AZ

Lukaşenko vədini reallaşdırır

Bu günlərdə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun respublikamıza dövlət səfəri çərçivəsində kənd təsərrüfatı sahəsində  də əməkdaşlığın genişləndirilməsi zəruriliyi xüsusi vurğulanmışdı. Hətta Lukaşenko mətbuata bəyanatında bildirmişdi ki, işğaldan azad edilmiş  ərazilərdə xüsusən aqrar torpaqlarda Belarus təcrübəsi üzrə aqroşəhərciklər və bütün infrastrukturu yaratmağa, iş yerləri açmağa, yəni, komplekslər tikməyə, həmçinin fermer təsərrüfatları yaratmağa hazırıq. Əlavə etmişdi ki, Venesueladan başlayaraq, bizim belə bir təcrübəmiz var. Amma bura Venesuela deyil, yaxındır, eyni dildə danışırıq, bir-birimizi başa düşürük. Ona görə də həmin torpaqlarda sizin üçün, ilk növbədə, iş yerləri olan aqroşəhərcik tikəcəyik: “Baxarsınız, sizə uyğun olarsa, biz onların sayını artırarıq”. 

Bu fikirləri “İki sahil”ə açıqlamasında  “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı, həm də "Tərəqqi” medalı ilə  təltif edilmiş tanınmış sahibkar İldırım Məmmədov deyib.

Sözügedən ölkənin kənd təsərrüfatı sahəsində kifayət qədər dünyəvi  təcrübəyə malik olduğunu vurğulayan müsahibimiz bildirib ki, artıq Aleksandr Lukaşenko verdiyi vədi reallaşdırır.  Bu ölkənin noyabrda Ağdam rayonunda kənd təsərrüfatı şəhərciyi layihəsinin konsepsiyasını təqdim etməyi planlaşdırması bunu bir daha sübut edir. Bununla da Belarus Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Macarıstan kimi öz konkret töhfəsini verəcək. Onu da deyim ki, ilkin məlumata görə, Ağdam rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı da daxil olmaqla müasir tələblərə cavab verən kənd təsərrüfatı şəhərciyi salınacaq. Layihəyə Ağdam rayonunda 420 ailə üçün nəzərdə tutulmuş qəsəbənin salınması da daxildir. Bu isə yüzlələ iş yeri deməkdir. Bununla da Belarus bu addımı ilə  kənd təsərrüfatımıza bir yenilik bəxş edəcək.
Azad olunmuş ərazilərin bərpasında kənd təsərrüfatı sahəsində böyük imkanlara malik Belarusun da iştirak etmək istəyinin məmnunluq doğurduğunu və bu istiqamətdə fəaliyyətin davam etdirələcəyini  qeyd edən İldırım Məmmədov sözügedən ölkənin bu addımının digər MDB dövlətləri üçün daha bir örnək olacağını da əminliklə vurğulayıb. Onun sözlərinə görə, son illər Azərbaycanın postsovet məkanına daxil olan dost ölkələrlə də əlaqələrinin səviyyəsi yüksələn xətlə inkişaf edir. 

Müsahibimiz fikirini bu sözlərlə tamamladı: “Şəxsən mən kənd təsərrüfat üzrə  uzun illər çalışan bir mütəxəssis kimi Belarusun bu addımını təqdir edirəm. Bu doğrudan da alqışa layiqdir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
ikisahil.az

1Mənbələr