AZ

Səfir: ADA Universitetində keçirilən festivalda mədəniyyətimizi paylaşmaq böyük fürsətdir

Bakı, 7 iyun, AZƏRTAC

Biz dördüncü dəfədir ki, bu festivalda iştirak edirik. Bununla yanaşı, festival ADA Universitetinin digər səfirliklərlə əməkdaşlığı çərçivəsində keçirilən beynəlxalq tədbirdir. Festivala qatılmaq bizim üçün də çox maraqlıdır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində ADA Universitetində keçirilən 12-ci beynəlxalq festivalın iştirakçısı, Venesuelanın Azərbaycandakı səfiri Kristofer Alberto Martinez Berrotera söyləyib.

“Bizim üçün festivalda Azərbaycan xalqı ilə, həmçinin digər ölkələrdən gəlmiş tələbələrlə mədəniyyətimizi bölüşmək çox böyük fürsətdir”, - deyə səfir vurğulayıb.

Ölkəsinin stendi barədə məlumat verən səfir deyib: “Biz festivala dequstasiya üçün qəhvə gətirmişik. Bu, Venesueladan gətirilmiş qəhvədir. Həmçinin digər qida məhsulları var. Tədbirdə Venesuelanın faunasını da nümayiş etdiririk. Təqdim olunanlar arasında Venesuelandan heyvan fiqurları da var. Bununla yanaşı, Venesuela üçün çox önəmli olan meyvə fiquru da var. Venesuelanın bir neçə milli musiqi aləti festivalda nümayiş olunur”.

Qeyd edək ki, iyunun 7-də ADA Universitetinin Beynəlxalq əlaqələr şöbəsi, ADA Universiteti Fondu və “Kolin İnşaat Şirkəti”nin dəstəyi, eləcə də “OCAQ” Teatr Cəmiyyəti, “Topçubaşov” adına beynəlxalq təqaüd proqramı və “ESN ADA Baku” tələbə klublarının birgə əməkdaşlığı çərçivəsində 12-ci beynəlxalq festival keçirilib. Ənənəyə çevrilmiş bu maraqlı festivalda 39 ölkənin səfirləri, xarici dövlətlərin ölkəmizdə akkreditə edilmiş səfirliklərinin nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları, yerli və xarici tələbələr iştirak ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
1
azertag.az

2Mənbələr