AZ

Çimərliklərdə təhlükəsiz və rahat istirahət üçün nələrə diqqət edilməlidir? - Ekspert şərh edir

Artıq dəniz mövsümü başlayıb. Ancaq etiraf edək ki, dəniz mövsümü özü ilə boğulma təhlükəsi də gətirir. Bunun üçün də çimərliklərdə təhlükəsizlik qaydalarına mütləq şəkildə əməl etmək lazımdır.


Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, çimərlik mövsümündə insanların təhlükəsiz, rahat, sağlam istirahəti üçün mütləq nəzərə alınmalı olan təhlükəsizlik qaydaları var. Bu qaydalara ciddi riayət etmək lazımdır.
Elmar 
Elmar Nurəliyev

Elmar Nurəliyev vurğulayıb ki, ilk öncə çimərlik seçərkən diqqətli olmaq lazımdır. Ekspertin sözlərinə görə, çimərlik seçərkən fəaliyyətinə icazə verilən çimərliyə üz tutmaq lazımdır, qadağan olan çimərliklərə getmək olmaz.

“Çimərliyə gedərkən hansı günün təyin olunmasına öncədən müəyyənləşdirmək lazımdır. Bu həmin günə təyin olunan hava şəraiti ilə əlaqədardır. Əlverişsiz hava şəraitində çimərliyə getmək olmaz. Əlverişsiz hava şəraitində, havada küləyin sürəti saniyədə 12 metrdən çox olarsa, çimərliyə getmək olmaz. Günün qaranlıq vaxtı çimərliyə getmək də tövsiyyə edilmir.

Fəaliyyətinə icazə verilən çimərliklərdə xilas edicilər fəaliyyət göstərir. Onlar hər hansı bir təhlükə anında ilkin müdaxilə edərək, təhlükə ilə qarşılaşmış şəxsi xilas etmiş olur”-deyən ekspert vurğulayıb ki, dünya praktikasında sularda baş vermiş boğulma hadisələrinin statistikasına baxanda görürük ki, hər il 300 minə yaxın insan suda boğularaq həyatını itirir.

“Boğulan şəxslərin 95 faizindən çoxu, məhz nəzarət olunmayan çimərliklərdə baş verir. Cəmi 5 faiz boğulma halı nəzarət olunan çimərliklərin payına düşür. Hər il dəniz mövsümü başlamamışdan öncə, aidiyyatı qurumlar tərəfindən nəzarət olunan çimərliklərdə yoxlamalar aparılır. Su altında müşahidə aparılır. Sualtı axınların istiqamətinə baxılır. Suyun tərkibi, suyun bakterioloji və digər çirklənmə, insan səhhətinə mənfi təsir göstərə biləcək amillərə qədər sanitar normaları müəyyənləşdirilir. Bundan sonra çimərliyin fəaliyyətinə icazə qərarı üçün müzakirə aparılır. Bu səbəbdən də, “fəaliyyətinə icazə verilməyən çimərlik” deyilən yerlərdə çimmək tövsiyə olunmur, insanların sağlamlığına təhlükə riski olduğu üçün həmin çimərliyin fəaliyyətinə icazə verilmir. İlk öncə buna diqqət etmək lazımdır”-deyə Elmar Nurəliyev vurğulayıb.

Ekspert bildirib ki, çimərlikdə spirtli içki qəbul etmək və spirtli içki qəbul etdikdən sonra suya girmək yolverilməzdir.

“Çimərlikdə təyin olunmuş hüdudları keçməmək tövsiyə edilir. Bəzən bunun dəfələrlə şahidi oluruq yəni hüdudlardan qat-qat dərinə gedir, saatlarla suda vaxt keçirir, suyun içərisində olan hansısa dəmir konstruksiya və yaxud daş qayaların üstünə çıxıb suya baş vururlar. Bu da yolverilməzdir.

Çimərliyi yarış meydançasına çevirmək olmaz. Sahilə paralel üzmək lazımdır. Bəzən bəhs uğruna daha çox uzaq məsafəyə gedilir. Bunun sonu da bədbəxt hadisənin baş vermək riskini qaçılmaz edir. Yəni bu amillərə diqqət etmək lazımdır.

Suya özü ilə hər hansı bir nəqliyyat vasitəsi - dəniz nəqliyyatı katamaran, gəmi, kiçik həcmli gəmi, qayıq və s. gətirmək olmaz. Bəzən insanlar belə vasitələr gətirirlər, icazə almadan suya salırlar və bununla istirahət təşkil edirlər.

Uşaqları nəzarətsiz buraxmaq olmaz. Çimərlikdə uşaqlar mütləq valideyn nəzarətində hərəkət etməlidir.

Qəbul edilən qidalara xüsusi diqqət önəm daşıyır. Günün qızmar vaxtında zəhərlənmə ehtimalı yarada bilən qidalardan uzaq olmaq lazımdır”-deyə ekspert bildirib.

“Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin fəaliyyət göstərdiyi nəzarət olunan çimərliklərdə bir nəfər də olsun boğulma halı qeydə alınmayıb. Bu da onu deməyə əsas verir ki, insanlar nəzarət olunan çimərliklərə gedərlərsə, daha rahat və təhlükəsiz istirahət edə bilərlər”-deyə Elmar Nurəliyev əlavə edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
1
bakuinform.agency

2Mənbələr