AZ

Aslan Kərimov: "Bizim qol imkanlarımız albanlardan daha çox oldu"

Azərbaycan milli komandası yoldaşlıq oyunu çərçivəsində Albaniya seçməsinə 1:3 hesabı ilə məğlub olub.

Millimizin oyununu dəyərləndirmək üçün futbol eksperti Aslan Kərimovla əlaqə saxladıq. Sportal.az saytına danışan 51 yaşlı mütəxəssis bəzi futbolçuların oyun praktikasının az olduğunu bildirdi:

"Millimiz son yoldaşlıq oyunlarında olduğu kimi 4-2-3-1 sistemi ilə oynadı. Albanlar isə bizə qarşı 4-4-2 taktiki sistemi ilə müdafiə olunmağa başladılar. Albaniya millisi Avropa çempionatında keçirəcəyi oyunların sistemini oturtmağa çalışırdı. İlk hissədə bizim oyunumuz o qədər də yaxşı alınmadı. Albanlar topa sahib olmaqda daha üstün idilər. Rəqibin ilk hücumu qolla nəticələndi. Bizi əks-hücumda yaxaladılar. Oyun praktikası az olan futbolçularımız öyrəşdiyimiz performansdan daha aşağını göstərdilər. Mahir Emreli, Rahil Məmmədov, Aleksey İsayev, Ramil Şeydayevi nümunə çəkə bilərik. Rahil çox sönük görünürdü. Mənə görə, o, cinah müdafiəçisi deyil. Bu mövqedə daha sürətli, hücumlara qoşula bilən, daha texnikalı futbolçu çıxış etməlidir.

İkinci hissədə meydana çıxan Qismət Alıyev həmin mövqeyə tip olaraq daha uyğundur. Məşqçilər korpusunu da başa düşürəm. Son yoxlama matçlarında özlərini yaxşı göstərən oyunçuları meydana buraxmışdılar. Amma ikinci hissədə başa düşdülər ki, oyun praktikasının azlığından əziyyət çəkən futbolçuların performansı istənilən kimi deyil. Rəqibin qolundan sonra millimiz oyuna nəzarəti öz əlinə almağı bacardı. Son 15 dəqiqəni çıxsaq, matç ərzində bizim qol imkanlarımız albanlardan daha çox oldu. Sadəcə olaraq cinahlarda birə-bir mübarizələrdə oyunçularımız rəqiblərini keçə bilmədilər. Albanlar millisi isə əksinə, belə mübarizələrdə bizim oyunçuları geridə qoymağı bacarırdılar. Fərdi olaraq onların futbolçularının ustalıq səviyyəsi daha yüksəkdir. Bu baxımdan rəqib bizi üstələyə bildi. Biz daha çox topa sahib olduq, daha çox qol imkanları yaratmağa çalışdıq. Amma bu, effektli olması. Qol vurması lazım olan oyunçularımızın oyun praktikası az olduğu üçün yaradılan imkanları reallaşdıra bilmədilər".

Aslan bəy Albaniya millisinin oyunu əks-hücumların üzərində qurduğunu bildirdi:

Albanlar ilk hissədə daha dominant oynamağa çalışdı. Amma bu, onların oyunu deyil. İkinci yarıda geriyə çəkildilər. Albaniya millisinin əsl oyun üslubu elə budur. Onlar qrupdan da bu oyun üslubu ilə çıxıblar. Avropa çempionatında düşdükləri ölüm qrupunda da yalnız əks-hücumda oynamağa çalışacaqlar. Biz rəqibi öz qapısına sıxışdırıb qol imkanları yaratmağa başlayanda dərhal sürətli əks-hücumlara çıxan rəqib görürdük. Bunu etməyi bacaran oyunçulara malikdirlər. İki əks-hücumda qollarını vurdular".

Aslan Kərimovun sözlərinə görə, Azərbaycan milli komandasının qol şansları rəqibdən daha çox oldu. Təcrübəli mütəxəssis millinin oyununun gələcək üçün ümid verdiyini dedi:

"Təbii ki, bu, yoldaşlıq oyunudur. Məşqçilər futbolçuları yoxlayır, hansısa oyun strategiyasını ortaya qoymağa çalışır. İnanıram ki, oyunçular öz bacarıqlarının ən yaxşısını göstərməyə çalışırdılar. Amma bəzi futbolçuların oyun praktikasının az olması, bəzilərinin isə çempionatın sonundakı yorğunluğu görünürdü. Bu, istər-istəməz həm fiziki, həm də psixoloji tərəfdən özünü göstərir. Ümumən komandamız ümidverici görünür. Millimiz Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan komandanı öz qapısına sıxışdırmağı və qol vurmağı bacardı. Onların əksər futbolçuları İtaliya çempionatında oynayır. Bizim futbolçular oynadığı liqalara baxanda o performansı gözləmək olmur. Biz Ramil Şeydayevin cinahlardan iti keçidlərinə alışmışıq. "Qarabağ"ın heyətində də bunu yaxşı şəkildə edə bilirdi. Amma Albaniya ilə oyunda gördük ki, birə-birdə ümumiyyətlə heç kimi keçə bilmir. Mahir Emreli zədədən yeni qayıdıb, başa düşürük. Amma o, əvvəllər belə qol imkanlarını əldən verməzdi. Oyun praktikasının çatışmazlığı hiss olunurdu. Nəticə etibarilə düşünürəm ki, milli ümid verir. Əslində 1:3 hesablı oyun deyildi. Birinci qolda Şahruddin Məhəmmədəliyev həmişə olduğu kimi yenə də mövqeyini itirmişdi. Digər qollarda günahı yox idi. Həmin qolları bizi əks-hücumda yaxalayıb vurdular. Hər ikisi də öz səhvimizdən oldu. Ümumi götürəndə millimiz pis oyun nümayiş etdirmədi. Yaxşı oynadıq. Sadəcə olaraq müəyyən səhvlər var. Onları aradan qaldırmaq lazımdır. Səhvləri aradan qaldıra bilsək, yaxşı nəticələr əldə etmək mümkündür".

Elçin Əlixan

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
1
sportal.az

2Mənbələr