AZ

Arkadiuş Milik AÇ-2024-ə gedəsi olmadı - Səbəb

Polşa millisinin və İtaliyanın “Yuventus” klubunun hücumçusu Arkadiuş Milik bu il keçiriləcək Avropa çempionatını (AÇ-2024) buraxacaq.

Arena.az xəbər verir ki, buna 30 yaşlı futbolçunun Ukrayna ilə yoldaşlıq oyununda (3:1) zədələnməsi səbəb olub.

Komandanın baş məşqçisi Mixal Probez matçdan sonrakı mətbuat konfransında Milikin Avropa çempionatına yollanmayacağını deyib.

Qeyd edək ki, Polşa millisi 14 iyun – 14 iyul aralığında keçiriləcək AÇ-2024-ün D qrupunda mübarizə aparacaq. Bu komanda Niderland, Avstriya və Fransa milliləri ilə üz-üzə gələcək.

Xatırladaq ki, Arkadiuş Milik 2022-ci ilin avqust ayından “Yuventus”da çıxış edir. Polşalı hücumçu bu komandanın heyətində 75 oyun keçirib, 17 qol vurub, 2 məhsuldar ötürmə edib.

Polşalı forvard daha öncə Marsel “Olimpik”ində (55 oyun, 33 qol, 3 assist), “Napoli” (122 oyun, 48 qol, 5 assist), “Ayaks” (76 oyun, 47 qol, 21 assist), “Qurnik” (40 oyun, 12 qol, 4 assist), “Auqsburq” (20 oyun, 2 qol) və “Bayer” (8 oyun, 2 assist) kimi klubların da formasını geyinib.

Milik 2012-ci ilin oktyabr ayında debüt etdiyi Polşa millisinin heyətində 73 matça çıxıb. O, bu oyunlarda 17 qola imza atıb, 17 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı 30 yaşlı hücumçunun transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
339
arena.az

1Mənbələr