AZ

Quş qripinin ölümcül növü tapıldı və... ilk can aldı - təhlükə

Həkim: “Hələlik narahatlığa  əsas yoxdur, amma...”

Dünyada ilk dəfə insanda quş qripinin yeni növünə yoluxma halı qeydə alınıb və o ölümcül olub. “Yeni Müsavat” xəbər verir ki, bu barədə “Reuters” yazıb. A (H5N2) viruslarının Meksikada ev quşlarında aşkar edildiyi məlumdur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qeyd edir ki, 59 yaşında olan və dünyasını dəyişən xəstənin ev quşları və ya digər heyvanlarla təması olmayıb. 

Təşkilatın məlumatına görə, xəstədə yüksək hərarət, nəfəs almaqda çətinlik, ishal, ürəkbulanma və ümumi halsızlıq yaranıb. Ölkənin səhiyyə orqanları ehtimal olunan infeksiya mənbəyini müəyyən etmək və bu qripin yayılma risklərini qiymətləndirmək üçün araşdırma aparır.

Doğrudan da 59 yaşlı meksikalının ev quşları və ya digər heyvanlarla təması olmayıbsa, necə yoluxub?

Qeyd etmək yerinə düşər ki, quş qripi müxtəlif növ quşların və heyvanların kəskin gedişli kontagioz xəstəliyidir. Xəstəlik respirator orqanların, mədə-bağırsaq traktının zədələnməsi, eləcə də quşlar arasında yüksək tələfat və iqtisadi zərər ilə nəticələnir. Virus (A(H5N1), HPAI) həm quşlar, həm də insanlar üçün təhlükəli infeksiya növü hesab olunur. Tədqiqatlar göstərir ki, yüksək patogen quş qripi virusu ətin -70° C-yə qədər dondurulması zamanı 300 gündən artıq müddətdə sağ qalır və öz virulentliyini qoruyub saxlayır. Buna misal olaraq 2001-2007-ci illərdə Koreya, Yaponiya və Almaniya kimi ölkələrə idxal edilmiş çiy toyuq əti və dondurulmuş ördək karkasında quş qripi virusunun aşkar edilməsini göstərə bilərik. Tədqiqatlar nəticəsində virusa yoluxmuş quşların nəinki yumurtasında, onun qabıq hissəsində də törədicinin mövcudluğu öz təsdiqini tapıb. Yumurtanın qaynadılaraq bişirilməsi zamanı viruslar məhv olsa da, çiy yumurta və onun məhsulları ilə təmas insanların xəstəliyə yoluxması baxımından yüksək risk amili hesab olunur. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərinin araşdırmasında qeyd edilib. Bildirilir ki, yüksək patogenli quş qripi bir çox ev və vəhşi quş növləri arasında (toyuq, ördək, hinduşka, sərçə, qarğa, göyərçin, çöl ördəyi, qırqovul, kəklik və s.) qeydə alındığı üçün xəstə quşların sənaye və ya ev şəraitində kəsimi, eləcə də vəhşi quşların ovlanması zamanı insanların virusa yoluxma təhlükəsi böyük olur. 

Bəs Azərbaycan bu virusdan nə dərəcədə sığortalanıb? Əhali nəyə diqqət etməlidir?

Mərdan

 Mərdan Əliyev 

İnfeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, quş qripi əsasən çöl quşlarından yoluxur. Quşların köç ərəfəsində də bir ərazidən digər əraziyə yayıla bilir. Çöl quşları ev quşlarını da yoluxdurur, bununla da insanlara keçir. Bunun  qarsısın almağın əsas yolları baytarlıq, nəzarət sistemi gücləndirilməli, quşların monitorinqi aparılmalı, hansı quşda xəstəlik aşkar olunursa, o zaman onlara qarşı müəyyən tədbirlər görülməlidir. Yəni bu virusdan qorunmağın qaydası budur. Bir hadisə olub, hələ tam araşdırılmayıb. Meksikada bir hadisənin olması və bunun ölkəmizə gəlməsindən danışmaq hələ tezdir. Açığını desəm, düşünmürəm ki, bir hadisə ilə bizə gəlmə ehtimalı olsun. Təbii ki, bizə də gələ bilər, amma yoluxma sayı kütləvi olarsa. Hələ ki narahatlığa  əsas yoxdur".   

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə “Yeni Müsavat”a bildirilib ki,  AQTA Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir və təşkilatın rəsmi məlumatlarına əsasən, Agentlik tərəfindən müvafiq qərarlar qəbul edilir. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunur.

AQTA-nın aidiyyəti qurumlarla birgə respublika ərazisində quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər keçirdiyi və nəticələrini ictimaiyyətə açıqladığı vurğulanıb.

Nəzərə çatdırılıb ki, sonuncu monitorinqlər quşçuluq, eləcə də ovçuluq təsərrüfatlarını, milli parkların su-bataqlıq sahələri və dənizsahili zonaları və s. əhatə edib və bu ərazilərdə ümumi müşahidələr aparılmaqla vəhşi quşlara klinik baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə ovlanmış 59 baş müxtəlif növ vəhşi quşdan diaqnostik material nümunələri götürülüb:

“Aparılmış sonuncu monitorinqlər zamanı müayinələrin və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib”.

Ekspertlər qeyd edir ki, quş qripinin yayılmasında təhlükə mənbələrindən biri də su hesab olunur. Belə ki, xəstə quşların ifrazatları ilə çirklənmiş suyun pH göstəricisi, temperaturu və duzluluq dərəcəsindən asılı olaraq quş qripi virusları suda 10 günə qədər sağ qalır ki, belə su ilə suvarma quşların yoluxması ilə nəticələnir.  Quş qripinin inkubasiya dövrü 3-5 gündür. Virusa yoluxma zamanı quşlar yemdən imtina edir, süstləşir, lələkləri pırpızlaşır, gözləri şişir və yumulur, burun dəliklərindən selikli-serozlu maye axır, bədən temperaturu 44 dərəcəyədək yüksələrək qısa müddətdə (24-72 saat) tələf olurlar.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
2
musavat.com

3Mənbələr