AZ

Əliyev dedi ki, mənim ailəm türk dünyasıdır, bizim üçün də... - MÜSAHİBƏ

Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töre Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın rəsmi dəvəti ilə Bakıda səfərdəsiniz. Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) “Türk dünyası üçün yaşıl üfüqlər: yaşıl gündəliyin həyata keçirilməsində parlamentlərin rolu” mövzusuna həsr olunmuş 13-cü plenar iclasında iştirak etdiniz. Səfəriniz haqda təəssüratlarınızı eşitmək istərdik.

- Bəli, TÜRKPA-nın 13-cü qurultayı ilə əlaqədar Bakıdayıq. Biz bununla fəxr edirik. 2022-ci il noyabrın 11-də TÜRKPA-nın Türkiyədə keçirilən 12-ci Konqresində Şimali Kipr Türk Cümhuriyyəti müşahidəçi üzv kimi qəbul edilib. Bu, bizim üçün şərəf oldu. Çünki biz Türk Dünyasının ayrılmaz bir parçasıyıq, türk millətinin özüyük. Məndən "əslən haralısan" soruşanda cavab verirəm ki, mənim əcdadlarım Orta Asiyadan, Türküstandan Qafqaza gəliblər. Qafqazdan Anadoluya, Anadoludan da Kiprə gediblər. Ona görə deyirəm ki, biz türk millətiyik, kökümüz Türküstana gedib çıxır. TÜRKPA-nın 13-cü plenar iclasına dəvət edilməyimiz bizim üçün çox xoş oldu. Azərbaycanın ev sahibliyi yüksək səviyyədədir. Azərbaycan Milli Məclisinin rəhbərliyi və azərbaycanlı həmkarlarımız bizi çox gözəl qarşıladı. Səfər çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyev bizi qəbul etdi, bizi dinlədi. Cənab prezidentin türk dünyası ilə bağlı qeyd etdiyi fikirlər bizi çox sevindirdi və qürurlandırdı. Bu vəsilə ilə cənab İlham Əliyevin “mənim ailəm türk dünyasıdır” ifadəsi də ciddi bir yol göstəricidir. İki il əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatında demişdi ki, "Şimali Kipr Türk Cümhuriyyətini tanıyın. ŞKTC və xalqına qarşı embarqolardan, izolyasiyadan əl çəkin. Bu da bir dönüş nöqtəsidir. Amma Azərbaycan Milli Məclisinin qısa bir müddətdə Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti Parlamentlərarası Dostluq Qrupunun yaradılması, deputatların ölkəmizi ziyarət etməsi də rəsmi təmas üzərində qurulan bir inkişafdır. Bu da bizim üçün çox sevindirici haldır. Öncə böyük qardaşımız, Ana Vətən Türkiyəyə səfər etdik. Hazırda isə ikinci qardaşımız Azərbaycanda görüşürük. Könlümüz, qəlbimiz Türk dünyası ilə bərabərdir. Beləliklə, öncə Türkiyə-Azərbaycan və sonra digər türk dövlətlərinə sıra gəlir. İnşallah onlar da Şimali Kipr Türk Cümhuriyyəti ilə dostluq qrupları yaradarlar və ölkələrarası münasibətlər daha da inkişaf edər. Birlikdə bu istiqamətdə hərəkət etməyə davam edəcəyik. Hər zaman birlikdə olmağımız vacibdir. Belə olan halda dünyada bizi səhv istiqamətləndirənlərə də cavab vermiş olarıq. Türk Dövlətləri Təşkilatı bir bütövdür və bir-birinə sarılıblar. Necə ki Avropa Birliyi, Afrika Birliyi, NATO və Amerika Birləşmiş Ştatları varsa, Türk Dövlətləri Təşkilatı da daha güclü vəziyyətə gəlməlidir. Onlar çoxdan yaranıb, amma biz yeni başladıq. Bu birliyimiz yeni başlayıb və inşallah əbədi davam etsin.

- Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti arasında hazırkı siyasi əlaqələri necə dəyərləndirirsiniz?

- Əvvəl Şimali Kipr Türk Cümhuriyyətinə daha çox millət vəkilləri səfər edirdilər, amma hazırda rəsmi səfərlər başlayıb. Bu, daha vacibdir. Şimali Kipr Türk Cümhuriyyəti Türkiyə Dövlətləri Təşkilatına müşahidəçi üzvdür. Bu gün biz Azərbaycandayıq. İnşallah iki ölkə arasında münasibətlər daha da inkişaf edəcək. Prezident İlham Əliyevin də Şimali Kipr Türk Cümhuriyyətinə münasibətindən çox məmnunuq.

Azərbaycan, Şimali Kipr Türk Cümhuriyyəti və Türkiyə - üç dövlət və bir millət kimi birləşib. Bu, ölkələrimizə gələcəkdə böyük faydalar gətirəcək. Amma digər Türk ölkələrinin də buna əməl etməsini gözləyirik. Pakistanın da bizə qoşulmasını istəyirik. Pakistan tərəfindən Şimali Kipr Türk Cümhuriyyəti tərəfindən rəsmi tanınmasa belə dövlət kimi qəbul edilir. Bundan sonra davamının gələcəyini düşünürəm. Bizə olan təzyiqlər azaldılmalıdır. Bu təzyiqlərin qarşısını almaq üçün isə Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına tam üzv olması lazımdır.

- Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyətinin əlaqələrinin hazırki səviyyəsini necə qiymətləndirirsiniz?

- Türk dövlətləri ilə əlaqələrimizin daha da yaxşı olmasını istəyirik. Hazırda Türkiyə və Azərbaycanla əlaqələrimizin səviyyəsindən razıyıq. Azərbaycanla qardaşlıq, dostluq və işbirliyi məsələsində əlaqələrimiz daha yeni başlayıb. Digər türk dövlətləri ilə də əlaqələrimizin daha da inkişaf etməsini istəyirik. Türk millətiyik və Türk Dövlətləri Təşkilatının üzvləriyik və milli şüurumuzu, milli həmrəyliyimizi daha da artırmalıyıq. Ötən gün də iqtisadiyyat və mədəniyyət sahəsində işbirliyi etməliyik. Türk Dövlətləri Təşkilatı öz aralarında idman fəaliyyəti təqdim edib, gənclərimizin, uşaqlarımızın bu fəaliyyətlərə qatılmasını təmin etməliyik. Çünki bizə idman sahəsində UEFA, FİFA tərəfindən böyük embarqolar qoyurlar. Bu, təbii ki, düzgün deyil. İnsanlığa da yaraşmayan bir haldır. Bu gün insanlıq yoxdur. Bunu Qəzzada görürük, uşaqlar, hamilə qadınlar qətl edilir, ac-susuz buraxılır, güllələnirlər. İnsan bundan utanır. Təbii ki, biz Qarabağın işğal olunmasına çox sevindik, şəhidlərə Allah rəhmət eləsin. Qarabağ bizim yenidən Azərbaycan oldu. Onsuz da Qarabağ Azərbaycan idi! Beləliklə, Azərbaycanın zəfərini qeyd edirik, qürurlanırıq. İnşallah Azərbaycan dünyada daha güclü dövlət olacaq. Bu istiqamətdə irəliləyir. Biz də, Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti olaraq daha möhkəm əlaqələr quraraq güclənəcəyik. Enerji sahəsi, idman, təhsil, mədəniyyət, iqtisadiyyat sahsində əlaqələrimizi daha da inkişaf etdirməliyik.

- Qeyd etdiyiniz sahələr üzrə iki ölkə arasında əlaqələri daha da inkişaf etdirmək üçün nə etmək lazımdır?

- Biz həm dövlət səviyyəsində, həm də biznes səviyyəsində investisiyaları artırmalıyıq.

- Şimali Kipr Türk Cümhuriyyəti ilə Qərb ölkələrinin əlaqələrini necə dəyərləndirirsiniz?

- Qərb dövlətləri Şimali Kipr Türk Cümhuriyyətinə embarqo qoyur və bizi təcrid edir, pasportlarımızı tanımırlar. Hələ də idman sahəsində embarqo qoyurlar. Şimali Kipr Türk Cümhuriyyəti ilə birbaşa ticarət etmirlər. Kiprdə yaşıl xətt üzrə ticarət imkanları var, amma bu da yetərli deyil. Şimali Kipr Türk Cümhuriyyətinə məhdud çərçivədə ticarət etmək imkanları verirlər, amma bizi qane etmir. Beləliklə, Qərb ölkələrinin davranışında ayrı-seçkilik var. Mən demirəm ki, bütün ölkələr eynidir, amma Qərb ölkələrinin çoxunda ayrı-seçkilik var. Biz bunu ən qabarıq şəkildə Qəzzada görürük. Fələstin məsələsində də nə qədər ayrı-seçkilik etdiklərin şahidi oluruq. İnsan haqları, beynəlxalq hüququn təəssüf ki, Qərb ölkələri tərəfindən tapdandığını görürük. Onlar sadəcə özlərini düşünürlər. Ona görə də biz öz hüquqlarımızı qorumaq və özümüzü onlara qəbul etdirmək üçün Türk Dövlətləri Təşkilatının daha çox işbirliyi etməlidir.

- Bu, Bakıya ilk səfərinizdir?

- Xeyr, bu, mənim Azərbaycana ikinci səfərimdir. Bakı çox dəyişib. Sonuncu dəfə 15 il əvvəl gəlmişdim. O zaman Allah rəhmət etsin, mərhum millət vəkili Qənirə Paşayevanın dəvətlisi idim. Bakı dünya şəhəri olub. Bakının mənzərəsi, memarlığı, küçələrin təmiz olması, Azərbaycan xalqı gözəldir. Azərbaycan xalqının türk millətinin mənsubu olması daha da gözəldir. Hər zaman Azərbaycanın yanında yer alan və Azərbaycan xalqını sevən bir insanam. Mən hər zaman deyirəm ki, "Nə xoşbəxt türkəm deyən hər kəsin millət vəkiliyəm".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
1
paytaxt.org

2Mənbələr