə bir çox insanın kompüter və internetə çıxışı olmadığını bildirib.

Qurum rəsmisi əsas gəlirin həyata keçirilməsinin ölkədə sərvətin bölüşdürülməsi ilə də bağlı olduğuna diqqət çəkib. Dünya Bərabərsizlik Məlumat Bazasının məlumatlarına görə, ölkənin ən yüksək 10 faizi ümumi sərvətin 86 faizinə sahibdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
hafta.az

1Mənbələr