AZ

Elxan Məmmədov: “Onların birinci olması bizi sevindirir”

“Biz bu yarışda ikinci dəfədir iştirak edirik”.

Bunu İdman.bizə cüdo üzrə gənclərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Məmmədov deyib.

O, yığmanın Avstriyanın Qrats şəhərində keçirilən Avropa Kubokunda çıxışını dəyərləndirib. Təcrübəli mütəxəssisin sözlərinə görə, yarış gərgin alınıb: “Avropanın ən aparıcı idmançıları bu yarışda mübarizə aparırdılar. Xüsusilə Yaponiya əsas heyətlə turnirə qatılır. Əlbəttə ki, bu ağır mübarizədə idmançılarımız çox gözəl çıxış etdi və komandamız asiyalıları qabaqladı. Kubokda Yaponiya və biz də 3 qızıl və 1 bürünc medal qazansaq da, yığmada 5-ci və 7-ci yerlərimiz olduğu üçün onları üstələdik. Bu, gənclər arasında ən ağır yarışdır. Belə mübarizədə gənclərimizin birinci olması bizi sevindirir. Medal sayı çox ola bilərdi”.

O, turnirdə ümidləri doğrultmayanların da adını açıqlayıb: “Yığmamızda çıxış edən Nizami İmranov (60 kq) qabırğasından zədə aldı və tam gücü ilə iştirak edə bilmədi. Məhəmməd Musayev (66 kq) xəstələnmişdi. Bu səbəblərə görə onlar medalsız qaldı. Süleyman Əliyev (73 kq) və Aydın Rzayevin (73 kq) çıxışı ümidləri doğrultmadı. Hər yarışda yüksək performans göstərmək olmaz. Əsas məqsədimiz gələcək yarışlardır. Bundan sonra qarşıdakı planımız avqustda Berlində keçiriləcək növbəti Avropa Kubokudur. İki ay ərzində yarış olmayacaq və tam heyətlə növbəti turnirlərə hazırlaşacıq”.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
idman.biz

1Mənbələr