AZ

"Şamaxı" maliyyə problemi ilə üz-üzə – Ayxan Abbasov məsələsi düyünə düşdü

"Şamaxı" klubu maliyyə problemi ilə üzləşib.

Prosport.Az-ın xəbərinə görə, bölgə klubu Premyer Liqaya çıxsa da, ötən mövsümün pullarını hələ də futbolçulara və məşqçilər heyətinə ödəməyib.

Konkret olaraq aprel və may aylarının, eləcə də Premyer Liqaya çıxmağa görə vəd olunan 5 min manat pul mükafatı verilməyib. Halbuki klub rəhbərliyi I Liqanın "Araz Saatlı" ilə oyunundan sonra paltardəyişmə otağına daxil olaraq bütün pulların veriləcəyini bildirib. Həmin otaqda klubun baş meneceri Kamran İsmayılov da olub.

Bununla belə, 10 yerli futbolçu ilə yollar ayrılıb. Həmin futbolçulara müqavilələri başa çatdığı üçün "yaxşı yol" deyilib. Çünki klub rəhbərliyi birdənbirə strategiyasını dəyişərək əcnəbilərin transfer olunacağını bildirib. Halbuki 2022/23 mövsümü başlanmazdan əvvəl (dəqiq desək, 4 avqust 2022-ci il) klub rəhbərliyi medianı da başına yığaraq ağızdolusu danışmağa başlamışdı. İndi görünən budur ki, o vaxt deyilən bu cümlə – "Əsas məqsədimiz odur ki, klub Şamaxının adını daşıyacaqsa, bura da Azərbaycan dövlətçiliyinin timsalıdırsa, burada həm idman, həm də digər baxımdan azərbaycançılıq ön plana keçməlidir" – pafosdan başqa bir şey deyilmiş. Nə isə, strategiya dəyişikliyi başqa yazı mövzusudur.

Məsələ budur ki, klub rəhbərliyində 2 hüquqşünas (1 prokuror, 1 vəkil) təmsil olunsa da, ən çox qanun pozuntuları hazırda burada qeydə alınır. Müqavilələrdə göstərilən maaş öhdəlikləri yerinə yetirilməyib.

Klub baş məşqçi kimi Ayxan Abbasovu da elan edə bilmir. Çünki klubda maliyyə məsələləri qaydasında deyil. Tərəflər maliyyə məsələsində anlaşa bilmir. Ayxan Abbasov da artıq bu qədər problemi olan klubda işləməkdənsə, gözləməyi üstün tutub. Ancaq Abbasovun səbir kasası dolmaq üzrədir. Çünki ona başqa təkliflər də var.

Vasif Şükür

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
prosport.az

1Mənbələr