AZ

Aslan Kərimovdan millimizə pozitiv yanaşma: “Ümid var”

“Matçın ümumi gedişatı, oyunçuların fərdi performansına baxanda pozitiv durumdur. Çünki biz Avropa çempionatına yollanan komandadan daha çox hücumlar edirdik”.

Bunu İdman.Bizə Azərbaycan millisinin sabiq futbolçusu Aslan Kərimov deyib.

Veteran futbolçu yığmamızın Albaniyaya 1:3 hesabı ilə uduzduğu yoldaşlıq oyununu şərh edib. O, məğlubiyyətin əsas səbəblərini açıqlayıb: “Qol imkanlarını tamamlaya bilmirdik. Bunun səbəblərindən biri həlledici məqamları icra edən futbolçularımızın oyun praktikasının az olması idi. Öndə oynayan Ramil Şeydayev, Mahir Emrelinin əzimkarlığına söz ola bilməz. Çox istəkli idilər. Praktikalarının az olması istər-istəməz həlledici məqamlarda qol vurmağımıza mane olurdu. Oyunun belə alınmasının digər səbəbi isə Albaniyanın düşdüyü “ölüm qrupu”nda tətbiq edəcəyi oyun strategiyasını yoxlamaqları oldu. 1-ci hissədə bir qədər dominant oynamaq istədilər. Düzdür, qol da vurdular. Bu qol onların yaradıcılığı yox, bizim səhvimiz sayəsində reallaşdı”.

Kərimovun sözlərinə görə, rəqibin üstün tərəfləri matçda aşkar görünüb: “İkinci hissədə albanlar bir qədər geriyə çəkildi və əsas gücü olan əks-hücumlarda oynamağa başladı. Avropa çempionatında da onlar bütün rəqiblərinə qarşı belə mübarizə aparacaqlar. Belə oyunlarda dominant oynasaq da, rəqibin əks-hücumlarına hazır olmalıyıq. Amma bunu bacarmadıq. Albaniya millisinin futbolçuları fərdi baxımdan bizdən daha üstün görünürdülər. Təbii ki, bunda onların əksəriyyətinin İtaliya çempionatında oynamaları özünü göstərir. Birə-birlərdə bizi rahat keçirdilər. Millimizdə bu cür gedişlər çatışmırdı. Belə bir komandaya qarşı bu qədər qol imkanı yaradırıqsa, demək hər şey itməyib. Ümid var”.

Qeyd edək ki, Azərbaycan növbəti yoldaşlıq oyununu Qazaxıstana qarşı keçirəcək. Matç iyunun 11-də baş tutacaq.

Emin Ağa
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
idman.biz

1Mənbələr