AZ

Sunak Normandiya qalmaqalından sonra media ilə danışmaqdan qaçır

Böyük Britaniyanın baş naziri Rişi Sunak müttəfiqlərin Normandiyada əməliyyatının 80-ci ildönümü münasibətilə Fransada keçirilən anım tədbirini tələsik tərk etməsi ilə bağlı yaranan siyasi qalmaqaldan sonra ardıcıl ikinci gün jurnalistlərlə danışmaqdan imtina edib. Bizimyol.info xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb. Nəşrin sözlərinə görə, Sunak iyulun 4-də keçiriləcək parlament seçkiləri öncəsi seçki kampaniyasına baxmayaraq, media nümayəndələrinin ona yaxınlaşmasına imkan vermir. Bazar günü baş nazirin mətbuat xidməti onun İngiltərənin şimalındakı Bidale şəhərinin sakinləri ilə görüşünün fotosunu dərc etməklə kifayətlənib. Şənbə günü Sunakın komandası hökumət başçısının iş qrafikini əsas gətirərək ənənəvi mətbuat yanaşmasını son anda ləğv edib. "Sky News" qeyd edib ki, baş nazirin hərəkətləri onun "açıqca təzyiq altında olduğunu" göstərir. Telekanalın məlumatına görə, media işçilərinin Sunaka yaxınlaşmasına icazə verilmir. Müxalifətdəki Leyboristlər Partiyasının deputatı Conatan Eşvort baş nazirin davranışını hakim Mühafizəkarlar Partiyasının “fəlakətli kampaniyasında daha bir gülünc epizod” adlandırıb. İyunun 6-da səhər Böyük Britaniyanın baş naziri Kral III Çarlz, xanımı Kamilla və Fransa prezidenti Emmanuel Makronla birlikdə Vers-sur-Mer kommunasında krallığın həlak olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidənin anım tədbirində iştirak edib. Sunak ABŞ prezidenti Co Bayden, Almaniya kansleri Olaf Şolz və Makronun qatıldığı müttəfiq eniş sektorunda əsas mərasimdə qalmayıb. Londonu bu tədbirdə xarici işlər naziri Devid Kemeron və müdafiə naziri Qrant Şapps təmsil edib. Britaniya mətbuatının yazdığına görə, Sunak parlament seçkiləri ərəfəsində kampaniyaya, o cümlədən İTV-yə müsahibə vermək üçün Normandiyanı erkən tərk etməyi seçib. Leyboristlər Partiyasının lideri (seçkilərin favoriti) Keir Starmer Fransada keçirilən əsas tədbirdə iştirak edib və burada Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. İyunun 7-də o, "X" sosial platformasındakı hesabında Sunak Fransadan tələsik getməsini səhv adlandırıb və etdiyi hərəkətə görə üzr istəyib. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
bizimyol.info

1Mənbələr