AZ

Bakı Enerji Həftəsi: Azərbaycan yeni yanaşmalarla çıxış edən etibarlı tərəfdaşa çevrilir

4-6 iyun tarixlərində paytaxt Bakıda daha bir mühüm tədbir keçirildi. Enerji sahəsində dünyanın lider ölkələrini bir araya gətirən Bakı Enerji Həftəsi bu il həm də “Əsrin Müqaviləsi”ni imzalanmasının 30-cü illiyinə təsadüf etdi. Bakı Enerji Həftəsi özündə üç mühüm tədbiri - 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərini birləşdirir. Bakı Ekspo Mərkəzində baş tutan rəsmi açılış mərasimində Prezident İlham Əliyev bir sıra önəmli məqamları tədbir iştirakçılarının diqqətinə çatdırdı. Dövlət başçısı bildirdi ki, keçirilməyə başladığı tarixdən etibarən bu tədbir ölkəmizin potensialının beynəlxalq səviyyədə ilk təqdimatı oldu: “Birinci Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra - 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bu da ölkənin transformasiyasında dönüş nöqtəsi oldu. Biz investorlarımızla çox məhsuldar münasibətlər qura bildik. Məhz bunun nəticəsidir ki, BP şirkəti otuz ildir bizim strateji tərəfdaşımızdır və bundan sonra da ən azından otuz il ərzində strateji tərəfdaşımız olaraq qalacaq. 1994-cü ildə Birləşmiş Krallıqdan BP və ABŞ-dan “Amoco” beynəlxalq neft şirkətləri konsorsiumuna rəhbərlik edirdilər və onlar bizə etibar etdilər”. Enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz hissəsi olduğunu xatırladan ölkə başçısı qeyd etdi ki, bu gün idxaldan asılı olan ölkələr ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır, beləliklə Azərbaycanın simasında məhz bunu əldə edirlər: “Bizim sözümüz imzamız qədər dəyərlidir. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, biz bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik”.



Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan bu gün “yaşıl enerji”dən istifadə etməkdə maraqlıdır. Ölkənin bərpa olunan enerji potensialından həm Qarabağın yenidən qurulmasında istifadə olunur, həm də bu sahənin inkişafına xarici investorlar cəlb edilir. “Yaşıl enerji” resursları günümüzün aktual problemi olan iqlim dəyişikliyi ilə mübarizədə də önəmli rol oynayır. Ənənəvi enerji ehtiyatlarınin tükənməyə başlaması bu gün dünyanı narahat edən ciddi problemlərdən biridir. Bu baxımdan alternativ enerjinin istehsalı və iqtisadiyyatın bir çox sahələrində istifadəsi dünya üçün səmərəli ola bilər. Açılış mərasimindəki nitqində Prezident İlham Əliyev bu məsələyə də toxundu. Azərbaycanda günəş və külək enerjisi elektrik stansiyalarının inşasına başlanılması nəzərə çatdırıldı: “4 iyun tarixi, sadəcə, iyirmi il bundan əvvəl Neft və Qaz Sərgisində “Şahdəniz” müqaviləsinin imzalanması ilə yadda qalmayacaqdır. Bu gün, həmçinin qardaş BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də yadda qalacaq. Bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirir”.

İqlim dəyişikliyi Azərbaycan üçün də ciddi problemə çevrilir, bunun nəticələrigöz önündədir. İqlim dəyişikliyi il ə mübarizə ölkəmiz üçün əhəmiyyət kəsb edir. Azərbaycanın bu ilin noyabr ayında COP29 konfransına ev sahibliyi etməsi iqlim dəyişiliyindən qaynaqlanan problemlərə həssaslığını nümayiş etdirir. Prezidentin də qeyd etdiyi kimi “COP-a ev sahibliyi etmək kimi məsuliyyətli vəzifəni üzərinə götürərkən Azərbaycan bunun həm üstünlüklərini, həm də müəyyən çətinliklərini tam şəkildə dərk edir. Ölkə başçısı bird aha vurğulayıb ki, biz maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda, beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışırıq: “Hesab edirəm ki, COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcəyimiz ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaqdır. Biz baş verənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik”.

Neft Araşdırmaları Mərkəzinin Rəhbəri İlham Şaban Demokrat.az-a açıqlamasında deyib ki, 1994-cü ildə Xəzər Neft və Qaz Sərgisi kimi fəaliyyətə başlayan və hazırda Bakı Enerji Həftəsi adlandırılan tədbir təkcə Azərbaycanın enerji gündəliyini deyil, eyni zamanda dəyişən dünyanın regional və qlobal əhəmiyyətli məsələlərinin müzakirə edildiyi beynəlxalq bir platformadır. Onun fikrincə, neft ixrac edən dövlətlər təşkilatı OPEC-in Baş katibi Haysam Əl-Qaysın və Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birolun da Bakıda olması ölkəmizə olan diqqətin hansı səviyyədə olmasının göstəricisi kimi qiymətləndirilə bilər:



“Rəsmi Bakı dünənki çağırışlarla sabaha gedən ölkələrdən deyil. Biz daim yeni baxışları ilə gündəmdə olan ölkə kimi tanınırıq. Çünki reallaşdırdığımız masştablı layihələr bunu deməyə əsas verir. Elə Azərbaycan Prezidenti İlham Əliyev tədbirin açılış mərasimindəki çıxışında da son 30 ildə görülən işlərə, əldə olunan nailiyyətlərə və Azərbaycanın dünyanın enerji xəritəsinin formalaşmasındakı roluna diqqət çəkərkən, həyata keçirdiyimiz iri enerji layihələri ilə ölkəmizin qlobal enerji bazarında etibarlı tərəfdaş, ciddi bir oyunçu kimi qəbul edilməsini vurğulayıb. Təsadüfi deyil ki, Bakı Enerji Həftəsi iştirakçılarına ünvanladığı məktubda ABŞ Prezidenti Cozef Bayden “Azərbaycan qlobal enerji təhlükəsizliyinin əsas dayaqlarından biri olaraq qalır” fikrini ortaya qoyub və Azərbaycanın xüsusilə Avropanın enerji təhlükəsizliyində oynadığı rolu diqqətə çəkib. Prezident Bayden məktubunda həmçinin ABŞ-ın COP-29 iqlim sammitinə ev sahibliyi etmək üçün Azərbaycana güclü dəstiyini və təmiz enerjiyə sadiqliyini vurğulayıb”.

Ekspertin diqqətini çəkən bir məqam da Azərbaycan Prezidentinin Amerika Birləşmiş Ştatlarının və Birləşmiş Krallığın hökumətlərinə təşəkkürünü ifadə etməsi oldu:

“Prezident İlham Əliyev vurğuladı ki, onlar enerji siyasətimizin və fəaliyyətimizin bütün mərhələlərində bizə hər zaman böyük dəstək veriblər və biz həmin böyük dəstəklə bu nəticələrə nail ola bildik. Yəni rəsmi Bakı əldə etdiyi nailiyyətlərin inkişaf etmiş Qərb ölkələri ilə birgə fəaliyyət nəticəsində gerçəkləşməsini vurğulayır və qlobal enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın bundan sonra da əməkdaşlığı genişləndirmək arzusunu ifadə edir. Bu isə ölkəmiz müstəqilliyini əldə edəndən sonra Heydər Əliyevin qurub yaratdığı “Neft strategiyasının” 3 onillik sonra belə uğurla davam etdirilməsinin göstəricisidir”.

Politoloq Tofiq Abbasovun sözlərinə görə, Azərbaycan enerji məsələlərində yeni sağlam rəqabət mühiti formalaşdırmağa çalışır və bu sahənin inkişafına töhfələr vermək niyyətindədir:


“Tərəfdaşlarımızla yeni layihələr üzərində işimizi davam etdiririk. Nəhayət ilin sonlarında keçiriləcək COP29-a ciddi hazırlaşıb prioritet məsələləri həyata keçirmək bu ilin hədəfidir. COP Azərbaycan üçün önəmli hadisə olacaq. Bilirsiniz ki, keçənilki COP-larda, elə Dubayda keçirilən COP28-də bəzi mübahisəli məsələlər yaranmışdı. Azərbaycan çalışacaq ki, builki tədbirdə bu məsələlərin həllinə nail olunsun. Biznes strukturları, işgüzar dairələr prosesə öz töhfələrini verməyə hazırlaşırlar. Azərbaycan tədbirin keçirildiyi yer kimi uğurlu ölkə rolunda çıxış edir. 4 il ərzində ölkəmiz Qoşulmama Hərəkatına sədrlik etdi. Bu illər ərzində bir sıra dünya dövlətlərinin problemləri beynəlxalq müstəvidə müzakirəyə çıxarıldı, həmçinin Azərbaycan öz problemlərini də həll etdi. Bununla sübut etdik ki, milli zəmində gündəlikdə olan problemlərin deyil, qlobal məsələlərin hamısında da fəallıq nümayiş etdirib nəticəyə nail ola bilirik. Bu bizim həm mənəvi borcumuzdur, həm də digər məmləkətlərə çağırışımızdır. Hesab edirəm ki, Bakı Enerji Həftəsi sağlam qüvvələri bir araya toplayıb gələcək nəsillərin xeyrinə onların potensialından istifadə edilməsinə zəmin yaradan uğurlu platformadır”.

Törə Zeynallı
Demokrat.az

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə ekologiya və ətraf mühitin mühafizəsi istiqamətində hazırlanıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
demokrat.az

1Mənbələr