AZ

Pensiya üçün yaş həddi: Qadınlar üçün 59, kişilər üçün isə... - Yeni sistem belə olacaq

Qadınların pensiya yaşının müəyyən edilməsi ilə bağlı müxtəlif aspektlər mövcuddur. Əsas amil qadınların orta yaş həddidir. Dünya təcrübəsində qadınların pensiya yaşı ilə orta ömrü arasındakı göstərici 18 ildən, 25 ilə qədər dəyişə bilir.

Bunu Teleqraf.com-a iqtisadçı Rəşad Həsənov deyib.

O qeyd edib ki, Azərbaycanda bu göstərici 11 il ətrafındadır:

“Növbəti dövrdə bu azala da bilər. 2027-ci ilə qədər qadınlar üçün pensiya yaşı 1 il də artırılacaq. Burada digər məsələ qadınların dünyaya gətirdiyi uşaq sayı amilidir. Bir çox ölkələrin təcrübəsində uşaq sayı nəzərə alınır. Bu, demoqrafik siyasətin çərçivələri və vəziyyətindən asılıdır. Azərbaycanda da son 20 ildə demoqrafik vəziyyət geriləyir. Sözsüz ki, bu, Azərbaycan üçün bir çağırışdır. Uşaqların sayının pensiya yaşında nəzərə alınması çox vacib məqamlardan biridir”.

İqtisadçı bildirib ki keçmiş SSRİ dövründə bu təcrübə Azərbaycanda da mövcud olub:

“2017-ci ildə bu qaydalar ləğv edildi. Yalnız çoxuşaqlı analara münasibətdə müvafiq təcrübə saxlanıldı. Bu da uşaqların sayı ilə əlaqəli deyil. 5-dən artıq uşağı olan analara eyni dövr tətbiq edilir. Yəni 8-10 uşağı olan anaya əlavə üstünlük verilmir. Sözsüz ki, bu da diferensiallığı zəiflədir. Yaxşı olardı ki, hər uşağa münasibətdə pensiya yaşının azaldılması prinsipi tətbiq edilsin”.

Rəşad Həsənov hesab edir ki, əhalinin sağlamlığı, əmək qabiliyyəti meyarları da vacib məsələlərdən biridir: “Azərbaycanda əmək bazarında qadınlar daha çox təhsil, sosial xidmətlər, pərakəndə ticarət və s. kimi sahələrdə təmərküzləşib. Bu sahələrin bəziləri isə bəlli yaş həddində əmək fəaliyyəti ilə məşğuliyyəti məhdudlaşdırır. Çünki pərakəndə ticarət, xidmət sektoru ağır əmək fəaliyyət növünə aiddir”.

Ekspertə görə, qadınlara və kişilərə münasibətdə pensiya yaşı Azərbaycanda orta yaş həddi və digər amillər nəzərə alınmalıdır:

“Ona görə də ölkəmizdə kişilər və qadınlar üçün pensiya yaşının 60 yaş həddində müəyyənləşməsi daha məqbuldur. Dünya praktikasında gözlənilən orta pensiya dövrü 14 ildir. Burada pensiya yaşı ilə orta ömür arasındakı göstərici nəzərə alınır. Azərbaycanda bu göstərici 8 il ətrafındadır. Ona görə də, məsələyə bu aspektdən yanaşılsa pensiya yaşı 59 yaşa qədər azaldıla bilər”.


Müəllif: Tapdıq Qurbanlı
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
9
teleqraf.com

10Mənbələr