AZ

S&P: Azərbaycanla Ermənistan arasında sülh sazişi COP-29 konfransına qədər imzalana bilər

Azərbaycanla Ermənistan arasında sülh sazişi 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP-29 konfransına qədər imzalana bilər.

"APA-Economics" xəbər verir ki, bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyi proqnozunda bildirilib.

Qeyd edilib ki, regionda dəyişən geosiyasi vəziyyət fonunda Azərbaycan Ermənistanla hərtərəfli sülh sazişi üzrə danışıqları davam etdirir: "Sülh müqaviləsinin imzalanmasında mübahisəli məqamlardan biri sərhədlərin demarkasiyası prosesi olaraq qalır. Ermənistan hökuməti Azərbaycanın bir neçə eksklav kəndini təhvil vermək tələbi ilə razılaşıb. Bu, Ermənistanda baş nazir Nikol Paşinyanın istefasının tələb edildiyi ictimai etirazlara səbəb olub. Buna baxmayaraq, hər iki tərəf Avropanın və Müstəqil Dövlətlər Birliyinin bir sıra paytaxtlarında keçirilən ikitərəfli danışıqları sürətləndirib. Rəsmi açıqlamalar göstərir ki, sazişin 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP-29 konfransına qədər imzalanması mümkün olaraq qalır".

Qeyd olunub ki, Ermənistanla gərgin münasibətlər son vaxtlar daha geniş xarici siyasətə də təsir edib. Xüsusən də Azərbaycanın Fransa ilə münasibətləri Azərbaycanın Fransanın daha çox ermənipərəst mövqeyi hesab etdiyinə görə pisləşib. 2024-cü ilin fevralında Azərbaycan parlamenti Fransa ilə əlaqələri kəsməyə və fransız şirkətlərini ölkədən çıxarmağa çağıran bəyanat qəbul edib. Qeyd edək ki, bununla bağlı hələlik konkret addımlar atılmayıb, lakin Azərbaycanda bir neçə fransız şirkətinin, o cümlədən hazırda Abşeron qaz yatağı layihəsini işlədən TotalEnergies şirkətinin fəaliyyət göstərdiyini nəzərə alsaq, risklər qalmaqdadır. Bundan sonra Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb, lakin səfir bu yaxınlarda Bakıya qayıdıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
14
apa.az

10Mənbələr