AZ

“Naxçıvan Muxtar Respublikasının yaranması: keçmişdən bu günə və sabaha” mövzusunda elmi konfrans keçirilib

Naxçıvan, 7 iyun, AZƏRTAC

İyunun 7-də Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti, AMEA Naxçıvan Bölməsi və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının yaranması: keçmişdən bu günə və sabaha” mövzusunda elmi konfrans keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, konfransda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, məlum olduğu kimi, ötən ilin dekabrın 30-da “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalayıb. Həmin Sərəncamda Naxçıvanın keçdiyi tarixi inkişaf yolu göstərilməklə bərabər, ölkəmizin ictimai-siyasi, sosial, iqtisadi, mədəni həyatında oynadığı rol da geniş təhlil edilib. Sərəncamda qeyd olunduğu kimi, tarixin müxtəlif mərhələlərində ölkəmizin qeyd olunan inkişaf sahələrində Naxçıvan özünəməxsus mövqeyə və əhəmiyyətə malik olub.

İsmayıl Hacıyev bildirib ki, Naxçıvanın inkişafında Ulu Öndərin mühüm xidmətləri olub. Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Naxçıvanın hərtərəfli inkişafına diqqət yetirilib və Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasına Naxçıvandan başlanıb. Məhz Ulu Öndərin həyat fəaliyyətinin Naxçıvan dövrü, bütövlükdə müstəqil Azərbaycanın taleyüklü dövrünü əhatə edir. Dahi rəhbərin həmin illərdə qəbul etdiyi tarixi qərarlar Azərbaycanın gələcək inkişafına, mədəni-tarixi dəyərlərimizin yaşadılmasına, daha da möhkəmləndirilməsinə hesablanmış mühüm addımlar idi.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov konfransda iştirak edən elm adamlarını doğma Naxçıvanda gördüyündən məmnunluğunu ifadə edib. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi silsilə tədbirlərlə qeyd edilir. Məhz bu gün keçirilən konfrans da həmin silsilənin davamıdır. Şübhəsiz ki, Naxçıvan Muxtar Respublikası barədə danışarkən hər kəsin ağlına ilk öncə Ulu Öndərin misilsiz xidmətləri gəlir. Ötən ilin ortalarından Naxçıvanın yeni inkişaf mərhələsi ilə bağlı çox ciddi prioritet istiqamətlər müəyyən edilib. Belə ki, Prezidentin muxtar respublikanın inkişafı istiqamətində həyata keçirdiyi işlər Naxçıvanın aqrar sənaye inkişafı, logistik potensialının yerli səviyyədən regional səviyyəyə qaldırılması, “yaşıl enerji” potensialının yüksəldilməsi və turizm potensialının inkişaf etdirilməsidir. Naxçıvanın logistik potensialının inkişafı Naxçıvanın yalnız yerli yox, o cümlədən Zəngəzur dəhlizinin açılması Şərq-Qərb dəhlizinin və ümumilikdə, kontinentin logistik marşrutlarının yenidən formalaşdırılması olduqca əhəmiyyətlidir. Tranzit dəhlizlərin ölkəmizdən keçməsi, o cümlədən perspektivdə Naxçıvan Muxtar Respublikasından keçməsi yalnız iqtisadi səmərə yox, gələcəyin təhlükəsizliyi və əhalinin rifahı ilə nəticələnəcək.

Ceyhun Cəlilov diqqətə çatdırıb ki, Prezidentin Naxçıvanın perspektivi barədə müəyyən etdiyi digər istiqamət isə “yaşıl enerji” ilə bağlı potensialıdır. Artıq ötən bir il ərzində bir çox anlaşma memorandumları imzalanmış, Naxçıvanın günəş və külək enerjisi resurslarının ixrac potensialı ilə bağlı bir çox məsələlər müəyyən edilmişdir. Yaxın günlərdə ölkə və Naxçıvan ictimaiyyəti mühüm tədbirlərin şahidi olacaqdır. Sözsüz ki, qeyd olunan istiqamətlər, ümumilikdə, Naxçıvanın yaxın və uzaq gələcəyinin perspektivlərini müəyyən edir.

Baş nazir vurğulayıb ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” 11 prioritet istiqaməti müəyyən edir. Bu perspektiv üzrə konkret tədbirlər və nəzərdə tutulan layihələrlə bağlı tapşırıqlar artıq müəyyən edilib. Həmin prioritetlərə nəzər salsaq birinci məqam Naxçıvanda əlverişli biznes mühitinin formalaşdırılması, institusional inkişafın həyata keçirilməsi, infrastrukturla bağlı məsələlər, o cümlədən vacib məqam olan kadr potensialının gücləndirilməsi, turizm, səhiyyə, sosial, kənd təsərrüfatı və digər sahələrlə bağlı geniş tədbirlərin həyata keçirilməsidir.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, Naxçıvan Muxtar Respublikasının 100 ilinin yarıdan çoxu Ulu Öndərimizin fəaliyyəti ilə bağlıdır. Bu gün Naxçıvan, sözün əsl mənasında, yeni mərhələdə özünün fərqli inkişaf dövrünü yaşayır. Bu inkişaf dövrünün şahidləri isə bizlərik. Ulu Öndərimizin Azərbaycan haqqında, Naxçıvan haqqında arzuları, planları onun layiqli davamçısı, dövlət başçısı tərəfindən uğurla reallaşdırılır. Ölkə başçısının Naxçıvanın çiçəklənməsi uğrunda mühüm qərarlarından biri də muxtar respublikada müasir idarəetmə sisteminin tətbiq olunmasıdır.

Konfransda AMEA-nın prezidenti İsa Həbibbəyli “Naxçıvan Muxtar Respublikasının inkişafı: tarix və müasirlik” mövzusunda çıxış edərək Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli Sərəncamını Naxçıvan Muxtar Respublikasına göstərilən qayğının təzahürü kimi qiymətləndirib. Qeyd olunub ki, həmin Sərəncam Naxçıvanın muxtariyyət tarixinin və inkişaf yolunun müstəqillik ideyaları əsasında Azərbaycançılıq mövqeyindən yenidən öyrənilməsinə mühüm stimul verir. Bu qayğı Naxçıvanın yeni dövr inkişafını istiqamətləndirir, onun sabahını daha aydın təsəvvür etməyə imkan verir. Bu gün keçirilən elmi konfransın mühüm əhəmiyyət kəsb etdiyini deyən akademik İsa Həbibbəyli özünün yeni dövrünü yaşayan Naxçıvan Muxtar Respublikasının gələcək perspektivlərindən danışıb.

Sonra Ali Attestasiya Komissiyasının sədri, iqtisad elmləri doktoru Famil Mustafayevin “Naxçıvan Muxtar Respublikasının elmi müəssisə, təşkilat, ali təhsil müəssisələrində yüksəkixtisaslı mütəxəssislərin hazırlanması: uğurlar, nailiyyətlər”, Türkiyə Cümhuriyyəti Milli Savunma Universitetinin Kara Harp Okulu dekanı, tarix elmləri doktoru, professor İbrahim Ethem Atnurun “Naxçıvan Muxtar Respublikası yetirmələrinin fizika sahəsində əldə etdiyi nailiyyətlər”, Qars Qafqaz Universiteti, tarix elmləri doktoru, professor Selçuk Uralın “Azərbaycanın bağımsızlık sürəcində Naxçıvandakı gəlişmələr” mövzularında çıxışları dinlənilib.

“Naxçıvan Muxtar Respublikası-100” sənədli televiziya filminə baxış olub, Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinin xalq çalğı alətləri orkestrinin konserti nümayiş etdirilib və Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bir qrup elm adamına Ali Attestasiya Komissiyasının sədri tərəfindən diplomlar təqdim edilib.

Konfrans bölmə iclasları ilə davam edib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
azertag.az

1Mənbələr