AZ

Kəskin bahalaşma: Bu aydan qiymət 2-3 dəfə artdı

Son günlərin ən çox müzakirə olan mövzularından biri də taksi xidmətinin bahalaşmasıdır. İctimaiyyət taksi qiymətlərinin artırılmasından və taksilərin sayının azalmasından şikayətlənirlər. Vətəndaşlar deyirlər ki, bir neçə gün öncə 2 manat 50 qəpiyə getdikləri yolu, bu gün 5-6 manata getməli olurlar. Bu da onların haqlı narazılığına səbəb olur.

Mövzunu Globalinfo.az-a şərh edən AĞ Partiya başqanı Tural Abbaslı taksilərin fəaliyyətinin tənzimlənməsi ilə bağlı normalar müəyyən olunan zaman problemlərin yaranacağını bildirdiklərini qeyd edib.

O deyib ki, qəbul olunan qərarlar yalnız narazılığa səbəb olur:

“Məsələn, işsizlərin sayı artacaq, taksi xidməti bahalaşacaq və əlçatmaz olacaq, nəticədə isə insanlar bu xidmətdən istifadə edə bilməyəcəklər. Bundan sonra bərbad vəziyyətdə olan digər nəqliyyat vasitələrində – metro və avtobuslarda yüklənmə daha da artacaq. İnsanların normal hərəkətinə maneçilik yaradacaqlar. Düşünün, bir şəhərdə 50 min taksiyə ehtiyac varsa, deməli, doğrudan da nəqliyyat sistemi çatışmır”.

T.Abbaslının sözlərinə görə, demək olar ki, taksilərin 70 faizi avtomobilin ilinin köhnə olması ilə əlaqədar sıradan çıxıb:

“Özüm də şahidiyəm ki, taksilərdə gediş haqqı kifayət qədər yüksəlib. Əvvəl taksi 2-3 dəqiqəyə gəlirdisə, indi bu müddət 15 dəqiqə olub, say azalıb. Fikrimcə, verilən qərarın çox uğursuz olduğu göz önündədir. Bu gün təkcə tıxacın pik vaxtında deyil, adi saatlarda da nə avtobus, nə metroya minmək olur. Ona görə də ağır vəziyyətdə olan Bakı nəqliyyat sistemi daha da ağır hala gəlib çıxacaq. Əgər dövlət istəyirsə ki, taksi xidmətinin keyfiyyətini artırsın, o zaman onlara yardım ayırsın. Sürücü köhnə “Prius”u 12 min manata satıb, 20 minə başqa avtomobil alacaqsa, onda onun üçün güzəştli kredit ayrılsın ki, taksi sayında da problem olmasın”.
 
Partiya sədri deyib ki, sürücülərə heç bir dəstək olmadan şərtləri ağırlaşdırdılar:

“70 faiz hökumətin tələbinə cavab verə bilmədi deyə bu gün vəziyyət ağırdır. Adi bir hal deyim, mənim anamın 70 yaşı var, o yaşı ilə əlaqədar ictimai nəqliyyatdan normal istifadə edə bilmir. Çünki orada sıxlıq olur. Anam və onun kimi yaşlı insanlar məcbur qalıb taksidən istifadə etməlidirlər. Taksinin isə qiyməti ən azı 2 dəfədən də çox artırılıb. Dünən 2,5 manata gedilən məsafəni bu gün 5-6 manata gedirlər. Belə hal bizim kimi digər insanları da narahat edir. Nəticədə mövcud sosial gərginlik daha da artır. Anlamıram ki, indiki məqamda olan dəyişikliklər kimə lazımdır və nəyə xidmət edir”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
2
referans.az

3Mənbələr