AZ

Türk dünyası üçün tarixi fürsətlər

Eyni kökdən gələn, oxşar mədəniyyətə və milli-mənəvi dəyərlərə malik olan Türk xalqlarının və dövlətlərinin əlaqələrinin genişlənməsi üçün tarixi fürsətlər yaranıb. Bu prosesdə Azərbaycan özünün geniş imkanlarını təqdim etməklə və güclü siyasi iradə ortaya qoymaqla mühüm rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyev iyunun 6-da TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul edib. Qəbulda qonaqlar dəvətə görə təşəkkürlərini bildirərək respublikamızın Türk Dövlətləri Təşkilatının (TDT) funksionallığının artmasına, Türk birliyinin möhkəmlənməsinə mühüm töhfələr verdiyinə xüsusi diqqət çəkiblər.

TÜRKPA-nın yaradılması ideyasına görə Azərbaycan Prezidentinə xüsusi təşəkkür

Qəbulda çıxış edən Özbəkistan Ali Məclisi Senatının sədri xanım Tənzilə Narbayeva Prezident İlham Əliyevin TÜRKPA-nın yaradılması ideyasının öz müsbət nəticələrini verdiyinə xüsusi diqqət çəkib. Prezident İlham Əliyev Azərbaycan-Özbəkistan əlaqələrinin hazırkı yüksək səviyyəsindən məmnunluq ifadə edib. Dövlətimizin başçısı iki dost ölkə arasında əlaqələrin möhkəmlənməsini böyük nailiyyət kimi səciyyələndirərək “Əziz qardaşım Şavkat Miromonoviçə ən xoş arzularımı çatdırın, onunla tezliklə görüşməyə ümid edirəm. Bilirsiniz, ilin sonuna qədər bizim görüşlərimiz olacaq - həm mənim səfərim, həm də bilirəm ki, Şavkat Miromonoviç bu ilin noyabrında keçiriləcək iqlim konfransında iştirak etməyi planlaşdırır. Bizim hələ beynəlxalq platformalarda da əlaqələrimiz olacaq. Siz də yaxşı bilirsiniz ki, ölkələrimiz arasında qardaşlıq münasibətləri necə uğurla, deyərdim ki, inanılmaz sürətlə inkişaf edir. Yəqin 7-8 il əvvəl kimsə desəydi ki, biz belə bir əməkdaşlıq səviyyəsinə çatacağıq, buna inananlar az olardı. Bu, əlbəttə ki, böyük nailiyyətdir”, - deyə vurğulayıb.

Dünyada sülhün təmin edilməsi üçün fürsət...

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş çıxışında Türk dünyasının böyük potensiala malik olduğuna diqqət çəkib. “Orta Asiya dediyimiz Özbəkistandan, Qazaxıstandan başlayan, Qafqazdan Anadoluya, oradan da Avropaya - ta Macarıstana qədər uzanan coğrafiyada təxminən 300 milyon türk yaşayır. Bu, böyük bir potensialdır. Həm insan gücü baxımından, həm də yeraltı, yerüstü sərvətlər baxımından qeyri-adi böyük bir potensialdır. İnşallah, Türk dövlətləri bunu öz aralarında ən doğru şəkildə istifadə edərək yeni dünyada böyük bir güc mərkəzinə çevriləcək. Türk dünyasının önəmli bir güc balansı olması dünyada sülhə əsla təhdid deyil, tam əksinə, dünyada sülhün təmin edilməsi üçün bir imkan, bir fürsətdir”, - deyə Numan Kurtulmuş bildirib.

Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirən Prezident İlham Əliyev qardaş ölkənin və onun Lideri Rəcəb Tayyib Ərdoğanın 44 günlük Vətən müharibəsində ölkəmizə güclü mənəvi-siyasi dəstək verdiyini minnətdarlıqla xatırlayıb. Dövlətimizin başçısı əminliyini ifadə edərək bildirib ki, Türk dünyasının gücləndirilməsi, birləşməsi Türk dünyasını, Türk Dövlətləri Təşkilatını dünya miqyasında böyük bir güc mərkəzinə çevirəcək. “Çünki siz də qeyd etdiyiniz kimi, mövcud olan güc mərkəzləri böhran içindədir. Hərəsinin öz böhran çərçivələri var. Bizim isə əksinə, potensialımız gündən-günə çiçəklənir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan-Qazaxıstan: qarşılıqlı etimada əsaslanan dialoq

Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanov çıxışında Azərbaycanla Qazaxıstan arasında qarşılıqlı əlaqələrin nümunəvi olduğunu bildirib. Bunun səbəblərinə diqqət çəkən Yerlan Koşanov vurğulayıb: “Uğurumuzun açarı Sizinlə Prezidentimiz Kasım-Jomart Kemeleviç Tokayev arasında etimada əsaslanan dialoqdur. Siz artıq iki dəfə Qazaxıstanda olmusunuz, bu il Prezidentimiz dövlət səfərində olub. Nümayəndə heyətimiz çox xoş təəssüratla qayıtdı. Həqiqətən də Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın iclasının keçirilməsi tarixi hadisə oldu. Bu, doğrudan da böyük hadisə idi”. 

Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin bir qədər bundan əvvəl Azərbaycana dövlət səfərinin çox uğurlu keçdiyini və yaxşı nəticələrlə yadda qaldığını bildirib. Dövlətimizin başçısı səfər çərçivəsində Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açıldığını xatırladaraq deyib:  “Bu, artıq qardaş ölkələrin Füzuli şəhərinə ikinci hədiyyəsidir. Birincisi - ötən ilin avqustunda biz Şavkat Miromonoviçlə Uluqbəy adına məktəbin açılışını etmişdik. Ona görə də indi Füzulidə uşaqlar Uluqbəy adına məktəbə, dərsdən sonra isə Kurmanqazı adına Yaradıcılıq Mərkəzinə gedirlər. Bilirsiniz, bunlar məhz bizim danışdıqlarımız və istədiklərimizdir: qoy xalqlarımız daim bir-birinin dəstəyini hiss etsinlər. Heç də az olmayan vəsaitə başa gələn bu iki çox böyük təhsil ocağı qardaşlarımızın hədiyyəsidir, həmişəlik orada qalacaq”.

Türk dövlətləri ilə əlaqələrin qurulması Macarıstan üçün çox vacibdir

Azərbaycanla Macarıstan arasında əlaqələrin genişlənməsi də məmnunluq doğurur. Macarıstan Milli Assambleyası sədrinin müavini xanım Marta Matrai çıxışında ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyinə diqqət çəkib. “Azərbaycan Macarıstan üçün strateji tərəfdaşıdır. 2023-cü ildə Siz Macarıstanda səfərdə oldunuz və o zaman strateji tərəfdaşlıq haqqında da sənəd imzalandı. Bu da o deməkdir ki, biz Azərbaycan ilə Macarıstan arasında təkcə iqtisadiyyat sahəsində deyil, mədəniyyət və humanitar sahələrdə də ən yüksək səviyyədə əməkdaşlıq qura bilmişik”, - deyə Macarıstan təmsilçisi bildirib. Marta Matrai əlavə edib ki, Türk dövlətləri ilə əlaqələr qurmaq və gücləndirmək ölkəsi üçün çox vacibdir.

Prezident İlham Əliyev Azərbaycanla Macarıstanın bir çox istiqamətlərdə fəal işlədiklərini bildirib. Dost ölkənin prinsipial siyasət apardığına diqqət çəkən dövlətimizin başçısı “Macarıstan bizim Avropa İttifaqındakı bir nömrəli tərəfdaşımızdır və bəzi hallarda Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüləndə birinci bizim müdafiəmizə Macarıstan qalxır. Bilirəm ki, buna görə Macarıstan da bəzi Avropa ölkələri tərəfindən təzyiqlərlə üzləşir. Ancaq Macarıstanın prinsipial mövqeyi, haqqın, ədalətin yanında olması, beynəlxalq hüquqa hörmətlə yanaşması onun beynəlxalq nüfuzunu böyük dərəcədə artırır”, - deyə vurğulayıb.

Şimali Kipr TDT-nin tamhüquqlu üzvlüyünə doğru

Çıxışında “Təbii ki, Kipr türk xalqı da türk millətinin bir hissəsidir” deyən Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töre ölkəsinin TDT-də müşahidəçi statusundan tamhüquqlu üzvlüyə can atdığını diqqətə çatdırıb. O, bu xüsusda fikirlərini ifadə edərək deyib: “İndi Şimali Kipr Türk Cümhuriyyəti Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv oldu. Ümid edirəm, Şimali Kipr Türk Cümhuriyyəti ən yaxın zamanda əsl üzvlüyə də keçər. Çünki biz əsl üzvlüyə keçsək, bəlkə o zaman Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatı, Amerika təzyiqdən vaz keçər və artıq Şimali Kipr Türk Cümhuriyyəti davamlı hala gələr”. 

Azərbaycan Şimali Kiprin TDT-də təmsilçiliyinin genişləndirilməsi ideyasını dəstəkləyir. Ölkəmizin mövqeyini bir daha nəzərə çatdıran Prezident İlham Əliyev deyib: “Bilirsiniz ki, Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatında müşahidəçi olması ilə əlaqədar Azərbaycan çox fəal çalışırdı, fəal diplomatik səylər göstərmişdir və çox şadam ki, artıq birinci addım atıldı. O ki qaldı, Şimali Kipr Türk Cümhuriyyətinin tamhüquqlu üzvə çevrilməsinə, Azərbaycan olaraq biz bunu dəstəkləyirik. Bu, təbii olar. Şimali Kipr Türk Cümhuriyyəti tarix nöqteyi-nəzərindən Türk dünyasının bir parçasıdır”.

Qardaşlıq təzahürü...

Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev çıxışında bu gün Qırğızıstan-Azərbaycan əlaqələrinin çox yüksək səviyyədə olduğunu bildirib. “Biz münasibətlərimizin inkişafı üçün qarşılıqlı səy göstərməliyik və inanıram ki, gələcəkdə əlaqələrimiz daha da yüksək və yaxın olacaq”, - deyə Nurlanbek Şakiyev əlavə edib.

Prezident İlham Əliyev vurğulayıb ki, Qırğızıstanla bizim əlaqələrimiz qardaşlıq əsasındadır. “Mənim Qırğızıstana dövlət səfərim çərçivəsində çox önəmli qərarlar qəbul edildi. Biz indi çox genişmiqyaslı əməkdaşlıq edirik. Bilirsiniz ki, Azərbaycan-Qırğızıstan İnvestisiya Fondu yaradıldı. Söz düşmüşkən onu da bildirməliyəm ki, bizim Özbəkistanla və Qazaxıstanla da buna oxşar investisiya fondlarımız var. Qırğızıstan Prezidenti öz təşəbbüsü ilə Ağdam rayonunda bir məktəbin tikintisinə də dəstək göstərdi və onun təməlini biz birlikdə qoymuşuq. Bütün bunlar qardaşlıq təzahürləridir”, - deyə dövlətimizin başçısı bildirib. 

Mübariz ABDULLAYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
1
yeniazerbaycan.com

2Mənbələr