AZ

Azərbaycan müdafiə sənayesinin yeni inkişaf mərhələsində GTS imzası – REPORTAJ

Azərbaycanda yerli brend olaraq formalaşan “Ground Technical Support” (GTS) şirkəti yeni olmasına rəğmən Azərbaycan Respublikası ərazisində dövlət qurumları ilə birlikdə layihələrdə yer almağa başlayıb. Azərbaycanda müdafiə sənayesi sahəsində fəaliyyət göstərən özəl şirkətlərdən önə çıxanı “Ground Technical Support” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2021-ci ildə qurulub.

“Poliqon” xəbər verir ki, GTS şirkəti müstəqil, eləcə də dünyanın aparıcı raket-artilleriya silahları, zirehli tank texnikaları, avtomobil texnikaları, müxtəlif trenajor kompleksləri, elektron avadanlıq, elektrik qida mənbələri istehsalçıları ilə müştərilərin tələblərinə uyğun olaraq Quru Qoşunlarının silah və texnikalarının yerləşmə yerlərində, həmçinin şirkətin “Texniki xidmət və təmir mərkəzi”nin (TXTM) bazasında yüksək keyfiyyətli və səmərəli servis xidməti, habelə təmir və modernləşdirmə (köhnə nümunələrin yenilənməsi) proseslərini həyata keçirir.

1“Poliqon” hərbi-texnoloji jurnalı olaraq GTS müəssisəsində olduq və burada şirkətin həyata keçirdiyi layihələrlə yerində tanış olmaq imkanı əldə etdik. Şirkətin tərkibində “Xüsusi texnikaların təmiri” və “Tırtıllı və təkərli texnikaların təmiri” departamentləri, həmçinin Maddi-Texniki Təminat bölməsi və işlərin bilavasitə yerinə yetirildiyi “Texniki xidmət və təmir mərkəzi” fəaliyyət göstərir.

Şirkətin əsas fəaliyyət istiqamətləri

Yerüstü yedəyə alınan və özüyeriyən silahlar;

Döyüş texnikaları;

Zirehsiz və zirehli avtomobillər;

Xüsusi nəqliyyat vasitələri (motosikllər, kvadrosikllər və baggilər);

Elektrik qida mənbələri (generatorlar);

Trenajorlar.

  Şirkətin əsas fəaliyyət növləri

Nümunələrin təmir və modernləşdirmə işlərinin yerinə yetirilməsi;

Nümunələrə servis xidmətlərinin göstərilməsi;

İnteqrasiya və uyğunlaşdırma işlərinin icrası.

5Şirkət, sifarişçinin tələblərinə uyğun olaraq aşağıda sadalanan silah və texnika növlərinə servis xidmətləri göstərir, onların kompleks şəkildə təmir və modernləşdirmə işlərini həyata keçirir:

Xüsusi texnikaların təmiri üzrə

Daşınan və özüyeriyən minaatan sistemləri;

Yedəyə alınan artilleriya sistemləri;

Özüyeriyən artilleriya sistemləri;

Raket kompleksləri və yaylım atəşli reaktiv sistemlər;

Tank əleyhinə idarə olunan raket kompleksləri (o cümlədən döyüş modulları).

Tırtıllı və təkərli texnikaların təmiri üzrə

Zirehli tank texnikaları: baza maşınları və silah sistemi (o cümlədən döyüş modulları);

Zirehsiz və zirehli avtomobillər: şassi və xüsusi hissə (o cümlədən döyüş modulları);

Motosikllər, kvadrosikllər və baggilər.

Trenajor komplekslərinin və qida mənbələrinin təmiri üzrə

Müxtəlif trenajor kompleksləri.

Müxtəlif təyinatlı elektrik qida mənbələri (generatorlar).

EhədGTS direktorunun birinci müavini Əhəd Əzizov “Poliqon” jurnalına şirkətin fəaliyyət istiqamətlərindən, həyata keçirdikləri layihələrdən və müasir standartlara cavab verən infrastruktur imkanlarından danışıb. Onun sözlərinə görə, GTS şirkəti ofis, istehsalat sex və sahələri, yardımçı bina və tikililərdən ibarət olmaqla “Texniki xidmət və təmir mərkəzi”ndə fəaliyyət göstərir.

“GTS şirkətinin əsas fəaliyyət sahəsi Quru Qoşunlarının silah və döyüş texnikalarının servis xidməti, təmiri və modernləşdirilməsidir. Yaradılmasından keçən qısa müddət ərzində şirkət Türkiyə, İsrail, Rusiya, Belarus və Bolqarıstanın dünyaca tanınmış silah və xüsusi texnika istehsalçıları ilə imzaladığı razılaşmalar əsasında servis xidməti, təmir və modernləşmə sahəsində qarşılıqlı əməkdaşlıq edir, həmçinin onların Azərbaycandakı iş icraçısı olaraq silah və xüsusi texnika nümunələrinin servis xidmətini, təmirini və modernləşdirilməsini həyata keçirir.

Servis xidməti, təmir və modernləşdirmə işləri faktiki ünvanında yerləşən, zəruri alət, dəzgah və avadanlıqla tam təchiz edilmiş “Texniki xidmət və təmir mərkəzi”ndə, həmçinin sifarişçilərin tələbi ilə silah və döyüş texnikalarının dislokasiya məntəqələrində yerinə yetirilir”, – deyə Ə.Əzizov vurğulayıb.

6

Direktor müavini bildirib ki, bugünkü gündə şirkətdə ümumilikdə 73 nəfər işçi çalışır: “Onlardan 31 nəfəri mühəndis-texniki heyət, 26 nəfəri texniki işçilər, 16 nəfəri isə yardımçı heyət üzvləridir.

Şirkətdə çalışan personaldan 29 nəfəri uzun müddət Silahlı Qüvvələrdə silah və döyüş texnikasının texniki xidməti və təmiri ilə məşğul olmuş, müxtəlif vəzifələrdə xidmət etmiş ehtiyatda olan zabit, gizir və MAXE hərbi qulluqçulardır. Onlardan 20 nəfəri baş-leytenant – polkovnik kateqoriyalı zabit, 7 nəfəri gizir, 1 nəfəri isə MAXE hərbiçidir”.

Ə.Əzizov silah və döyüş texnikalarının servis xidməti, təmiri və modernləşdirilməsi ilə məşğul olan bütün personalın istehsalçılar tərəfindən keçirilən kurslarda iştirak etdiyini və sertifikatlaşdırıldığını söyləyib.

12

“GTS-nin həyata keçirdiyi bütün fəaliyyətlər təcrübəli, müvafiq istehsalçılar tərəfindən sertifikatlaşdırılmış yüksək ixtisaslı mütəxəssislər tərəfindən, xidmət göstərilən, təmir və modernləşdirmə işləri yerinə yetirilən nümunələr üçün texniki şərtlərə uyğun olaraq, müasir avadanlıqla təchiz olunmuş mərkəzdə həyata keçirilir. Şirkətin mütəxəssisləri sırasında əsas və aparıcı yeri həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış zabit-gizir heyəti tutur. İş təcrübəsi şirkətin mütəxəssislərinə xidmət fəaliyyətlərinə öz nəzarət sistemini formalaşdırmaq və tənzimləmək imkanı verir.

13Texniki xidmətin və təmirin həyata keçirilməsinə strukturlaşdırılmış yanaşma, həmçinin mühəndis-texniki heyətin davamlı peşəkar inkişafı və sertifikatlaşdırılması sifarişlərin yerinə yetirilməsi zamanı yüksək keyfiyyət və səmərəliliyi təmin etməyə imkan verir. Şirkətin nümunələrə xidmət göstərilməsi, onların təmiri, bərpası və istismar müddətinin uzadılmasının tam texnoloji dövrünü həyata keçirmək üçün unikal imkanları var. Şirkət əməkdaşlarının peşəkarlığı və təcrübəsi sayəsində ordu bölmələrinin etibarlı və döyüşə hazır texnika ilə təmin olunmasına zəmanət verir”, – deyə Ə.Əzizov vurğulayıb.

Direktor müavini qeyd edib ki, GTS tərəfindən texniki baxış (defektləşmə) və sənədləşmə zamanı əsas nümunələrin bütün müəyyən edilmiş nasazlıqlarının təmiri və aradan qaldırılması, habelə əsas nümunələrə texniki baxış (defektləşdirmə), bütün nasazlıqların müəyyən edilməsi və nəticələrə uyğun olaraq zəruri texniki sənədlərin hazırlanması, o cümlədən nümunələrə servis xidməti göstərilməsi və təmirin yerinə yetirilməsi üzrə bilik və praktiki bacarıqların maksimal ötürülməsini nəzərdə tutan xüsusi proqram üzrə texniki personalın hazırlanması kimi, əlavə professional xidmətlər də göstərilir.

7Ə.Əzizov bildirib ki, hazırda GTS şirkəti İsrailin “Elbit” və “Rafael” şirkətlərinin subkontraktoru olaraq Azərbaycan Ordusuna məxsus “GradLAR” və “Extra” döyüş maşınlarının, onların nəqletmə-doldurma və idarəetmə maşınlarının, T-72M1 tanklarında quraşdırılmış köməkçi güc qurğularının, TISAS atəşi idarəetmə sistemlərinin və DNS sürücü-mexanikin gecəgörmə cihazlarının, həmçinin “Spike” LR/ER TƏİR komplekslərinin, RWS və MLS döyüş modullarının servis xidməti və təmirini yerinə yetirir. Eyni zamanda şirkətin mütəxəssisləri tərəfindən idarəetmə maşınlarının şassisi olan KamAZ-43114 və UAZ-396295 markalı avtomobillərinin təmiri də yerinə yetirilir.

DSC“Habelə, GTS tərəfindən Müdafiə Nazirliyinin müvafiq qurumlarının sifarişi əsasında yüksək keçidlikli xüsusi nəqliyyat vasitələrinin – baggi (buggy) və kvadrosikl tipli vasitələr üzərinə 7,62 mm-lik PKM və HP-7,62 markalı pulemyotlar, eyni zamanda 9K111 “Faqot”, 9K111-1 “Konkurs” və 9K135 “Kornet” markalı tank əleyhinə idarəolunan raket kompleksləri quraşdıraraq modernləşdirilmişdir. Şirkət, müştərinin istəyinə bağlı olaraq xüsusi nəqliyyat vasitələrinin üzərində digər silah nümunələri quraşdırılmaqla modernləşdirilməsini təmin etmək imkanına malikdir”, – deyə GTS şirkətinin direktor müavini vurğulayıb.

11Ə.Əzizov bildirilib ki, GTS şirkəti xarici tərəfdaşları ilə birlikdə uzunmüddətli istismar zamanı özünü yalnız müsbət cəhətdən doğrultmuş aşağıda sadalanan silah və döyüş texnikalarının orijinal ehtiyat hissələrdən və dəstləşdirici elementlərdən (bloklar, qovşaqlar, elektron avadanlıqlardan) istifadə etməklə təmir və modernləşdirmə işlərini yerinə yetirmək imkanına sahibdir:

– BMP-1 piyadanın döyüş maşınlarının köhnə qülləsinin əvəzinə 23/30 mm avtomatik toplu qülləsi və ya 23 mm-lik ZU-23-2 zenit qurğusu və antidron sistemi quraşdırılmaqla yeni döyüş maşınının yaradılması;

– MT-LB yüngül zirehli çoxməqsədli dartıcıların üzərinə 23/30 mm avtomatik toplu qülləsi və ya 23 mm-lik ZU-23-2 zenit qurğusu və antidron sistemi quraşdırılmaqla yeni döyüş maşınının yaradılması;

– MT-LB yüngül zirehli çoxməqsədli dartıcıların üzərində müasir tələblərə cavab verən komanda-qərargah maşınının yaradılması;

3– 2S9-1 “NONA-S” özüyeriyən artilleriya-minaatan qurğularının şassisi dəyişdirilməklə, eləcə də yeni optik-elektron sistem və atəşi idarəetmə sistemi tətbiq etməklə modernləşdirilməsi;

– 9K114 “Şturm-S” tank əleyhinə idarə olunan raket kompleksinin yeni optik-elektron sistem, atəşi idarəetmə sistemi və raketlər tətbiq etməklə modernləşdirilməsi;

– BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemin döyüş maşınının əsaslı təmiri, həmçinin yeni naviqasiya, atəşi idarəetmə sistemi və istiqamətləndirici lülələr tətbiq etməklə moderləşdirilməsi;

– Döyüş sursatı arsenallarında yanğın təhlükəsizliyini təminatı üçün çox vacib olan T-55 tankının bazasında zirehli tırtıllı yanğınsöndürmə maşınının yaradılması;

– Yerüstü hədəflərlə mübarizə aparmaq üçün 80 mm-lik S-8 İAR istifadəsini təmin edən 4×4 təkər formullu zirehli avtomobil bazasında yeni 80 lüləli yaylım atəşli reaktiv sistemin yaradılması;

– PUA-lara və yerüstü hədəflərə qarşı mübarizə aparmaq üçün dəqiq tuşlama dəst ilə təchiz edilmiş 122 mm-lik reaktiv mərmilərin istifadəsini təmin edən 22 lüləli yaylım atəşli reaktiv sistemin yaradılması;

8– 82 mm-lik 2B9 “Vasilyok” avtomatik minaatanından istifadə etməklə yeni antidron sistemin yaradılması;

– 23 mm-lik ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusunun əsaslı təmiri və müasir idarəetmə sistemləri quraşdırmaqla modernləşdirilməsi;

– müxtəlif növ kvadrosikl və baggilərin üzərinə silah sistemləri quraşdırılaraq modernləşdirilməsi;

– 100 mm-lik MT-12 “Rapira”, 122 mm-lik D-30, 130 mm-lik M-46, 152 mm-lik D-20, 152 mm-lik 2A36 “Giasint-B”, 122 mm-lik 2S1 “Qvozdika” və 152 mm-lik 2S3 “Akasiya” kimi artilleriya sistemlərinin yüksək səviyyəli əsaslı təmiri.

14Bunlardan başqa, GTS şirkət ROKETSAN şirkətinin 122 mm-lik T-122 “Sakarya” və 300 mm-lik T-300 “Kasırğa” yaylım atəşli reaktiv sistemlərinin, “Rafael” şirkətinin digər güc strukturunda istismar olunan “Typhoon”, “Mini Typhoon”, “Spike NLOS” və İDS sistemlərinin, “Elbit” şirkətinin digər məmulatlarının, “Otokar” şirkətinin zirehli avtomobillərinin, həmçinin Silahlı Qüvvələrdə istismar olunan müxtəlif təyinatlı trenajor sistemlərinin servis xidmətini, təmirini və modernləşdirilməsini həyata keçirmək gücünə malikdir.

GTS şirkəti BMP-1 PDM-lərin modernləşdirilməsini təklif edir

“Ground Technical Support” şirkəti tərəfindən təklif edilən modernizasiya layihəri arasında BMP-1 piyadanın döyüş maşınlarının (PDM) modernləşdirilməsi əsas prioritet hesab edilir.

VictoryQuruluşunun sadə, istifadəsinin və texniki qulluğunun rahat olması səbəbindən PDM-in təkmilləşdirilməsi hazırda da davam etdirilməkdədir. Bu da onun əsasən silah sisteminin müasir döyüşün tələblərinə cavab verməməsindən irəli gəlir. Belə ki, standart BMP-1 döyüş maşınının silahlanmasına 73 mm-lik hamar lüləli 2A28 “Qrom” topu və onunla qoşalaşdırılmış 7,62 mm-lik PKT pulemyotu, həmçinin 9M14M “Malyutka” tank əleyhinə idarəolunan raket (TƏİR) buraxma qurğusu (BQ) və desant bölməsində bərkidilə və nəql edilə bilən 9K32 “Strela-2” daşınan zenit raket kompleksi (DZRK) daxildir. Döyüş maşınının 73 mm-lik hamar lüləli topu müasir tələblərə cavab vermir, çünki əsas atəş tapşırıqları yerinə yetirmək üçün – tanklar üçün təhlükəli olan canlı qüvvənin qarşısını almaq və məhv etmək üçün döyüş dəstində cəmi 16 dəst OQ-9 qəlpəli qumbaralı atəş yığımı mövcuddur. Maşının əsas silahından yerüstü hədəflərə qarşı atəş məsafəsi 1,3-1,6 km-dir, effektiv atəş məsafəsi isə daha azdır. Aşağı qalxma bucağına malik olması səbəbindən bu PDM-in silahları hava hədəflərinə atəş açmaq üçün uyğun deyil. Silah stabilizatorunun olmaması hərəkətdə effektiv atışa imkan vermir. Tank əleyhinə 73 mm-lik kumulyativ qumbara tanklara atəş açdıqda aşağı effektivliyə malikdir, müasir tankı məhv etmək üçün 40-a qədər atəş açmaq tələb olunur.

Döyüş maşınının əsas silahı olan 2A28 “Qrom” topunu texniki baxımdan tam hüquqlu tank əleyhinə silah adlandırmaq bir qədər çətindir. Əslində, bu top, düşmən zirehli maşınlarını yalnız 800-900 metrlik yaxın məsafədə məhv etmək üçün əlverişli olan 73 mm-lik SPQ-9 markalı tank əleyhinə dəzgahlı qumbaraatanın qısaldılmış versiyasıdır.

Yaxın təmas döyüşündə heyətin nişan almaq üçün çox vaxtı olmadığından, dəqiqədə 6 atəşə qədər olan aşağı atəş tempi, əllə yerinə yetirilən yenidən doldurma prosesi və silah sisteminin sabitləşməsi üçün stabilizatorun olmaması 2A28 “Qrom” topunu piyadalarla mübarizədə də təsirsiz hala gətirir. Lülənin 15°-lik kiçik qalxma bucağı isə yüksəkliklərə işləmək tələbi olan şəhər binaları arasında və dağlıq ərazilərdə onu yararsız edirdi.

Bütün sadalanan halları nəzərə alaraq, “Ground Technical Support” şirkəti tərəfindən təklif edilən layihədə ilk növbədə döyüş maşınının silah sisteminə diqqət yetirilir. Bundan irəli gələrək isə BMP-1 PDM-inin modernləşdirilməsi iki variantda təklif edilir:

– birinci variant modernləşdirmədə BMP-1 PDM-dən ştat silahlanmalı qüllə çıxarılır və onun yerinə 23 mm-lik ZU-23-2 qoşalaşdırılmış zenit qurğusundan ibarət yeni döyüş modulları quraşdırılır. Bu zaman zenit qurğusunun təkərli gedişli platforması çıxarılır, qaldırma və döndərmə mexanizmləri avtomatikləşdirilir (qurğu elektrik idarəetmə ötürücüləri ilə təchiz edilir), sutkanın istənilən vaxtında və istənilən hava şəraitində atəş aparmanı təmin edən optik-elektron avadanlıq bloku, həmçinin lazer məsafəölçən quraşdırılır. Sistem 23 mm-lik avtomatik toplarla uzaqlıq üzrə 2,5 km-ə qədər və hündürlük üzrə 2,0 km-ə qədər məsafədəki düşmənin alçaqdan uçan helikopter, pilotsuz uçuş aparatı və s. kimi hava hədəflərini effektiv məhv edə bilir;

– ikinci variantda isə BMP-1 PDM-dən ştat silahlanmalı qüllə çıxarılır və onun yerinə hidrogen dəstəkli çoxfunksiyalı ağıllı müdafıə sistemi və iki ədəd 23 mm-lik 2A13 avtomatik toplu yeni döyüş modulu quraşdırılır. Ağıllı Müdafiə Sistemi radar optik sistem inteqrasiyası ilə asimmetrik və ya sabit düşmən hədəflərini aşkarlaya və izləyə bilən sistemidir, özündə çoxlu sabit qanad, dron və oxşar faydalı yüklər üçün hidrogen mühərrik sistemini ehtiva edir. Sistem həm 23 mm-lik avtomatik toplarla uzaqlıq üzrə 2,5 km və hündürlük üzrə 2,0 km-ə qədər, həm də antidron sistemindən buraxılan kiçik dronlarla (ümumilikdə 16 dron) 10 km-ə qədər məsafədəki düşmənin alçaqdan uçan helikopter, pilotsuz uçuş aparatı və s. kimi hava hədəflərini effektiv məhv edə bilir.

BMPHər iki variantda yerinə yetiriləcək modernləşdirmə nəticəsində BMP-1 PDM həm yerüstü hədəflərə, həm də alçaqdan uçan hava hədəflərinə qarşı daha uzun mənzillərdə effektiv mübarizə aparmaq qabiliyyəti əldə edəcəkdir.

Ümumilikdə köhnəlmiş döyüş texnikalarının yeni vəziyyətə gətirilərək sıraya qaytarılması bütün dünyada olduqca yayılmış bir tətbiqdir. Bu yeni nümunə ilə nisbətdə ucuz başa gəlir və üzərində işlər sürətlə yerinə yetirilir, həmçinin çox zəhmət tələb etmir. Bütün hallarda, müasir silahlanma kompleksi əldə edən BMP-1, bu və ya digər şəkildə döyüş qabiliyyətlərinə görə BMP-2 piyadanın döyüş maşınına yaxınlaşır və hətta bəzi cəhətlərinə görə isə onu üstələyir.

Azərbaycan müdafiə sənayesinin yeni inkişaf mərhələsinə baxış və təhlillər onu deməyə əsas verir ki, ölkə rəhbərliyi Silahlı Qüvvələrin tələblərinin maksimum təmin edilməsi və ixracyönümlü hərbi sənayenin inkişaf etdirilməsinə xüsusi önəm verir. Orduya ayrılan xərcləri artırmaqda davam edən Azərbaycan hökuməti Silahlı Qüvvələri ən müasir silah-sursat və hərbi texnika ilə təmin edir. Azərbaycan Silahlı Qüvvələrinin inventarında yer alan silah və texnikalar modernləşdirilir. Beləliklə, müdafiə imkanları müasirləşdirilən Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki təchizatı yüksək səviyyəyə çatdırılır.

Bundan başqa, Azərbaycanda dövlət müəssisələrinin iştirak etdiyi birgə müəssisələr tərəfindən hərbi texnika, silah və sursatların istehsalı həyata keçiriləcək. Artıq bu istiqamətdə yerli və xarici şirkət ilə qurumlar arasında birgə istehsala dair sazişlərin imzalandığının şahidi oluruq. Azərbaycan həm güclü ordu, həm də güclü hərbi sənaye kompleksi ilə ölkənin imkanlarını daha da genişləndirəcək.

GTS

GTS şirkətində hazırlanan reportaj tam versiyada “Poliqon” jurnalının yeni sayında yayımlanmış “Azərbaycan müdafiə sənayesinin yeni inkişaf mərhələsi – GTS önə çıxır” başlıqlı məqalədə yer alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
poliqon.az

1Mənbələr